Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2029/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 ASC-nə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nə (bank) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ev 2 ünvanında yerləşən 58,5 kv.m ümumi, 27.1 kv.m yaşayış və 31,4 kv.m yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzilə dair bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 267283 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə bankla Cavabdeh2 arasında bağlanmış 115767 nömrəli “Baş kredit razılaşması”na əsasən, həmin Razılaşma üzrə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 5 000 000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açmış, xx.xx.2015-ci il tarixdə “Baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə” 001 saylı Razılaşma bağlanaraq “Baş kredit razılaşması”nın 2.1-ci bəndi yeni redaksiyada verilmiş və Cavabdeh2 120 ay müddətinə 5 000 000 (beş milyon) ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti məbləğində kredit xəttinin açılması müəyyən edilmiş, sözügedən razılaşmaya əsasən Cavabdeh2la bir neçə kredit müqaviləsi bağlanaraq ona müxtəlif məbləğlərdə kreditlər verilmiş, kreditlərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ev 2 ünvanında yerləşən 80 saylı mənzil və ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ev 2 ünvanında yerləşən 79 saylı mənzil (yeni qaydalarla - Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 65, M4, mənzil 1) ipoteka ilə yüklü edilmişdir. Ona məxsus mənzilin ipotekaya qoyulmasından xəbəri olmamış, ipoteka müqaviləsini imzalamamışdır. Buna görə də hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ev 2 ünvanında yerləşən 79 saylı mənzilə dair bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ipoteka müqaviləsindəki imzanın ona məxsus olmadığı ilə bağlı dəlilinə düzgün qiymət vermədiyini, iddia müddətinin ötürülmüş olması barədə yanlış nəticəyə gəldiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı, habelə Cavabdeh2 məhkəməyə gəlməmiş, cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya bankın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, xx xxxxxx 2013-cü il tarixdə bankla Cavabdeh2 arasında “Baş kredit razılaşması” bağlanmış, həmin Razılaşmaya əsasən bank kredit alana xx.xx.2023-cü il tarixədək 5 000 000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açmış, xx.xx.2015-ci il tarixdə “Baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə” 001 saylı Razılaşma bağlanaraq “Baş kredit razılaşması”nın 2.1-ci bəndi yeni redaksiyada verilmiş və Cavabdeh2 120 ay müddətinə 5 000 000 (beş milyon) ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti məbləğində kredit xəttinin açılması razılaşdırılmış, sözügedən razılaşmaya əsasən Cavabdeh2la bir neçə kredit müqaviləsi bağlanaraq ona müxtəlif məbləğlərdə kreditlər verilmiş, kreditlərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ev 2 ünvanında yerləşən 79 saylı mənzil ipoteka ilə yüklü edilməsinə dair onunla bank arasında xx.xx.2014-cü il tarixdə 267283 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 150 000 manat dəyərində qiymətləndirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sonradan bankla Ərəstun və Cavabdeh2lar arasında həmin ipoteka müqaviləsinə əlavə razılaşma bağlanmış, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 79 nömrəli mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cu il tarixli müqavilənin 4.1-ci və 4.2-ci bəndləri dəyişdirilərək ipoteka ilə təmin edilən öhdəlik(lər)in xx xxxxxx 2013-cu il tarixli Baş Kredit Razılaşması və ona dəyişikliklər edilməsi barəsində xx.xx.2015-ci il tarixli 1 saylı Əlavə Razılaşmanı, onun ayrılmaz hissəsi olan kredit müqaviləsini, “Bank Qarantiyasının verilməsinə dair Razılaşma”nı, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bütün tələbləri əhatə etdiyi təsbit edilmişdir. İddiaçı mübahisələndirdiyi həmin ipoteka müqaviləsinin etibarsızlığını ondan xəbərsiz olması ilə əsaslandırmış, belə bir müqaviləni imzalamadığını irəli sürmüşdür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İpoteka müqaviləsini bağladığından xəbərsiz olması, müqavilələri imzalamadığı barədə iddiaçının dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, o, bu arqumentlərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda, həmin dəlili nəzərə alınaraq keçirilmiş məhkəmə xətşünaslıq ekspertizalarının çoxsaylı rəyləri ilə müqavilədəki imzaların onun tərəfindən icra edilmiş olduğu müəyyən olunmuşdur. Kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi məhkəmə xərclərinə dair məsələ də həllini tapmalı, keçirilmiş ekspertiza xərcləri iddiaçıdan alınıb müvafiq hesaba köçürülməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-104/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 710 (yeddi yüz on) manat İddiaçı tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, Hesab № ******* X1, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2029/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2029/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver