Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2012/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment və əlavə xərcin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının portalından çıxarışın məzmunundan görünür ki, Maraqlı şəxs İ qrup əlildir. Xəstəlik diaqnozu “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, autizm əlamətləri ilə nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqlarından ibarətdir.
2. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)-525/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 27 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi olaraq qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) xx.xx.2002-ci il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə İddiaçı ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9790/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış Maraqlı şəxs saxlanması üçün hər ay 1500 (bir min beş yüz) manat aliment və əlavə xərc tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 dekabr 2001-ci il tarixində Nizami Rayon Qeydiyyat Şöbəsində qeydiyyatdan keçərək rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs və 27 fevral 2009-cu il təvəllüdlü Orucov İnal llham oğlu anadan olmuşdur. Bir müddət sonra ailə həyatında problemlər yaranmış və ailə münasibətləri pozularaq məhkəmə qərarı ilə nikah pozulmuşdur. Belə ki, yetkinlik yaşına çatmış Maraqlı şəxs doğuşdan etibarən ağır autizm, ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin və digər davranış pozğunluqları olan ağır xəstədir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. Maraqlı şəxs danışa, ona verilmiş tapşırıqlara adekvat reaksiya göstərə bilmir və daima baxıma, xüsusi qulluğa ehtiyacı vardır. Bildirir ki, həmişə həyatı üçün təhlükəli əşyalara toxunma riski böyük olduğu üçün Maraqlı şəxs bir dəqiqə belə olsun diqqətdən kənarda qoymaq mümkün deyildir, daimi psixoloq və xüsusi pedaqoqlar tərəfindən nəzarət lazım olur və Maraqlı şəxs da istisnasız, mütəmadi olaraq psixoloq və xüsusi pedaqoqlar tərəfində nəzarət altında saxlanılır. Həmçinin qeyd edir ki, İddiaçı Azərbaycan dili müəlliməsidir və təkcə psixoloq və xüsusi pedaqoq dəstəyi üçün aylıq təxmini 1000-1500 azn civarında (zamana görə dəyişir) vəsait lazım olur, övladı üçün hərşeyi eləməyə çalışır. Fəridi bir an gözdən qoymaq olmur, yaşadıqları 4 mərtəbəli binanın pəncərəsindən baxmağa meyillidir, bu da böyük təhlükə yaradır. Buna görə də ana məktəbdə olarkən Fərid üçün individual baxıcı nəzarət edir ki, ona da aylıq 500 azn ödənilir. Bundan başqa Fərid daima paltarlarını və corablarını əlləri ilə didərək cırıb tökür və mübaliğəsiz qeyd olunmalıdır ki, hər həftə ona yeni paltarlar alınması mütləqdir. Həmçinin xüsusi yeməklərlə qidalanır, şəxsi gigiyenası başqası tərəfindən həyata keçirilir. Evdə üzünün qırxılmasına imkan vermədiyi üçün ay ərzində azı 8 dəfə bərbərxanaya aparılır. Eyni zamanda, Fəridin sağlamlıq durumu ilə bağlı onu mütəmadi açıq havaya, parklara aparmaq lazım olur. Bu isə təbii ki, müəyyən izafi xərclərə yol açır. Maraqlı şəxs yaşı artdıqca bu xərclər və çəkilən əziyyət, çətinlik də düz mütənasib olaraq artır. İddiaçı bir ana kimi bütün yükü çəkir. Böyük maddi vəsaitdən başqa ondan heç də geri qalmayan mənəvi ağırlıq da ananın üzərindədir. Yəni hər iki valideyin uşağın üzərində məsuliyyəti olduğu halda, bütün maddi və mənəvi yük sadəcə İddiaçı (ana) tərəfindən həyata keçirilir və hazırda iddiaçı lazım olan bütün xərcləri qarşılaya bilmir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Fərid kimi analoji xəstələrin sağalması və ya ən azından əmək qabiliyyətinin qismən bərpa olunması üçün tibbi-psixoloji prosedurlarin keçirilməsi labüddür. “Holcim” şirkətində rəhbər vəzifədə çalışan Cavabdeh bu vəsaitləri ödəmək üçün lazım olduğundan qat-qat artıq maddi imkanı və qazancı vardır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 78.2 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialında olan rəyin məzmunundanda görünür ki, Maraqlı şəxs sözügedən xəstəliyin xarakteri ondan ibarətdir ki, ona daim xərc tələb edən qulluq və müalicənin həyata keçirilməsi zəruridir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiacı İddiaçı iddiasının təmin edilməməsi Maraqlı şəxs bütün müalicə və ona qulluq xərclərinin anası İddiaçı üzərinə qoyulmasıyla nəticələnəcəkdir ki, belə olan halda 1-ci qrup əlil olan Maraqlı şəxs müayinə və müalicəsinin lazimi şəkildə təşkil olunmasının qarşısı alınmış olacaqdır. Bu isə Maraqlı şəxs Konstitusiya ilə təsbit olunmuş əsas hüquqlarından olan “Layiqli həyat səviyyəsinin” təmin edilməsinə xidmət etmiş olmur. Lakin hazırki vəziyyətdə Maraqlı şəxs bütün zəruri xərclərinin böyük hissəsi anası İddiaçı üzərində qalmış olur ki, belə olan hal yuxarıda qeyd edilən Konvensiyanında tələbləriylə də ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiacı İddiaçı aliment ödənilməsi barədə Maraqlı şəxs çəkilən xərclərin artmasına dair hər hansı sübut təqdim edə bilməmiş və Nərimanov məhkəməsinin 2(005)-2791/2021-saylı qətaməsi ilə Maraqlı şəxs əmək qabiliyyəti olmadığı üçün Cavabdeh tutulan 200 manat məbləğində aliment məbləğini Maraqlı şəxs saxlanması üçün kifayət hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi hansı səbəbdən 200 manat aliment ödənişinin fəaliyyət qabiliyyəti olmayan birinci qrup əlil olan şəxsin saxlanmasına kifayət etməsi nəticəsinə işin hansı müəyyən olunmuş halına görə gəlməsini əsaslandırmamış və beləliklədə işin faktiki halları barədə yanlış nəticəyə gəlməklə iddia tələbini əsassız olaraq təmin etməmişdir. Birinci İnstansiya məhkəməsi digər valideynin əlavə yaranmış xərclərdə iştirakını istisna edən hallar barədə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki,” İş materiallarından göründüyü kimi, uşağın saxlanılması ilə bağlı əlavə xərclərdə iştiraka valideynlərin cəlb olunması isə onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu səbəblə məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllində Ailə Məcəlləsinin 81-ci maddəsinin müddəaları tətbiq oluna bilməz”. Məhkəmə valideynlərin yaranmış və gələcəkdə yarana biləcək əlavə xərclərdə iştirakını onların vəzifəsi kimi deyl hüququ kimi qiymətləndirmiş və həmin əsasla hazırki işə Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiqini istisna etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayəti təmin edilməməsini və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
13. 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
14. 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehin oğlu Cavabdeh birgə nikahından xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs və 27 fevral 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmiş, qətnamənin həmin hissəsi yuxarı instansiya məhkəməsində mübahisələndirilməmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarından görünür ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
27. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.
28. Hazırda İddiaçı Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış Maraqlı şəxs saxlanması üçün hər ay 1500 (bir min beş yüz) manat aliment və əlavə xərc tutularaq ona ödənilməsini tələb edir.
29. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən aliment və əlavə xərc olaraq qeyd etdiyi tələbin göstərilən həcmdə (1500 manat) artmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir.
30. Eyni zamanda qeyd olunmalıdır ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır; işin materiallarına görə isə, cavabdehdən hazırda 200 manat alimentin tutulması barədə iddia təmin olunmuşdur ki, bu da uşağın əvvəlki təminatının saxlanılması üçün kifayətdir. Cavabdehin əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilməmişdir.
31. Hazırkı işin halları baxımından həmçinin müəyyən edilir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 27 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi olaraq qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə İddiaçı ödənilir. Həmçinin xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs ümumi xəstəlik üzrə 1-ci qrup əlillik dərəcəsinə görə 220 manat və əlavə olaraq 130 manat pensiya alır.
32. Göründüyü kimi, hazırkı halda xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs saxlanılmasında cavabdeh iştirak etməklə yanaşı, dövlət təminatı ilə də əhatə olunmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4353/2022 saylı 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.