Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2020/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğlunun iştirakı ilə, İddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğlunun cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğlu – cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “əmək haqqının və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona may, iyun, iyul aylarının əmək haqqını və 45 günlük əmək və əlil məzuniyyət pulu, ayrıca onu ixtisar etdiklərinə görə qanuna əsasən 2 aylıq əmək haqqının və ümumi hesabdan şirkətin ödədiyi 569 manat pulun ona ümumi ödəniləsi məbləğdən çıxılaraq qalan pulun tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuş, İİ qrup əsgər əlilidir, himayəsində 2 övladı vardır. O, 2012-ci ildən hazırki vaxtadək “xxxx” şirkətində işləmiş, o gündən bu günə kimi aylıq əmək haqqı 300 manat olmuşdur. Son illərə yaxın işə təyin etdikləri adminstrator Emil adlı şəxslə onu çox sıxmış, əsəbləşdirmişdir. Belə ki, pandemiya dövründə isə ona mart ayının əmək haqqı verilmiş, daha sonra ona öz hesabına məzuniyyətə qol çəkməsini bildirmişlər. O, isə məzuniyyət kağızına qol çəkməmiş, ona əmək haqqının lazım olduğunu bildirmişdir. Sonra isə ona onda 3 aylıq əmək müqaviləsinə qol çəkməsini bildirmişlər, o, isə 5 ildən çox müddətdir ki, bu şirkətdə müddətsiz müqavilə ilə işlədiyini bildirərək qol çəkməkdən imtina etmişdir. Bir müddət sonra eşitmişdir ki, onun əmək müqaviləsi aprel ayına kimi uzadılmış, o, bunun səbəbini soruşduqda ona texniki səhv olduğunu bildirmişlər. Sonra onlar dövlətin muzdlu işçilər üçün ödədiyi aprel ay üçün 149 manat və may ayı üçün isə 150 manat pulu almışdır. O, əmək haqqı pulunun tam ödənilmədiyini, aprel və may ayında əmək haqqının 50 faizinin ödənildiyini bildirsə də, ona əmək haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, 01 iyul tarixində “xxxx” MMC ona məktub ünvanlayaraq 4 həftədən sonra işdən azad olunacağını bildirmişlər. O, iyul ayının 30-da işdən çıxarıldığını və ona 569 manat pul ödənildiyini bilmişdir. Sonradan iddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğlu iddia ərizəsinə əlavə təqdim edərək, dövlətin muzdlu işçilər üçün sahibkarlara pulun ödənildiyini bildirərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-dən son 01 il üçün 48 günlük əmək məzuniyyətinin, iyun və iyul aylarının əmək haqqının və ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin, o cümlədən əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ona ödənc verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində anadan olmuş, 2 azyaşlı övladı vardır və özü də İİ qrup əlildir. Belə ki, o, 2012-ci ildən “xxxx” MMC-də bilet nəzarəçisi işləmişdir. Onunla müddətsiz əmək müqaviləsi bağlamışdır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, onun məlumatı və xəbəri olmadan əmək müqaviləsi müddətsiz kimi sistemə daxil edilmişdir. Ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar məcburi qaydada onların işləri dayandırılmış və o, işə buraxılmamışdır. Göstərilən tarixdən bugünə kimi onun mart, aprel və may aylarının əmək haqqıları ödənilsə də, iyun, iyul və avqust aylarının əmək haqqları və məzuniyyət pulu ödənilməmişdir. O, müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etdikdən sonra bilet nəzarətçisi peşəsinin qanunvercilikdə müəyyən edilmiş qaydada ixtisar edilməsi barədə xx xxxx 2020-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. İşlədiyi son ilin ona məzuniyyət pulu da verilməmişdir. Onun məzuniyyəti 42 gün, əmək fəaliyyəti isə 10 ildən çox olduğu üçün 6 gündə əlavə məzuniyyət hüququ yaranmaqla, ümumilikdə ona 48 günün məzuniyyət pulu verilməlidir. Bundan əlavə “xxxx” MMC təqsiri üzündən onun əmək haqqı gecikdirilmişdir. Buna görə də, gecikdirilmiş hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ödənc verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğluna cavabdeh “xxxx” MMC tərəfindən ödənilməmiş 21 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin, eləcə də, 2020- ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 159,78 manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilməsi, dövlət rüsumunun (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) 10 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qanunverivciliyə uyğun olaraq 44 gün məzuniyyət verilməli olsa da birinci instansiya məhkəməsi əsassız olaraq bu müddəti 42 gün hesablamışdır. Həmçinin birinci instansiya məhkəməsi onun aylıq əmək haqqının 319,56 manat olmasına baxmayaraq onun xeyrinə 159,78 manat əmək haqqı tutulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Əhmədov Əliabbas Məmmədhəsən oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 55 nömrəli əmək müqaviləsinin: - 1.2 bəndinə əsasən Əhmədov Əliabbas Məmmədhəsən oğlu “xxxx” MMC-də bilet nəzarətçisi vəzifəsinə təyin edilmişdir. - 2.1-ci bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi rəhbər tutularaq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı səbəbinə görə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bağlanılmışdır. İşçinin işə başlama tarixi xx.xx.2017-ci il tarixidir. - 4.1-ci bəndinə əsasən işçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay 319,56 manat məbləğində aylıq vəzifə maaşı müəyyən edilmişdir. - 4.18-ci bəndinə əsasən işçinin iş ilini xx.xx.2017- xx.xx.2018-ci il tarixli dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. - 4.19-cu bəndinə əsasən əsas məzuniyyətinin müddəti 21 təqvim günüdür. 4.20-ci bəndinə əsasən əlavə məzuniyyətlərin müddətləri: - əmək stajına görə əlavə məzuniyyətin müddəti Əmək Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq 2 (və ya 4; 6) təqvim günüdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xxxxMMC ilə Əhmədov Əliabbas Məmmədhəsən oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi elektron sistemdə qeydiyyata alınmış və aylıq əmək haqqı 425,66 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xxxxMMC ilə Əhmədov Əliabbas Məmmədhəsən oğlu arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlandığı və aylıq əmək haqqının 250 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xxxx MMC ilə Əhmədov Əliabbas Məmmədhəsən oğlu arasında bağlanmış əmək müqaviləsinin müddətsiz bağlandığı və aylıq əmək haqqının 319,56 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xxxx MMC ilə Əhmədov Əliabbas Məmmədhəsən oğlu arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək bağlanmış və əmək haqqının 319,56 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 085430 nömrəli vəsiqənin surətindən görünür ki, Əhmədov Əliabbas Məmmədhəsən oğlu İİ qrup əlildir. İş materiallarında olan xxxx MMC üzrə “bəzi işçilərin qrup halında məzuniyyətə buraxılması haqqında” xx.xx.2020-ci il tarixli 0106/b nömrəli əmrdən görünür ki, “Covid-19” pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan işçilərə xx.xx.2020-ci il tarixindən 30 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2907 nömrəli əmrdən görünür ki, xxxx MMC-də bilet nəzarətçisi işləyən Əhmədov Əliabbas Məmmədhəsən oğlu ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xx.xx.2020-ci il tarixində xitam verilmiş, İnsan Resursları üzrə aparıcı mütəxəssisə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasında, elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilmiş və işçiyə onun müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın və istifadə etmədiyi 21 (iyirmi bir) təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi baş mühasibə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Əhmədov Əliabbas Məmmədhəsən oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, xxxx” MMC-nin (bundan sonra Cəmiyyət) rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilərkən son haqq-hesabı ödənilməmiş və xitama aid sənədlər tam təqdim edilməmişdir. Həmçinin, son haqqhesabın ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cəmiyyətin rəhbərliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Onun əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər tam təqdim edilmədiyindən yenidən Cəmiyyət rəhbərliyinə rəsmi müraciət olunmuşdur. Cəmiyyət rəhbərliyi tərəfindən sənədlər təqdim olunduqdan sonra müraciətə baxılmasının nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30- 09/20 nömrəli arayışdan görünür ki, “xxxx” MMC tərəfindən bilet nəzarətçisi vəzifəsində işləyən Əhmədov Əliabbas Məmmədhəsən oğluna 2020-ci ilin yanvar-fevral aylarında 319,56 manat, mart ayında 175,76 manat, aprel-may aylarında 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş son haqq hesab ödəniş cədvəlindən görünür ki, Əhmədov Əliabbas Məmmədhəsən oğlunun hesabına “işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı” kimi 620.08 manat pul köçürülmüş, həmin məbləğdən 3 faiz yəni 48,01 manat DSMF-yə, 05 faiz yəni 3,1 manat işsizlikdən sığortaya ödənilmiş, qalıq məbləğ 568,97 manat Ə.Əhmədova ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, “xxxx” MMC tərəfindən Əhmədov Əliabbas Məmmədhəsən oğlunun kart hesabına 568,97 manat pul köçürülmüşdür. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əhmədov Əliabbas Məmmədhəsən oğlunun “xxxx” MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi reyestrə daxil edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Əhmədov Əliabbas Məmmədhəsən oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli “işçi sayının ixtisarı ilə bağlı” məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Bildirirlir ki, “xxxx” MMC–nin fəaliyyəti yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılmışdır. Bu səbəbdən Cəmiyyətdə çalışan işçilərin sayının və ya ştatlarının ixtisar ediləcəyi zəruriyyəti yaranmışdır. Qeyd edilən səbəbdən əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq tutduğu bilet nəzarətçisi peşəsi qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə münasibətdə bir ildən beş ilədək əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən dörd təqvim həftəsi qabaqcadan çalışdığı bilet nəzarətçisi peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir. Dörd təqvim həftəsi xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa ona imkan yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Əhmədov Əliabbas Məmmədhəsən oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” MMC-nin aktiv bank hesabına 93 nəfər işçisinin əmək müqaviləsi bildirişlərində qeyd edilmiş əmək haqqı məbləğlərinə uyğun olaraq 50337,3 manat məbləğində vəsaitin köçürülməsi təmin edilmişdir. İş materiallarında olan Sosial arayışdan görünür ki, Əhmədov Əliabbas Məmmədhəsən oğlunun 2020-ci ilin yanvar, fevral və mart aylarında olan əmək haqqından ümumilikdə 180,54 manat məbləğində sosial sığorta ödənişi olunmuşdur. