Məhkəmə qərarları › İş №2(103)-2014/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2014/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2014/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5863/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə X9 xx.xx.1996-cı il tarixində nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra arvada Zərbaliyeva soyadı verilmişdir.

2. xx.xx.2017-ci il tarixdə Göyçay rayonunun Kürd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mətbəxində dəm qazının sızması nəticəsində partlayış baş vermiş, X4 aldığı yanıq yaraları nəticəsində xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

3. Hadisənin baş verməsində təqsirli bilinən X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. X6 təyin olunan əsas cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən olunaraq şərti hesab olunmuşdur. Hökmdən şikayət verilməmişdir.

4. Məhkəmə iclasında İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi olaraq bildirmişdir ki, hazırda X10 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

5. İddiaçı X2 ilə yenidən nikaha daxil olmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X3 Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 40.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə xx.xx.1996-cı il tarixində ailə həyatı qurmuşdur. Bədbəxt hadisə baş verənə qədər onlar Göyçay rayonu Kürd kəndində ona məxsus fərdi yaşayış evində yaşayırdılar. Belə ki, xx.xx.2017-ci il saat 08 radələrində yoldaşı Yeganə 4 gözlü qaz plitəsini alışdırıcı vasitə ilə işə salmaq istəyərkən partlayış baş vermişdir. Bu hadisə baş verdikdən sonra yoldaşını təcili yardım maşını ilə Göyçay şəhər xəstaxanasına çatdırdılar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğuna görə həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə Bakı şəhərində yerləşən Əziz Əliyev adına Az.DHTİ-nin plastik və rekonstruktiv cərrahiyyə klinikasına aparıldı. Plastik və rekonstruktiv cərrahiyyə klinikasında xx.xx.2017-ci il tarixinə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi verdi. Həmin qısa vaxt həm onun, həm də oğlu üçün tərif edilməz iztirablarla keçdi. Ancaq iztirabları son olmadı, Yeganənin almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikası onun həyatına son qoydu. Həm onun, həm də oğlu üçün ağrılı günlər başladı. Yeganə onun üçün vəfalı həyat yoldaşı, bir çox işlərdə yardımçı, dəstək idi. 22 illik həyat yoldaşı yoxluğunu hər gün dərindən hiss edir, keçmiş gözəl günləri xatırlayanda ürəyi ağrıyır. Göyçay Rayon Məhkəməsinin 1(046)-56/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cavabdeh əməkdaşının işinə, səhlənkar, vicdansız, laqeyd münasibət göstərdiyi əməlləri nəticəsində o, 27 illik həyat yoldaşı Yeganəni faciəvi surətdə itirmişdir. Belə ki, hökmdən görünür ki, X11 xx.xx.2015-ci il tarixindən Cavabdeh İB X17 İstismar İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni “X17 İstismarı İdarəsinin təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.15, 1.19-cu bəndlərinə, ”Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, 3.2.7, 3.2.9 və 3.2.10-cu bəndlərinə, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə xx.xx.2015-cı il tarixdə Göyçay rayonu, Kürd kəndində daimi yaşayan X4 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Onların bu xoşbəxt ailə münasibətləri sadə həyatlarındakı ən böyük sevinc qaynağı idi. Bu baxımdan mərhum yoldaşının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq ona dəymiş 40.000 manat məbləğində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməlidir.

8. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsindəki texniki nösanların aradan qaldırılmasına dair ərizə verərək bildirmişdir ki, cavabdehin mərhum yoldaşı plastik və rekonstruktiv cərrahiyyə klinikasında xx.xx.2017-ci il tarixinə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi verdi. Həmin qısa vaxt həm onun, həm də oğlu üçün tərif edilməz iztirablarla keçdi. Ancaq iztirabları son olmadı, 13 dekabra qədər Yeganənin almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikası onun həyatına son qoydu. 21 illik həyat yoldaşı yoxluğunu hər gün dərindən hiss edir, keçmiş gözəl günləri xatırlayanda ürəyi ağrıyır. Cavabdeh əməkdaşının işinə, səhlənkar, vicdansız, laqeyd münasibət göstərdiyi əməlləri nəticəsində o, 21 illik həyat yoldaşını Yeganəni faciəvi surətdə itirmişdir. Belə ki, hökmdən görünür ki, X11 xx.xx.2015ci il tarixindən Cavabdeh İB X17 İstismar İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni “X17 İstismarı İdarəsinin təmirbərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.15, 1.19-cu bəndlərinə, ”Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, 3.2.7, 3.2.9 və 3.2.10-cu bəndlərinə, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə 06 dekabr 2015-cı il tarixdə Göyçay rayonu, Kürd kəndində daimi yaşayan X4 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur.

9. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh İB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Bu səbəbdən, iş üzrə iddia tələbinin 40.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Belə ki, ehtiyyatsızlıqdan bas vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Cavabdeh İB-nın işçisi X5 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varis kimi tanınmış İddiaçı təqsirləndirilən şəxs ilə barışmışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinə verilmiş yazılı ərizədən də müəyyən olunmuşdur ki, o, X10 ilə barışmış, onun təqsirləndirilən şəxs X6 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur Hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 6 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. İddiaçı, 22 illik həyat yoldaşı rəhmətə getdikdən sonra onun yoxluğunu hər gün dərindən hiss etdiyini qeyd etmişdir. Lakin, işin görünən tərəfi odur ki, iddiaçı rəhmətə getmiş həyat yoldaşının boşluğunu aradan qaldırmış, ona qarşı vəfalılığını nümayiş etdirməmiş, 50 yaşından sonra ikinci baharını yaşamaq məqsədilə yenidən evlənmişdir. Rəhmətə getmiş yoldaşı üzərindən iddiaçının pul qazanıb yeni xanımına zadəgan həyatı yaşatmaq istəməsi, yeni xanımına son model mobil telefon alacağı, geyim-libas alacağı, ziyafətlərə və restoranlara qonaq edəcəyi, onun digər emosional ehtiyaclarını qarşılaması və s. kimi belə hallar rəhmətə getmiş həyat yoldaşına qarşı hörmətsizlikdir.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 5863/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 162 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın X18 İstismarı İdarəsinin Göyçay rayonu üzrə təmir-bərpa xidmətinin rəisi X5 əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının arvadının ölməsində cavabdeh təşkilatın işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, deliktin Mahir Məmmədovun əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Beləliklə, cavabdeh təşkilatın işçisi Mahir Məmmədovun törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının arvadının ölməsi və bunun nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi işin mübahisəsiz halıdır.

14. Məhkəmə hesab etmişdir ki, dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25.000 manat pulun tutulması adekvat hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 162 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, təmsil etdiyi təşkilat birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçıya 5.000 manat verilməsinə razı idi. İddiaçı yenidən ailə qurmasını məhkəmədən gizlətmişdir. Hesab edir ki, məhkəmə 10.000 manat məbləğində təzminatın tutulmasını təmin etsə idi, ağlabatan olardı.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh qurum düzgün işini təşkil etsə ölüm hadisələri baş verməz. İddiaçı həyat yoldaşını, uşağının anasını itirmişdir. Bu nəzərə alınmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 25.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti nəticəsində arvadının ölümü ilə bağlı iddiaçı mənəvi sarsıntı keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

31. Birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən arvadının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

32. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərə görə təzminatın məbləğini 25.000 manat müəyyən etməklə aşağıda göstərilən halları nəzərə almamışdır.

33. Belə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(046)-56/2018 nömrəli hökmündən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı həmin cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi olaraq bildirmişdir ki, hazırda hadisənin törədilməsində təqsirli bilinən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının arvadının ölümündən artıq altı il ötmüşdür. Qeyd edilməlidir ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

35. İddiaçının yenidən nikaha daxil olması da mənəvi zərərin təsirinin azalmasına səbəb olan amildir.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, zərərvuranın tərəfindən cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi də təzminatın məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Belə ki, qəsdən törədilmiş cinayət əməli insanı daha güclü mənəvi sarsıntı və iztiraba məruz qoyur. İddiaçının arvadının ölümü isə ehtiyatsızlıqdan baş vermiş cinayət əməli nəticəsində baş vermişdir.

37. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya mənəvi zərərə görə ödənilməli olan təzminat 10.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iddiaçıya şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5863/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 10.000 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 52,5 manatı tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar