Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2010/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: əmək haqqı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2018-ci ildən "xxxx" MMC-də Sürücü kimi işə başlamışdır və bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə işçinin əmək haqqı 630 manat olmuş və iş və istirahət vaxtı belə müəyyən edilmişdir ki, işçi gündə 7 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir, 6 günlük iş həftəsi müəyyən edilir, işçi əmək funksiyasını əlavə olunmuş iş saatı qrafikinə əsasən həyata keçirir, işçinin iş vaxtı şirkət işçilərinin işə gəlməsi və işdən çıxan işçilərin aparılması zamanından ibarətdir, işçinin gün ərzində qalan boş vaxtları onun istirahət vaxtı hesab olunur və işçi istirahət vaxtından öz istədiyi kimi istifadə etməkdə sərbəstdir, nahar və istirahət vaxtı 13:00-dan 14:00-dəkdir, istirahət günləri hər həftənin bazar və iş günü hesab edilməyən tətil günləridir, işçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdə ikiqat artıq məbləğdə haqq ödənilir.
2. İşçi ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
3. İşçi işdən çıxdıqdan sonra əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş və işəgötürənin direktoru barəsində İXM-nin 192.4 və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
4. İddiaçı tələbində pandemiya dövrü ilə əlaqədar 2020-ci ilin mart ayından etibarən 2021-ci ilin avqust ayınadək iş günü hesab edilməyən bayram günlərində və istirahət günlərində artıq iş saatlarına cəlb edilməsi ilə bağlı əmək haqqının tutulmasını xahiş edir.
5. Bununla bağlı işəgötürəndən sənədlər tələb edilmiş və mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmişdir. Lakin ekspertin bayram və istirahət günlərində işə çıxma barədə əmrlərin, məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri barədə əmrlərin, iş rejiminin günlər üzrə qrafikinə dair cədvəllərin, həmin dövr üzrə yol vərəqələrinin surətinin təqdim edilməsi barədə vəsatəti işə götürən tərəfindən təqdim edilmədiyindən ekspertiza aparılmasından imtina edilmişdir. İşəgötürənin nümayəndəsi iş qrafikinin və yol vərəqələrinin verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, onlar əslində “Coca-Cola” şirkətinin işçilərinə nəqliyyat xidməti göstərirlər və avtobuslar “Coca-Cola” şirkətinin işçilərinin qrafikinə uyğun fəaliyyət göstərmişdir, bundan başqa yol vərəqələri 1 aylıq verildiyindən mütəmadi olaraq yenilənmiş və əvvəlkilər qalmamışdır.
6. İşin mübahisəsiz halı kimi müəyyən edilən digər məqamlar ondan ibarət olmuşdur ki, “Coca-Cola” şirkəti daimi olaraq fəaliyyət göstərmiş və iş qrafiki 3 növbəli rejimlə tənzimlənmişdir. Bundan əlavə işçinin bayram günləri və istirahət günləri işə çıxması mübahisə doğurmur, belə ki, işəgötürən tərəfindən bayram və istirahət günlərində işə cəlb edilmiş işçiyə əlavə əmək haqqı ödənilmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfndən ona əmək haqqının düzgün ödənilməməsi ilə bağlı qalıq 3120 manat məbləğində əmək haqqının, ödənilməmiş məzuniyyət üzrə pul əvəzinin son haqq-hesabın və əlavə iş saatlarının hesablanaraq ödənilməsinə və mediatora ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı 36 gün qeyri iş-bayram günləri hər gün 8 saat olmaqla, 88 gün üçün 3696 manat, şənbə günləri əlavə iş vaxtından əlavə işlərə cəlb edilməklə bağlı 287 manat, cəmi 3980 manat tutularaq ödənilməsi və mediatora ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmiş əmək müqaviləsinə əsasən sürücü kimi işə qəbul edilmiş və hər ay 630 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əvvəlcədən razılaşdırılmış qaydada cədvələ uyğun olaraq işçiləri müəssisədən "20 Yanvar" metrostansiyasına, oradan da müəssisəyə aparmalı idi. Axşamlar 23:30 radələrinədək işləmişdir. İşə qəbul edildikdən sonra, işlədiyi müddət ərzində ona əmək haqqı tam şəkildə verilməmişdir. Yəni əmək haqqı düzgün hesablanmamışdır və müqavilədə nəzərdə tutulmuş məbləğ tam ödənilməmişdir. O, dəfələrlǝ bu barədə bildirdikdə müxtəlif bəhanələrlə onu aldatmış, ödəniləcəyini bildirmişlər. İşə qəbul edildikdən sonra işlədiyi müddət ərzində ona 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayınadək 13027,5 manat əmək haqqı karta köçürülmüşdür. Ona ödənilməli olan əmək haqqı 10080 manat təşkil edir. Cavabdeh tərəfindən 2947 manat əlavə iş saatlarına görə ödənilmişdir. Qeyd edir ki, əlavə iş saatlarında da işləmiş, mütəmadi olaraq bayram günləri, istirahət günlərində işləmiş və bu əlavə iş saatları ilə bağlı da heç bir ödəniş edilməmişdir. Onun məzuniyyət hüququnun yaranmasına baxmayaraq məzuniyyət haqları da hesablanıb ödənilməmişdir və işdən çıxarkən də məzuniyyətlər üzrə pul əvəzi verilməmişdir. 2020-ci ilin mart ayından pandemiya ilə bağlı metro işləmədiyindən əlavə marşrutlarda - Sumqayıt, Masazır, Saray, Xırdalan, Müşviqabad, Qobu və Mehdiabada işçiləri aparıb gətirmişdir. Bu əlavə iş saatlarının hesablanıb veriləcəyini bildirsələr də nəticəsiz qalmışdır. O, 52 gün istirahət günü, 36 gün qeyri iş-bayram günləri işləməyi və hər gün 8 saat olmaqla, 42 manat və 88 gün üzrə ümumilikdə ona 3696 manat ödənilməli idi. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir, lakin əmrin surəti ona təqdim edilməmişdir. O, işdən çıxarkən qalıq əmək haqqının verilməsini, məzuniyyət üzrə pul əvəzinin ödənilməsini, əlavə iş saatlarına görə ödənclərin və son haqq hesabın verilməsini tələb etmişdir. Lakin verilməmişdir. O, hüquqlarının pozulması ilə bağlı Dövlət əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, verilmiş cavabda onun iş vaxtının uçotu tabellərindən normal əmək və istirahət rejiminin pozulduğu, artıq iş saatlarına görə əmək haqqımın düzgün hesablanıb ödənilmədiyinin müəyyən edilməsi və cəmiyyətin direktoru V.Şamilov barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4. və 198.1.5. maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilməsi göstərilmişdir. Cavabdehdən ödənilməmiş qalıq əmək haqqına görə 3120 (üç min bir yüz iyirmi) manat tutulmalıdır həmçinin məzuniyyət əvəzi pul kompensasiyası, əlavə iş saatları və son haqq hesab hesablanmaqla ona verilməlidir. Qeyd edir ki, cavabdeh tərəfin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir və mediasiya sessiyasının davam etdirilməsi barədə razılıq əldə edilməmişdir, Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmişdir. 29 mart 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" MMC-dən 916(doqquz yüz on altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 90.2, 90.3, 95.1, 99.1, 100.1, 102.1, 104.1, 107, 108.2, 109, 164.1, 165.1, 195-ci maddəsinin «d» bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının irəli sürdüyü ehtimallara əsaslanmış, yazılı sübutlara düzgün hüquqi qiymət vermək yerinə iddiaçının ehtimallarına əsaslanaraq yazılı sübutları təkzib etmişdir. Bunu edərkən isə məhkəmə öz daxili inamına əsaslanmışdır. Halbuki, məhkəmə mülki işə işdə olan sübutlar əsasında baxmalı və buna uyğun qərar qəbul etməlidir. Məhkəmə qətnamə ilə gəldiyi nəticəni əldə edərkən heç bir yazılı sübuta istinad etməmiş, bunun əksinə iddiaçının irəli sürdüyü ehtimallara əsaslanaraq hesab etmişdir ki, işçi əlavə olaraq 121 saat artıq işlədilmişdir. Hətta iş materiallarında olan cədvəllərdə iş saatı 5 saat yazılan cədvələ münasibət bildirərək qeyd etmişdir ki, işçinin 5 saat işlədilməsi inandırıcı deyil. Eyni xarakterli cədvəldə işçinin 7 saat işləməsinin göstərilməsinə münasibətdə isə yenə qeyd etmişdir ki, bu halın bir gün üçün nəzərdə tutulması inandırıcı deyil. Yəni işdə olan yazılı sübutların hər birini məhkəmə təkzib etməklə qərar vermişdir. Lakin bu təkzib etmənin əsaslarını qeyd etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
17. Maddə 89.Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
18. Maddə 90.2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.
19. Maddə 90.3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
20. Maddə 95.1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
21. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
22. Maddə 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
23. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
24. Maddə 104.1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.
25. Maddə 107. Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
26. Maddə 108.2. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
27. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.
28. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; və.s.
29. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; və.s.
30. Maddə 195 «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
31. Maddə 292. 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
32. Maddə 292. 2-ci bəndinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, yalnız iddianın təmin olunduğu hissədə yoxlanılır. Başqa sözlə qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırkı apellyasiya baxışının predmetinin təşkil etmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövr daxil olmaqla pandemiya dövründə işçi gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdir. Məlumdur ki, həmin müddət ərzində, xüsusilə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılmış, bəzi hallarda tamamilə qadağan edilmişdir. “Coca Cola” şirkətinin istehsal fəaliyyətinin xarakteri nəzərə alındıqda işçilərin çoxnövbəli rejimlə fəaliyyət göstərməsi anlaşılan olduğu kimi, ictimai nəqliyyatın vaxtla məhdudlaşdırıldığı və bir çox hallarda qadağan edildiyi dövrdə iddiaçının sürücü kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş olması da başa düşüləndir.
44. Belə ki, iş materiallarında olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli sürücülərin iş qrafiki cədvəlindən görünür ki, saat 06.20-dən 22:20-dək 3 növbəli iş rejimi ilə çalışan “Coca-Cola” şirkətinin işçilərinin evə çatdırılmasını 2 sürücü həyata keçirmişdir.
45. İddiaçının tələbini iş günü hesab edilməyən bayram günlərində və istirahət günlərində iş vaxtından artıq iş vaxtına görə əməyin ödənilməsi təşkil etmişdir. Yəni iddiaçı iş günlərində ona ödənilən əmək haqqının məbləği ilə və dolayısı ilə həmin günlərdə iş vaxtı ilə razılaşmışdır.
46. Belə ki, işəgötürən tərəfindən 2020-ci ilin mart ayından 2021-ci ilin avqust ayınadək olan müddət üçün təqdim edilən tabel cədvəlindən görünür ki, bəzi həftələrdə işçi bazar günü işə çıxmış və 7 saat iş vaxtına görə əlavə əmək haqqı almış, bəzi həftələrdə bazar günləri istirahət etmiş, bəzi həftələrdə iş günü hesab edilməyən bayram günlərində işlədiyinə görə əlavə əmək haqqı almış və bundan əlavə işəgötürənin hesabına məzuniyyətdə olmuş, xəstəliyi ilə bağlı işə çıxmamış və s. hallar olmuşdur.
47. İddiaçı bayram günlərində və istirahət günlərində 7 saatdan artıq işləməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş və iş günlərində iş saatlarından artıq işləməyi ilə bağlı tələb irəli sürməməklə, faktiki olaraq 7 saatlıq iş qrafiki ilə razılaşmışdır.
48. Kollegiya hesab edir ki, qeyd edilən dövr üzrə tabel cədvəlində həftənin şənbə günü işçiyə bir qayda olaraq 5 saat iş vaxtına görə əmək haqqı ödənilmişdir. Hansı ki, sürücülərin yuxarıda qeyd edilən iş qrafikindən görünür ki, sürücünün işə çıxma saatları dəyişsə də, onların daşıdığı sərnişinlərin (“Coca-Cola” şirkətinin işçilərinin) iş qrafiki dəyişməmişdir. Bundan başqa qeyd edilən tabel cədvəlində bayram günləri və bazar günləri davamlı olaraq 7 saatlıq iş vaxtına görə əmək haqqı ödənilmiş olsa da, yəni iş rejimi 7 saat olsa da, həftənin şənbə günü üçün bir qayda olaraq 5 saatlıq iş qrafikinin müəyyən edilməsi inandırıcı deyildir. Bununla yanaşı xx.xx.2021-ci il tarixdə, yəni həftənin şənbə günü 7 saatlıq iş qrafikinin müəyyən edilməsi digər şənbə günlərində formal olaraq 5 saatlıq iş rejiminin müəyyən edildiyi barədə məhkəmənin qənaətini gücləndirir.
49. Kollegiya bildirir ki, cavabdehin nümayəndəsi iddiaçının tələbinə uyğun halları təkzib edən və xüsusilə həftənin şənbə günləri ilə bağlı təsdiq edilmiş sürücülərin iş qrafiki barədə sübutlar təqdim etməməklə etirazının dəlillərini sübut edə bilməmişdir.
50. Odur ki, işçinin həftənin şənbə günləri digər iş günlərində olduğu kimi 7 saatlıq iş qrafiki ilə fəaliyyət göstərdiyi qəbul edilməli və 2020-ci ilin aprel ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla keçən müddət üçün ödənilməyən iş saatlarına görə əmək haqqı hesablanılmaqla işçiyə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün qəbul olunmalıdır.
51. Məhkəmənin hesablamasına görə 2020-ci il üçün 75 ( aprel-8, may-15, iyun8, iyul-6, avqust-10, sentyabr-6, oktyabr-10, noyabr-4, dekabr-8 saat) saat, 2021-ci il üçün 46 (fevral-8,mart-8, aprel-8, may-6, iyun-8, iyul-8 saat olmaqla) saat iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödənilməlidir. 36. Bu isə işəgötürənin işçiyə hesabladığı 26.5 manat orta günlük əmək haqqı məbləği nəzərə alındıqda, 121 saat iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının məbləği 916( 26.5:7x121x2) manat təşkil edir.
52. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
55. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.