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 2012-ci ildən “xxxx” MMC-də bilet nəzarəçisi işləmiş, xx.xx.2020-ci il tarixli 2907 saylı əmri ilə Əmək Məcəlləsinin 70 – ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Əmrin məzmununda iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabının və istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinin İ hissəsinə əsasən i işçilərə beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Həmin normanın 3-cü hissəsinə görə əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir. Kollegiya iddiaçının Əhmədov Əliabbas Məmmədhəsən oğlu İİ qrup əlil olmasını və 5 ildən çox əmək stajının olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 21 təqvim günü üçün əsas məzuniyyətlərinə görə pul əvəzinin verilməsi zamanı göstərilən qanun normasının tələbi pozulmuşdur. Buna görə də məhkəmə iddiaçıya onun müqaviləsinə xitam verildiyi gün istifadə etmədiyi 44 təqvim günü üçün əsas məzuniyyətinə görə pul əvəzinin verilməli olduğu qənaətinə gəlir. Belə ki, iş materiallarında görünür ki, iddiaçı ilə ilk dəfə “xxxx” MMC arasında 2012ci ildə əmək müqaviləsi bağlanmış, sonradan şirkətin adı dəyişdirilərək “xxxx” MMC adlandırılmışdır. Göründüyü kimi iddiaçının cavabdeh şirkətdə 8 ildən çox əmək stajı olmuşdur. İddiaçı ərizəsində 2020-ci ilin mart, aprel və may aylarının əmək haqqları ödənilsə də, iyun, iyul və avqust aylarının əmək haqqlarının ödənilməməsini göstərmiş, lakin konkret olaraq iyun və iyul aylarının əmək haqqının ona ödənilməsini tələb etmişdir. İş materiallarından görünür ki, Əhmədov Əliabbas Məmmədhəsən oğluna 2020-ci ilin mart ayı üçün 175,76 manat, aprel-may aylarında hər bir ay üçün 159,78 manat, iyun ayında 0 manat, iyul ayında isə 620,1 manat ödəniş olunmuşdur. Müəyyən edilmişdir ki, iyul ayında ödənilən 620,1 manat işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya və istifadə olunmayan məzuniyyət haqqı idi. (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) Kollegiya qanunvericiliyin tələbinə əsasən iddiaçıya son haqq hesabın ödənilməsi zamanı qanunla nəzərdə tutulmuş qaydada 44 gün üçün məzuniyyət pulu ödənilməli olduğunu, həmçinin xx.xx.2020-ci il tarixli 2907 saylı əmrə əsasən iyul ayında ödənilən 620,1 manat məbləğin daxilində 21 gün müddəti üçün məzuniyyət pulunun ödənilməsini nəzərə alaraq, belə hesab edir ki, iddiaçıya ödənilməmiş qalan 23 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi cavabdeh tərəfindən ona ödənilməlidir. Kollegiya hesab edir ki, əmək müqaviləsinə əsasən iddiaçının hər ay üçün əmək haqqı aylıq 319,56 manat məbləğində müəyyən edildiyindən, ona 2020-ci il iyun və iyul aylarının əmək haqqı həmin məbləğdə ödənilməlidir. Kollegiya iddianın ştat ixtisarı ilə bağlı əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar 2 aylıq işdənçıxma müavinətinin ödənilməsi ilə bağlı tələbə hüquqi qiymət verərək təmin edilməsini əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətdə bir ildən beş ilədək əmək stajına malik olduğu nəzərə alınaraq ona işçi sayının ixtisarı ilə əlaqədar kompensasiya son haqq hesab olaraq ödənilən 620,1 manat məbləğin daxilində (müvafiq tutulmalar nəzərə alınmaqla 568,97 manat) ödənilmişdir. Kollegiya iddiaçının əmək haqqının gecikdirilməsi ilə əlaqədar hər gün üçün əmək haqqının 0,1 faizi miqdarında ona ödənc verilməsi tələbinə də qiymət verərək əsassız olduğu üçün təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd edilən normanın mənasından aydın olur ki, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi fərdi əmək mübahisəsi yaranmadıqda nəzərdə tutulur. Kollegiya, hazırda tərəflər arasında fərdi əmək mübahisəsi yarandığını nəzərə alaraq iddiaçının bu tələbinin əsassız hesab edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, iddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğluna cavabdeh “xxxx” MMC tərəfindən ödənilməmiş 23 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, eləcə də, 2020- ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 319,56 manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı Əhmədov Əliabbas Məmmədhəsən oğluna cavabdeh “xxxx” MMC tərəfindən ödənilməmiş 23 gün üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, eləcə də, 2020-ci ilin iyun və iyul aylarının əmək haqqının hər ay üçün 319,56 (üç yüz on doqquz manat 56 qəpik) manat olmaqla (müvafiq tutulmalar çıxılmaqla) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2020/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2020/2021
10.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver