Məhkəmə qərarları › İş №2(103)-2017/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2017/2022

05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2017/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı Cavabdeh qarşı “aliment və əlavə xərclərdə iştirak tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 sağalana kimi saxlanılması üçün hər ay 1250 manat məbləğində alimentin və əlavə xərclərdə iştiraka cəlb edilməklə sağalana kimi hər ay 500 manat sabit pul məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30.07.1996-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1, 16.07.2001-ci il təvəllüdlü X4 və 01.08.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)700/2019 saylı, 09.01.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış 30.07.1996-cı il tarixli nikah qeydi ləğv edilmiş, 01.08.2009-cu il təvəllüdlü X5 yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 23.06.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatında xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcalma tutmaları ilə TSEK-in diaqnozu qoyulmuş, ona müddətsiz birinci dərəcəli əllik dərəcəsi verilmiş, bununla da əmək qabiliyyəti olmayan hesab edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh ona ağır xəstə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının maddi təminatının təmin edilməsi prosesində də iştirak edəcəyinə söz verdiyi üçün, ona qarşı aliment tələbi barədə iddia qaldırmamışdır. Sonradan, cavabdeh bu vədindən imtina edərək yetkinlik yaşına çatmış övladının maddi təminatında iştirak etməkdən boyun qaçırmışdır. Yetkinlik yaşına çatmış övladının saxlanılmasında bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təmin edilməsində bəzi problemlər ilə üzləşmək məcburiyyətində qalır. Övladının maddi təminatının təmin edilməsi onunla yanaşı həm də cavabdehin bir valideyn kimi vəzifə borcudur. Bundan əlavə bildirmək istəyir ki, ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 23.06.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatında İddiaçı1 kənar şəxsin qulluğuna və daimi müalicəyə ehtiyacı olması qeyd olunmuşdur. Bu səbəbdən ağır xəstə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladı İddiaçı1 xəstəliyinin müalicəsi və göstərilən kənar xidmətlərinin haqqın ödənilməsi ilə əlaqədar olaraq o sağalana kimi Cavabdeh əlavə xərclərdə iştiraka cəlb olunmalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh minik avtomobillərinin təmiri, yuyulması və servis xidmətləri sahəsində fərdi biznes fəaliyyəti ilə məşğuldur. Bu fəaliyyət nəticəsində aylıq gəliri 5000 manata yaxın məbləğ təşkil edir. Hazırda, cavabdeh ikinci dəfə nikaha daxil olduqdan sonra özünə yeni fərdi yaşayış evi almışdır. Biznes fəaliyyətinin olmasını və onun maddi vəziyyətinin qənaətbəxş olmasını "xxxx" QSC-dən müxtəlif vaxtlarda götürmüş olduğu kredit öhdəlikləri üzrə ödənilmiş aylıq ödənişləri təsdiq edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin və kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar 50 (əlli) manat əlavə xərcin, cəmi 150 (bir yüz əlli) manatın tutularaq İddiaçı2 Ağarza qızına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi qeyriqanunidir, prosessual normaların kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir. Bildirir ki, cavabdeh kimi o, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, məhkəmə bildirişi ona göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq norması pozulmuşdur. Birinci qrup əlil övladı İddiaçı1 baxılması ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ondan 100 manat tutulması qət edilmişdir. Sadəcə olaraq qətnamənin qət etdi hissəsində həmin 100 manatın iddiaçının özü üçün tutulması qeyd eilmişdir. Bakı şəhəri Yasamal Rayon məhkəmənin 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci qrup əlil övladma baxılması üçün 100 manat məbləğ müəyyən edildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi qanuni hesab edilə bilməz və ləğv edilməlidir. Lakin, məhkəmə həmin məsələni araşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1 qəyyumu İddiaçı2 Ağarza qızı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 “kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmaqıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcalma tutmaları” diaqnozu ilə xəstə olmasını, əmək qabiliyyətinin olmamasını və maddi yardıma ehtiyacı olmasını, valideynlərin ailə və maddi vəziyyətini, eləcə də cavabdehdən tərəflərin birgə nikanından anadan olan 01.08.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat, iddiaçının özü üçün 100 manat məbləğində alimentin tutulması barədə məhkəmə qətnaməsini nəzərə alaraq, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşağının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştiraka cəlb edilməli, ondan hər ay uşağın saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment və müalicəsi ilə əlaqədar kənar xidmət haqqının ödənilməsinə görə 50 manat əlavə xərc, cəmi 150 manat pul məbləği İddiaçı2 xeyrinə tutulması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 80, 81, 85, 86, Mülki Məcəllənin 28.8 və Mülki Prosessual Məcəllənin 72.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş Cavabdeh nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5912/2019 saylı, 02.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin məhkəmənin 09.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuş, yetkinlik yaşına çatmayan X6 anası X2 yanında saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.07.2019-cu iltarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumatından görünür ki, İddiaçı1 kəskin nəzərə çarpan imbesillik dərəcəsində, kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə və tez-tez təkrarlanan qıcolma tutmaları diaqnozu qoyulmuş və 1-ci dərəcəli əlillik verilmişdir. İddiaçı2 Ağarza qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilərək 01.08.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat alimentin və iddiaçının özünün saxlanması üçün hər ay 100 manat alimentin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.(İ.vər. 33 - 34) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-823/2020 saylı, 07.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5912/2019 saylı, 02.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh 01.08.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat aliment tutularaq İddiaçı2 Ağarza qızına ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 30 - 32) İş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən 18 iyun 1997-ci il tarixdə verilmiş XX-ЖГ № 414765 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1997-ci ilin iyun ayının 18 günündə 1313 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r.(İ.vər. 6) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 276 nömrəli, 17.10.2019-cu il tarixli, sərəncamının surətindən görünür ki, İddiaçı2 Ağarza qızı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2(004)655/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1997-cu il təvəllüdlü İddiaçı1 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir.(İ.vər. 13) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” 1998-ci il 19 may tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: - yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması; - onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər.” Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində qeyd etdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Rеspublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda Cavabdeh nümayəndəsi və vəkili Vəkil mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti beş min manatdan az (150x12=1.800 manat), yəni 1.800 (bir min səkkiz yüz) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1410/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar