Məhkəmə qərarları › İş №2(103)-2019/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2019/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2019/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X4 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulan zərərə görə 13 000 manat, mənəvi zərərlə bağlı 5000 manat, əldən çıxmış fayda üçün 12 000 manat, ümumilikdə, 30 000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər dəymişdir. Aparılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hadisə nəticəsində həyati əhəmiyyət daşıyan bütün orqanlarında zədələr yaranmışdır. Yaranan xəsarətlərlə bağlı müxtəlif tarixlərdə 3 saylı Şəhər Klinik xəstəxanasında, DİN Hospitalda və DTX HTBİ-də müalicə almış, 26 noyabr 2021-ci il tarixdə sağ bud sümüyünün fiksasiyası və sağ qamış sümüyünün osteosintezi, 25 yanvar 2022-ci il tarixdə sağ bud sümüyü üzərində intramedulyar osteosintez əməliyyatı, 29 mart 2022-ci il tarixdə isə postoperasion orta ventral yırtığın ləğvi üzrə əməliyyat icra olunmuşdur. Hadisədən aylar keçməsinə baxmayaraq, müalicəsi hələ də davam edir. Dəymiş zərər nəticəsində əmək qabiliyyətini tamamilə itirdiyi üçün 1 ilə yaxındır işləmir. Buna görə də heç bir gəlir əldə etmir. Himayəsində 2 azyaşlı uşağın olması, müalicəsinin xeyli xərc tələb etməsi maddi vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Təkcə indiyə qədər müalicəsi üçün 10.000 manata yaxın xərc çəkilmiş, bundan əlavə növbəti əməliyyatı üçün də xeyli xərc çəkiləcəkdir. İş üzrə təqsirləndirilən şəxsin göstərdiyi müəyyən məbləğdə maddi yardım isə müalicə xərclərinin yalnız cüzi bir hissəsini qarşılamışdır. İş üzrə 20 aprel 2022-ci il tarixdə 1(003)-180/2022 nömrəli məhkəmə hökmü çıxarılmışdır ki, bu da vurulmuş zərərə münasibətdə preyudisial əhəmiyyət daşıyır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-4087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, maddi ziyana görə 12 607,87 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 17607,87 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, o, iddiaçı ilə bir məhəllədə böyümüşdür və hadisə baş verən günü müştəri kimi yox bir qonşu kimi yol-yoldaşlıq etmək məqsədi ilə onunla Mərdəkana gəlib və geri qayıdanda ehtiyatsızlıqdan törətdiyi yol nəqliyyat hadisəsi baş verib. Belə ki hadisə baş verdikdən sonra Sabunçu rayon xəstəxanasında 3500 (üç min beş yüz) manat iddiaçının anasına bacısı tərəfindən təqdim edilərək, bütün xərcləri qarşılanıb. Bundan sonra DİN-in Hospitalında DTX HTBİ-də müalicə almağı üçün anası tərfindən yenədə iddiaçının anasına 4000 (dörd min) manat və 25 yanvar 2022-ci tarixdə sağ bud sümüyü üzərində intramedulyar osteosintez əməliyyatına 2500 (iki min beş yüz) manat vəsait xərclənib. Zərərçəkmiş səhhəti ilə bağlı bugün də müraciət etdiyi təqdirdə, ailə üzvləri tərəfindən sağlamlığına tam qovuşması üçün maddi və mənəvi dəstəyin göstərilməsində əlindən gələni əsirgəməz. Mənəvi zərər vurulmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onun məhkum olunmasını, himayəsində iki azyaşlı övladı olmasını, hazırda heç bir yerdə işləmədiyi üçün heç bir qazanc əldə edə bilmədiyini nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər, eyni zamanda iddiaçının əməliyyat edilməsini özləri təşkil edərək lazım olan 5-6 min manat pulu özləri ödəmək istədiklərini, iddiaçının gələcək müalicəsi üçün də sonralar hissə-hissə ödənişlər edə biləcəklərini bildirdilər.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, o, sağlamlığını itirmişdir, cavabdehin günahından gənc yaşlarında həyatı məhv olmuşdur, əmək qabiliyyəti də yoxdur, hazırda işləyə bilmir, bütün bədəni dəmir parçaları ilə doludur, cavabdehlə qonşuluqda yaşasalar da, onun ailəsi bir dəfə onun səhhəti ilə maraqlanmayıb, anası dəfələrlə müraciət etsə də, cavabdeh və ailəsi onun vəziyyətinə biganə qalmışlar, sonuncu dəfə zəruri əməliyyat üçün 5 min manat kömək etməsini xahiş etmişlər, lakin kobud cavab almışlar, onların bu münasibəti onu həddən artıq sarsıtmışdır, ayrı-ayrı vaxtlarda cəmi 1000 manata yaxın maddi vəsait veriblər, lakin növbəti əməliyyatı üçün 7000 manat istəyirlər. Himayəsində iki azyaşlı uşağı var, müalicəsinə də xeyli xərc tələb olunması onun maddi vəziyyətini də ağırlaşdırır, bütün bunlar onun mənəvi iztirab keçirməsinə səbəb olur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.Cəfərova apellyasiya şikayəti ilə razılaşmayaraq, qeyd etdi ki, cavabdeh onlarla qonşuluqda yaşayır, bir dəfə olsun nə ailəsi, nə də özü iddiaçının halı ilə maraqlanmayıb, müalicəsində çox çüzi kömək etmişlər. O, dəfələrlə dövlət orqanlarına müraciət etmiş, əməliyatlarda onlara müəyyən köməklik olunmuşdur, borc-xərc içindədir, hər şeyini oğlunun sağlamlığı üçün sərf etmiş, oğlu ölümdən qurtarmışdır, hələ də onun həyatı üçün təhlükə var, onun müalicəsinə ən azı 10-15 min pul lazımdır, o özü cavabdehin ailəsinə müraciət edərək, gözlənilən əməliyyat üçün heç olmasa, 5 min kömək istəmiş, ona rədd cavabı vermişlər, iddiaçı sağlamlığını itirib, oğlunun himayəsində iki azyaşlı uşaq var, iddiaçının işləyə bilməməsi və müalicə xərcləri ilə əlaqədar maddi ziyanla yanaşı, ciddi mənəvi sarsıntı və iztirab çəkir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdeh ona görə təqsirləndərilmişdir ki, “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə anası X3 məxsus, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mərdəkan-Bakı yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 3-cü kilometrliyində, “SOCAR” yanacaq doldurma məntəqəsinin paralelində, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməmiş, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərək, avtomobilin ön hissəsi ilə yolun sağ tərəfində dayanmış “Şinkar” inşaat şirkətinə məxsus “Liebherr LTM 1160-5” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı Xüsusi avtokranın arxasına çırpıldıqdan sonra, zərbənin təsirindən avtomobil fırlanaraq, arxa hissəsi ilə 1-ci zolaqda hərəkətdə olan X2 məxsus X5 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən deformasiyaya uğrayaraq, avtomobildən qopan ön fara kənarda dayanmış piyada X6 dəymiş və nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş İddiaçı daxili qanaxma, İİİ dərəcəli travmatikhemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirmiş, yolun kənarında dayanmış Vasif Babayevə isə ağrı sindromu və hərəkət məhdudluğu, sağ ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vumaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir.

10. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1501 nömrəli rəyinə əsasən iddiaçının bədəni üzərində daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qara ciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Maddə 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Tətbiq edilən prosessual hüquq normaları:

12. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

13. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, hazırkı işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin təqsirindən iddiaçını İddiaçı daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli zərər vurmaya aid xəsarət yetirilmiş, nəticəsində sağlamlığına ağır zərər vurulmuş, bədənin müxtəlif hissələrindən xəsarətlər almış, stasionar və ambulator müalicələr almışdır, eyni zamanda müalicəsinin davam etdirilməsinə ehtiyac vardır.

16. Cavabdeh apellyasiya şikayətində iddiaçıya müalicə xərclərində maddi yardım etdiyini qeyd etmiş, iddiaçı da ilkin mərhələdə cavabdehin müəyyən xərcləri qarşılamasını təsdiq etmişdir, bunula belə, iddiaçının almış olduğu xəsarətlərlə bağlı müalicəsinin davam etdirməsinə və bir neçə əməliyyat olunmasına ehtiyac vardır və bunu cavabdeh tərəf də qəbul edir. (Hətta bununla bağlı məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə barışıqla bağlı müzakirələr aparılmış, iddiaçı tərəf 10 min manat birdəfəlik, ən azından gözlənilən əməliyyat üçün 6-7 min manatın dərhal, qalan məbləğin isə 3-4 ay müddətində ödənilməsi halında razılığın əldə oluna biləcəyini bildirmiş, cavabdeh tərəf isə həmin məbləği mübahisələndirməyərək, özlərinin tapdığı həkimlə danışıb əməliyyat etməyi, əməliyyat xərcinin, eləcə də tələb olunan digər xərclərin də bilavasitə özləri etmək istədiklərini bildirmişlər. Bu fikir ayrılığı səbəbindən tərəflər arasında barışıq əldə olunmamışdır)

17. Bu baxımdan, rayon məhkəməsi, iddiaçının müayinə və müalicələrinə çəkdiyi xərclərlə bağlı təqdim etdiyi və cavabdeh tərəfin də mübahisələndirmədiyi qəbzlərə əsasən 12607,87 manat maddi ziyana görə iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

18. Cavabdeh apellyasiya şikayətində həm də iddiaçı tərəfindən mənəvi zərərlə bağlı hər hansı sübut təqdim edilmədiyinə istinad edir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

20. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

21. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

22. Beləliklə, kollegiya bildirir ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəyməsi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulması, bunun nəticəsində onun bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsi və hələ də müalicə müayinələrinin davam etməsi işin mübahisəsiz halıdır. Bütün bunlar nəticəsində iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsi də mübahisəsizdir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları baxımından təkcə pozuntu faktının müəyyən olunması, eləcə də zəruri müayinə və müalicə xərclərinin tutulması yetərli sayıla bilməz. Bu baxımdan rayon məhkəməsi həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

24. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə:

25. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar