Məhkəmə qərarları › İş №2(103)-2026/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2026/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2026/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Məhəmməd Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(009)-1849/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən sağlamlığına vurulmuş 41895,26 manat ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdən keçmiş SSRİ-nin Neft Hasilatı Nazirliyinin tabeliyində olan “Orconikidzeneft” müəssisəsinin Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi işinə qəbul edilməklə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1964-cü il tarixdən həmin müəssisədə 5-ci dərəcəli qazmaçı işinə keçirilmişdir. İşlədiyi müəssisə Suraxanı qəsəbəsi, 3-cü mədən ünvanında yerləşirdi.xx.xx.1964-cü il tarixdə 95 saylı qazma qurğusunda işləyərkən əmək zədəsi almış və fakt sex rəisi A.A.Əliyev və müəssisənin baş mühasibi L.Q.Abbasovun iştirakı ilə “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” tərtib olunmuş xx.xx.1964-cü il tarixli, 10 saylı aktla rəsmiləşdirilmiş, xəstəlik vərəqəsinə əsasən sağ əlin 4-cü barmağında oynaqların əzilməsi diaqnozu qoyulmuşdur. xx.xx.1965-ci il tarixdə 76/111 saylı qazma qurğusunda işləyərkən ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə sol ayağından ağır zədə almışdır. Həmin hadisə yenə də sex rəisi və müəssisənin baş mühasibinin iştirakı ilə tərtib olunmuş “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” xx.xx.1965-ci il tarixli, 2 saylı aktla öz əksini tapmışdır. Xəstəlik vərəqələrinə əsasən ona sol ayağın dayaq hissəsinin əziyi diaqnozu qoyulmuşdur. xx.xx.1967-ci il tarixdə işdən evə qayıdarkən ayağı burxulmuş və o, yerə yıxılmışdır. Nəticədə baş və üz nahiyəsindən zədə almışdır. Səhəri gün vəziyyəti bir qədər də ağırlaşdığı üçün o vaxtki Caparidze adına xəstəxanaya aparılmışdır. Həkimlərin və tərkibində texniki təhlükəsizlik məsələlərinə ictimai-nəzarət nümayəndələrinin olduğu komissiyanın gəldiyi yekun rəyə əsasən alınan bu zədə bir başa bundan əvvəl aldığı zədə ilə başqa sözlə istehsalatla bağlı olmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixli adları qeyd olunan yoldaşların şahidliyi ilə akt tərtib olunmuşdur. Alınan ikinci istehsalat zədəsi xüsusilə ağır idi. Aşağı sol ətrafın topuq-dayaq funksiyaları tamamilə pozulmuşdur. Sosial Təminat Nazirliyi Orconikidze rayon X5 Komissiyası xx.xx.1965-ci il tarixdə ümumi əmək qabiliyyətinin 20%, profesional əmək qabiliyyətinin isə 40% itirilməsi barədə rəy verdi. Növbəti illərdə HƏEK rəylərinə ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% itirilməsi barədə qərarlar çıxarılmış və 1965-1974-cü illər aralığında hər bir dəfə olmaqla komissiyadan keçmişdir. HƏEK-nin xx.xx.1974-cü il tarixli, 159 saylı qərarına əsasən səbəbi əmək zədəsi olmaqla, ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% ömürlük (müddətsiz) itirilməsi barədə rəy verildi. X1 verdiyi rəylərə müvafiq olaraq “Orconikidzeneft” idarəsi tərəfindən hər il müəssisənin təqsiri səbəbindən “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi” ilə bağlı əmrlər verilmiş və nəticədə ona əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmişdir. Bu 1980-ci illərin sonlarınadək davam etmişdir. SSRİ-nin dağılması ilə onun müəssisənin təqsiri üzündən əmək zədəsinə görə aldığı vəsaitin ödənişi də dayandırılmışdır. Hal-hazırda o, həmin illərdə aldığı ağır zədətravmalarından əziyyəti çəkir. İki ilə yaxındır ki, həmin ayaq nahiyələrində şiş və ağırlar olur, yeriməyə çətinlik çəkir. Bildiyi və eşitdiyi qədərilə ona həmin vəsait Azərbaycan Dövləti müstəqillik qazandıqdan sonra da ödənilməli idi. Çünki SSRİ-dən qalan həmin müəssisələrin varisi var. Bu Azərbaycan Dövlət Şirkətdir (SOCAR), lakin ona bu vəsait ödənilməmişdir. O, yuxarıda qeyd olunanlarla bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmişdir. Bundan sonra ona hərtərəfli əsaslandırılmış cavab yalnız ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (xx.xx.2019-cu il tarixli **********8 nömrəli) gəlmişdir. Həmin məktubda “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya səbəbdən həlak olmuş işçinin ailə üzvülərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 5.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsi ətraflı izah olunmuş və irəli sürülən tələblərlə bağlı hüquqi varis Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etmələri məsləhət bilinmişdir. ƏƏSM Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı ərizə onlar tərəfindən xx.xx.2019-cu il tarixdə **********5 nömrəli müşayətedici məktubla birlikdə araşdırma məqsədilə X3 Xidmətinin 4 saylı region üzrə X2 göndərilmişdir. Ona yalnız Nazirliyin 142 qaynar xətt nömrəsinə və Müfəttişliyin şəhər nömrəsinə dair neçə dəfə zəng etdikdən sonra xx.xx.2019- cu il tarixdə **********1 nömrəli məktubla tələbi ilə bağlı araşdırmanın aparıldığı və həmçinin Cavabdehnə onlar tərəfindən məktub ünvanlandığı barədə cavab verildi. Bu məktubda konkret cavab yoxdur, yalnız araşdırma aparıldığı barədə bildiriş var. Bu bildiriş almaq üçün o, yəni 73 gün gözləməli idi. Həmin məktubun sonunda araşdırmanın nəticələri barədə ona məlumat veriləcəyi qeyd edilir. Amma bu günkü tarixədək daha 131 gün keçməsinə baxmayaraq Nazirlik yanında X3 Xidmətindən, nə də onun 4 saylı region üzrə Müfəttişliyindən heç bir cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (SOCAR) da ərizəsinin hara yönəldilməsi, araşdırmanın aparılıb-aparılmaması və s. bu kimi suallarla bağlı cavab ala bilməmişdir. Yalnız Cavabdehndən daxil olmuş xx.xx.2019-cu il tarixli, **********30360424X00014 nömrəli məktubda X3 Xidmətindən onlara yönəldilmiş ərizənin araşdırılması ilə bağlı məlumat vardır. Bundan sonrakı dövrdə bir neçə dəfə Birliyin vəzifəli şəxsləri ilə telefon əlaqəsi yaradılmış, əvvəlcədən onlara göndərilmiş sənədlərin şəkilləri xx.xx.2019-cu il tarixdə votsap vasitəsi ilə bir daha onlara ötürülmüş, xx.xx.2019-cu il tarixdə isə qəbul zamanı sənədlərin əsli yenidən onlara təqdim etmişdir və həmin gün onlara bir daha söz verildi ki, araşdırma aparıb yaxın vaxtlarda tam ətraflı məlumat verəcəklər. Lakin ərizənin SOCAR tərəfindən göndərilməsindən 224 gün, ərizənin Əmək Müfəttişliyi tərəfindən SOCARA yönəldilməsində 204 gün, vətəndaş qəbulundan 83 gün keçməsinə baxmayaraq ərizəsinə bitmiş bir cavab yoxdur. O, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlandığı ərizəsinə axırıncı dəfə xx.xx.2019-cu il tarixdə cavab almışdır. Qanunvericiliyə uyğun olaraq sağlamlığına vurulmuş zərərin əvəzini alınmasını, həmin zərərin ona ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən sağlamlığına vurulmuş 41895,26 manat dəymiş ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(009)- 1849/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının keçmiş “Orconikidzeneft” müəssisəsində Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay ömürlük zərərin əvəzinin ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmamış 1990-cı il tarixdən 2020-ci il tarixədək sağlamlığına dəymiş ziyanın ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı tam təmin edilməməsi ilə hüquqlarını pozmuşdur. Məhkəmə 1990-cı ildən məhkəmyə müraciət etdiyi 2020-ci il tarixədək qeyd etmişdir ki, cavabdeh “Orconikidzeneft” müəssisəsinin hüquqi varisi olduğu üçün iddiaçıya aldığı xəsarətə görə ödənişlərin verilməsinə görə cavabdehlik daşıyır. Lakin bu ödənişlərin əvvəlki dövr üçün də tutulması əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı əmək xəsarəti ilə bağlı kompensasiya almaq üququ olsa da, iddiaçı bu hüquqlarını həyata keçirməmişdir. Bu baxımdan iddiaçının aldığı xəsarətə görə kompensasiya almaq hüququnun yarandığı uzun müddət ərzində və hətta yeni qanunlar qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüququnun reallaşması üçün konkret addımlar atmaması və kompensasiyanın alınması üçün müraciət etməməsi, onun həmin kompensasiya vasitələrinə real ehtiyacının olmadığını təsdiq edən hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmənin səlahiyyəti cavabdehə qarşı yönələn tələb həddi ilə məhdudlaşdırıldığından, iddiaçının özünün öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmadığı bu məsələdə məhkəmənin geniş şərh verməsini və onun əvəzinə təhqiqatlar aparılmasını yolverilməz edir. Bu səbəbdən əvvəlki dövr üçün 41895,26 manat məbləğində pulun tutulması barədə tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının bu hüququ məhkəməyə müraciət etdiyi vaxtdan bərpa edilməli və ona aldığı əmək xəsarəti ilə bağlı kompensasiyanı ödənilməsi cavabdehə həvalə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə onu uzun illər bu məsələ ilə bağlı məhkəməyə və digər səlahiyyətli orqanlara müraciət etməyini iddianın bu hissədə təmin edilməməsi üçün əsaslı hesab etmişdir. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 11 may 1964-cü ildə Suraxanı qəsəbəsi 3-cü mədən ünvanında yerləşən “Orconikidzeneft" müəssisəsində qazma köməkçisi işləyərkən istehsalatla bağlı bədbəxt hadisənin baş verməsi nəticəsində xəsarət almışdır. İddia ərizəsində qeyd olunduğuna əsasən iddiaçı 1980-ci illərin sonlarınadək “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi" ilə bağlı əmək haqqının 25% həcmində kompensasiya ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı uzun illər müxtəlif yerlərdə işləmiş və xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-nin İsmayıllı 10 saylı Yol İstismar İdarəsindən ərizəsinə əsasən işdə azad edilmişdir. İddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “Azneft” İB Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Cavabdehndə iddiaçı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İddiaçı 1980-ci illərin axırınadək əmək haqqının 25% həcmində kompensasiya aldığını, 1990-cı ildən sonra ödənişlərin verilməsi dayandırılmasını qeyd etmişdir. İddiaçı özü öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmamış, iddiaçı həmin ödənişlərin ona verilməsi ilə bağlı işəgötürənə və ya onun hüquq varisinə müraciət etməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman (1965-1974-ci il) qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinə (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) əsasən tənzimlənməlidir. Həmin Məcəlləyə və SSSR-nin Nazirlər Kabinetinin xx.xx.1984-cü il tarixli, 690 saylı “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”ndan görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktik olaraq aldığı pensiyadan artıq olan hissə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1605/202 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1849/2020 saylı iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı, eyni zamanda cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)-5713/2021 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(103)-1605/202 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissədə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)-5713/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən iddiaçıya sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsi nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, iddiaçının aldığı əmək xəsarəti ilə bağlı kompensasiya almaq hüququ olsa da, iddiaçı bu hüquqlarını həyata keçirməmişdir. Bu baxımdan iddiaçının aldığı xəsarətə görə kompensasiya almaq hüququnun yarandığı uzun müddət ərzində və hətta yeni qanunlar qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüququnun reallaşdırılması üçün konkret addımlar atmaması və kompensasiyanın alınması üçün müraciət etməməsi, onun həmin kompensasiya vəsaitlərinə real ehtiyacının olmadığını təsdiq edən hal kimi qiymətləndirilməli və iddiaçının bu hüququ məhkəməyə müraciət etdiyi vaxtdan bərpa edilməlidir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı qanunvericiliyə istinad etmədən yalnız öz mülahizələri ilə əsaslandırmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xəsarət aldıqdan sonra uzun müddət müxtəlif peşələrdə işləmişdir. Belə olan halda iddiaçının itirilmiş əmək qabilyyətinin sonradan bərpa olunub-olunmamasının müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş üzrə İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1962-ci ildə “Ordjonekidzeneft” müəssisəsinin Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1964-cü ildə 5-ci dərəcə qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə 1-ci dərəcə köməkçi işçi vəzifəsinə keçirilmiş, xx.xx.1965-ci ildə yükləyici vəzifəsinə keçirilmiş, xx.xx.1967-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş bədbəxt hadisə ilə əlaqədar tərtib olunmuş xx.xx.1965-ci il tarixli aktlardan görünür ki, xx.xx.1965-ci il tarixdə qazma qurğusunda ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə İddiaçı sol ayağından ağır zədə almışdır. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş X5 Komissiyasının xx.xx.1965-ci il tarixli, xx.xx.1970-ci il tarixli, xx.xx.1971-ci il tarixli, xx.xx.1972-ci il tarixli, xx.xx.1974-cü il tarixli zərər dəyməsi ilə əlaqədar aktın çıxarışlarından görünür ki, İddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, peşə əmək qabiliyyətinin 25% itirməsi barədə rəy verilmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş “Orconikidzeneft” İdarəsinin xx.xx.1965-ci il tarixli, xx.xx.1966-cı il tarixli, xx.xx.1967-ci il tarixli, xx.xx.1971-ci il tarixli, xx.xx.1972-ci il tarixli, xx.xx.1973-cü il tarixli, xx.xx.1974-cü il tarixli əmrlərindən görünür ki, İddiaçı əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmişdir. İş üzrə İsmayıllı rayon X4 Komissiyasının (VTEK) xx.xx.1974-cü il tarixli, 159 nömrəli qərarından çıxarışından görünür ki, İddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, peşə əmək qabiliyyətinin 25% itirməsi barədə rəy verilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixdən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin qaydanın 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixi, 3 nömrəli Qərarının 1.1-ci maddəsinə uyğun olaraq işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir. Eyni zamanda diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Ona görə müraciətində qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsini tövsiyyə olunması göstərilmişdir. İş üzrə “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə aldığı istehsalat xəsarətinə görə SSRİ-nin dağılmasına qədər müvafiq ödənişlər almışdır. Lakin, 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə İddiaçı verilən ödənişlərlə bağlı Cavabdehndə hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda bildirirlər ki, qeyd edildiyi dövrdə istehsalat xəsarətləri ilə bağlı ödənişlərin verilməsi o dövrdə qüvvədə olmuş mülki qanunvericiliklə tənzimlənirdi. Sonradan normativ hüquqi aktlarda dəyişikliklər edilərək müvafiq ödənişlər dayandırılmışdır. Bu səbəbdən də İddiaçı hər hansı köməklik göstərmək imkanları xaricindədir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 4 saylı region üzrə X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı keçmiş SSRİ-nin Neft Hasilat Nazirliyinin tabeliyində olan “Orconikidzeneft” müəssisəsində xx.xx.1964-cü il tarixdə əmək zədəsi aldığı və SSRİ dağıldıqdan sonra zərərə görə ödəncinin ödənilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X3 Xidmətinə ünvanlanmış ərizələrə baxılmış, “Azneft” İB-nin təqdim etdiyi məktubda 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə Cavabdehndə hər hansı məlumatın aşkar olunmadığı bildirilmşdir. Pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçıya məxsus olan əmək kitabçasından görünür ki, o, xəsarət aldıqdan sonra yəni, 1964-cü ildən sonra da əmək fəaliyyəti ilə məşğul olmuşdur, belə ki o, xx.xx.1989-xx.xx.2000-ci illərdə İsmayıllı rayonu MTT və MİB-də maşın traktor parkının texniki xidmət şöbdəsində sürücü-çilingər, xx.xx.2000-10.1.2002-ci illərdə və xx.xx.2010-xx.xx.2012-ci il tarixlərdə 10 saylı Yol-İstismar İdarəsində fəhlə, xx.xx.2012-xx.xx.2014-cü illərdə gözətçi peşəsində çalışmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində İddiaçı dair məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 458-ci maddəsinə əsasən, şikəstlik və sair formada səhhətin pozulması ziyan çəkmiş üçün dövlət ictimai sığorta haqqı verməli olmayan təşkilat və ya vətəndaş tərəfindən vurulmuşdursa, həmin təşkil və ya vətəndaş bu Məcəllənin 442, 443 və 447-ci maddələrinin qaydalarına əsasən ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Həmin Məcəllənin 463-cü maddəsində göstərilən əsaslar üzrə, ziyan çəkmiş şəxsə vurulmuş ziyan üçün ödəmənin miqdarının azaldılması və ya artırılmasına dair tələblər həmin ödəmələri verən hüquqi şəxsin hüquqi varisinə və ya ziyanı ödəmək qət olunmuş hüquqi şəxsin müvafiq hüquqi varisi tərəfindən verilə bilər. Təsviyə edilən hüquqi şəxsin yuxarıda orqanı olmayan hallarda, həmin hüquqi şəxsdən ziyana görə alınmalı olan ödəməni vermək vəzifəsi, təsviyə edilən hüquqi şəxsin əmlakını olan təşkilatın üzərinə qoyulur. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən, hüquqi şəxs yenidən təşkil olunduqda, aylıq ödəmələrin verilməsi (həmin Məcəllənin 464-cü maddəsi) onun hüquqi varislərinə həvalə olunur. Hüquqi şəxs təsviyə edildiyi halda, ziyan çəkmiş şəxsə çatası olan ödəmələr dövlət sığortası üzrə pula çevrilməli və müəyyən edilən miqdarda və qaydada ziyan çəkmiş şəxsə verilmək üçün hüquqi şəxsin orqanlarına verilməlidir. Hüquqi şəxs təsviyə edildiyi halda təsviyə olunmuş hüquqi şəxsin vətəndaşın ölümü və ya səhhətinin pozulması ilə əlaqədar olaraq vurduğu ziyanın ödənilməsi haqqında tələb, yuxarıda təşkilata və ya hüquqi şəxsin təsviyə edilməsinə dair qərarda göstərilən təşkilata verilir. SSSR-nin Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 690 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”ndan görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. “Tibbi-Sosial Ekspert Komissiyaları Haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli Qərarının (hazırda qüvvədən düşmüşdür) 5.2-ci bəndində qeyd edilmişdir ki, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarının (hazırda qüvvədən düşmüşdür) 5.2-ci bəndində qeyd edilmişdir ki, əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1(bir) il müəyyənləşdirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarının 1.7-ci bəndində qeyd edilmişdir ki, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qərarın 1.8-ci bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (İ dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına yuxarıda sadalan hüquq normalarına əsasən qiymət verərək qeyd edir ki, iddiaçı peşə əmək qabiliyyətinin itirilmə müddətinin müəyyən edilməsi üçün hər il tibbi müayinədən keçərək təsdiq etməli olduğu halda, 1965-1974-cü illər aralığında hər il üçün tibbi-sosial ekspert komissiyasından keçmiş, bundan sonrakı illər ərzində isə qanunvericiliyin bu tələbinə əməl etməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının sonradan uzun müddət ərzində ağır zəhmət tələb edən müxtəlif peşələrdə işləməsi onun əmək qabiliyyətinin itirilməsinin təsdiqi üçün hər il tibbi müayinədən keçməməsinin səbəbini izah edir. Belə ki, əmək qabiliyyəti olmayan şəxsin ağır zəhmət tələb edən həmin peşə vəzifələrini (məsələn, sürücü-çilingər) icra etməsi inandırıcı deyildir və bu iddiaçının əmək qabiliyyəti olması ehtimalını artırır. Həmçinin, iddiaçının tibbi həkim komissiyasının hər il müayinəsindən keçməsində maraqlı olmamasını ehtimal etməyə əsas verir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı iddia ərizəsində tələb etdiyi dövrlərə dair ödənclərin verilməsi üçün əsas olan peşə əmək qabiliyyətinin itirilməsini təsdiq edən tibbi sosial ekspert komissiyasının şəhadətnaməsini təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(009)- 1849/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar