Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-203/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə qarşı ilkin sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və sair) etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: ilkin sənədlərin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi Vəkil3, Cavabdeh2 Mənzil – Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən ilkin sənədlərin (ümumi yığıncağın protokolunun) etibarsız hesab edilməsi barədə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, e-2(008)-5109/2021 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 15 aprel 2006-ci il tarixli podrat müqaviləsinə əsasən sifarişçi İddiaçı qeyriyaşayış sahəsinin tikintisini podratçı "xxxx" MTK-ya həvalə etməyi, sonuncu isə tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydaların və qəbul olunmuş standartlarına uyğun yüksək keyfiyətlə yerinə yetirməyi öhdəsinə götürmüşdür.
2. Maliyyə arayışından görünür ki, Bakı şəhəri Zığ şossesi ev 3a-da yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, həmin binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyərini payçı İddiaçı tam ödəmişdir, MTK-ya borcu yoxdur.
3. "xxxx" MTK üzvlərinin ümumi iclasının 15 aprel 2008-ci il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı öz razılığı ilə "xxxx" MTK-nın Bakı şəhəri Zığ şossesi ev 3a-da yerləşən birgirişli binanın birinci mərtəbəsində ümumi sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsi verilməsi və sənədlərin baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı idarəsinə göndərilməsi qərara alınmışdır.
4. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının 07 may 2008-ci tarixli 5B nömrəli protokoluna əsasən Bakı şəhəri Xətai rayonu, Zığ şosesi 3a ünvanında birgirişli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 242,0 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 15 aprel 2008-ci il tarixli, 01 nömrəli protokolu baxılmaq üçün komissiyaya çıxarılmışdır.
5. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 12 may 2008-ci il tarixli, 243 nömrəli sərəncamına əsasən Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının 07 may 2008-ci tarixli, 5 nömrəli, 5B nömrəli protokolları təsdiq edilmişdir.
6. 02 may 2006-ci il tarixli podrat müqaviləsinə əsasən sifarişçi Cavabdeh1 qeyriyaşayış sahəsinin tikintisini podratçı "xxxx" MTK-ya həvalə etməyi, sonuncu isə tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydaların və qəbul olunmuş standartlarına uyğun yüksək keyfiyətlə yerinə yetirməyi öhdəsinə götürmüşdür.
7. Maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Zığ şossesi “3A” ünvanda inşa edilmiş çoxmərtəbəli kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, Bakı şəhəri Xətai rayonu Zığ şossesi “3A” ünvanda inşa edilmiş çoxmərtəbəli, 1 bloklu, kooperativ yaşayış binasının, 1-ci mərtəbəsindəki, ümumi sahəsi 680.0 kv.m olmaqla qeyri-yaşayış sahəsinin dəyəri 680000 ABŞ dolları Cavabdeh1 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya heç bir borcu yoxdur.
8. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 25 fevral 2012-ci il tarixli, 4 nömrəli protokolundan çıxarışa əsasən Cavabdeh1 kooperativin üzvü qəbul olunmaqla, MTK-nın Bakı şəhəri Xətai rayonu Zığ şossesi “3A” ünvanda yerləşən kooperativ binasının 1 girişli, 1-ci mərtəbəsində, ümumi sahəsi 680 kv.m olan qeyri-yaşayış sahəsinin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır.
9. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının 08 iyul 2008-ci tarixli, 7B nömrəli protokoluna əsasən Xətai rayonu Zığ şossesi 3A ünvandakı birgirişli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 300,0 kv. m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 verilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 18 iyun 2008-ci il tarixli, 5 nömrəli protokolu baxılmaq üçün komissiyaya çıxarılmışdır.
10. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 650,4 kv.m olan qeyri – yaşayış sahəsi xüsusi mülkiyyət olaraq 03 aprel 2012-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
11. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Mənzil – Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ona məxsus olan 242 kv.m qeyri-yaşayış sahəsinin bir hissəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən və "xxxx" MTK tərəfindən tərtib edilmiş ilkin sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və s.) həmin hissədə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə **********04-05301-083001 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışn ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MTK tərəfindən inşa edilmiş ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək almışdır. Qeyd olunan ünvanda yerləşən 242 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödədikdən sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının 243 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 5B nömrəli xx.xx.2008-ci tarixli protokolu ilə müvafiq sənədləşdirmə aparılmış və 242 kv.m qeyri-yaşayış sahəsi adına rəsmiləşdirilmişdir. Hüquqlarının qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərəkən ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçdiyini bildirmişlər. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, Cavabdeh2 MTK tərəfindən ünvan 6 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1ci mərtəbəsinin 242 kv.m qeyri-yaşayış sahəsi ona, qalan hissəsi isə Cavabdeh1 satılmışdır. MTK tərəfindən Cavabdeh1 adına ilkin sənədlər tərtib edilmiş və ona məxsus 242 kv.m qeyri-yaşayış sahəsinin bir hissəsi də qanunsuz olaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Belə ki, MTK tərəfindən təqdim edilmiş 1-ci mərtəbənin layihəsində ona məxsus olan 242 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə göstərilmişdir. Layihədən də göründüyü kimi, həmin qeyri-yaşayış sahəsinin ayrı girişi var. Lakin reyestr xidmətindən ona verilən 1-ci mərtəbənin layihəsindən isə ona məxsus olan sahənin bir hissəsi qanunsuz olaraq, Cavabdeh1 adına qeydiyyata alınaraq çıxarış verilmişdir. Ona məxsus olan ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsi 2008-ci il tarixdən müxtəlif hüquqi və fiziki şəxslərin icarəsində obyekt kimi istifadə edilmişdir. Qeyd olunan 242 kv.m qeyri-yaşayış sahəsinin 212 kv.m sahəsi aralarında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, qalan 30 kv.m sahəsi isə digər bir fiziki şəxsə icarəyə verilmişdir. Bir sözlə ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsinin ayrı girişi var və 2008-ci il tarixdən icarə obyekti kimi istifadə olunur. Qeyd olunan 242 kv.m qeyri-yaşayış sahəsinin ayrı girişi olduğu halda reyestr xidmətinin əməkdaşının necə və hansı üsulla qeyri-yaşayış sahəsində ölçü işləri apardığı və ona məxsus olan qeyri-yaşayış sahəsinin bir hissəsinin Cavabdeh1 məxsus olması qənaətinə gəldiyi məlum deyil.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə **********04-05301-083001 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş Seriya MA ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində xitam verilmişdir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ona məxsus olan 242 kv.m qeyri-yaşayış sahəsinin bir hissəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən və Cavabdeh2 mənzil-tikinti kooperativi tərəfindən tərtib edilmiş ilkin sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və s.) həmin hissədə etibarsız hesab olunması qət edilmişdir.
15. Qətnamənin əsaslarına görə, qeyri-yaşayış sahəsinə dair müqavilə əvvəlcə İddiaçı ilə MTK arasında, daha sonra Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmışdır. Müəyyən olunduğu kimi iddiaçı ilə bağlanan müqavilə daha əvvəlki tarixdə bağlanmış və qeyri-yaşayış sahəsinin ona satılmasına dair MTK-nın iclas protokolu Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Göstərilən vəziyyətdə mübahisəli qeyri-yaşayış sahəsinin MTK tərəfindən Cavabdeh1 satılması qanunsuz olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 340.1, 340.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamə Cavabdeh1 mülkiyyət hüquqlarının pozulması ilə, tamamilə əsassız şəkildə qəbul olunmuşdur. Belə ki, iddia ərizəsində və qətnamədə də qeyd olunduğu kimi reyestrdən çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 1-ci mərtəbəsi 03 aprel 2021-ci il tarixdən etibarən Cavabdeh1 adına qanunun tələblərinə uyğun şəkildə rəsmiləşdirilmişdir. 25 fevral 2012-ci il tarixli protokoldan çıxarışa əsasən Cavabdeh1 ünvan 8 ünvanında yerləşən kooperativ binasının 1 girişli, 1-ci mərtəbəsinin, ümumi sahəsi 680 kv.metr olan qeyri yaşayış sahəsinin payçısı olması təstiq edilmişdir. Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahəsi üçün "xxxx" MTK-ya 680000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Bunu təstiq edən 25 fevral 2012-ci il tarixli maliyyə arayışından da görünür ki, qeyriyaşayış sahəsinin dəyəri tam şəkildə ödənilmiş və "xxxx" MTK-ya heç bir borcu qalmamışdır. Qeyd edilən məsələ işin mübahisəsiz halıdır. Cavabdeh1 bütün hüquqi qaydalara uygun şəkildə, əvəzi tam ödənilməklə, dövlət reyestrində qeydiyyata alınmaqla qeyri yaşayış sahəsini əldə etmiş olmasına baxmayaraq, qətnamə ilə iddianın təmin olunması cavabdehin mülkiyyət hüquqlarının tam pozulması ilə nəticələnmişdir. Məhkəmə bir cümlə ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 satılmasının qanunsuz olmasını əsaslanaraq ümumi yığıncağın protokolunu etibarsız hesab etmişdir. Qətnamə iş materiallarını sadalamaqla kifayətlənərək cavabdehin dövlət reyestrində qeyd alındığı mülkiyyət hüquqlarını pozmuş və nəticədə mülkiyyətdən məhrum etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdeh1 nümayəndəsi Vəkil3 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
21. İddiaçı izahatında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021ci il tarixli, e-2(008)-5109/2021 nömrəli qətnaməsini qanuni hesab etdiyini bildirdi və məhkəmədən apelyasiya şikayəti təmin olunmamaqla həmin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, e-2(008)-5109/2021 nömrəli qətnaməsi ilə razılaşmadığını bildirərək izahatında göstərdi ki, Cavabdeh2 MTK tərəifəndən Cavabdeh1 məxsus qeyri – yaşayış sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, istər İddiaçı, istərsə də Cavabdeh1 verilmiş sahələr mövcuddur və üst – üstə düşmür.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır; Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
25. Azərbaycan Respublikasının Mülki – Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir, iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər sübutlarla təsdiq edilmişdir ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
28. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
29. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddiaçının hazırkı ilkin sənədlərin etibarsızlığı barədə tələbinin faktiki əsası kimi istinad etdiyi hal ünvan 5 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 242 kv.m olan qeyri-yaşayış sahəsini dəyərini ödəyərək almasına baxmayaraq, MTK tərəfindən həmin yaşayış sahəsinin bir həssinin Cavabdeh1 satılmasıdır. İddiaçı qeyd edir ki, bu səbəbdən o, öz istifadəsində olan qeyri-yaşayış sahəsinə dair hüquqlarını qeydə aldıra bilməmiş, Dövlət Reyestri Xidməti tərəfindən ona imtina verilmişdir.
30. Qeyd olunmalıdır ki, ilkin sənədlərin etibarsızlığı barədə tələbin təmin edilə bilməsi üçün ilk növbədə bu etibarsızlığa səbəb olan əsaslar - həmin sənədlərin qanunvericiliklə müəyyən edilən şərtlərə riayət edilmədən tərtib edilməsi və s. hallar müəyyən edilməlidir.
31. İddia ərizəsində qeyri-yaşayış sahəsinin bir hissəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən və "xxxx" MTK tərəfindən tərtib edilmiş ilkin sənədlərin həmin hissədə etibarsız hesab edilməsi tələb olunmuş və MTK üzvlərinin ümumi yığıncağının protokolu xüsusi olaraq vurğulanmışdır.
32. Qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən sənədlərin aşağıdakı sənədlərin surəti birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 25 fevral 2012-ci il tarixli, 4 nömrəli protokolu, 05 fevral 2012-ci il tarixli maliyyə arayışı, 02 may 2006-cı il tarixli podrat müqaviləsi, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının 08 iyul 2008-ci tarixli, 7B nömrəli protokolu.
33. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, qeyd olunan sənədlərin hansı səbəbdən, hansı əsaslarla etibarsız hesab olunması ümumiyyətlə əsaslandırılmamış və birinci instansiya məhkəməsində işə baxılarkən həmin xüsusatlar araşdırılmamışdır.
34. Hazırkı iş materialları ilə isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən və "xxxx" MTK tərəfindən tərtib edilmiş ilkin sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və s.) etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən edilməmiş, iddiaçı bu halları təsdiq edəcək lazımi mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
35. İddiaçı onun qanuni əsaslarla əldə etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsinin qanunsuz olaraq Cavabdeh1 satılmasını irəli sürsə də bu fakt da iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, müəyyən olunur ki, Cavabdeh1 müəyyən edilmiş qaydada kooperativ üzvlüyünə qəbul olunmuş, ona ayrılmış 680.0 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmiş və hüquqlarını dövlət qeydiyyatına aldırmışdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-3638/2022 saylı qərardadına əsasən Cavabdeh2 mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş ünvan 9 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində tərəflərin faktiki istifadələrində olan qeyri-yaşayış sahələrinin həmin sahələrə aid olan texniki sənədlərə, yəni plan-sxem, layihədə olan texniki göstəricələrə uyğun olub – olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti – texniki ekspertizası təyin edilmişdir.
37. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/4115 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 10 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən İddiaçı və Cavabdeh1 faktiki istifadələrində olan qeyri-yaşayış sahələri “Həyat İnşaat" MTK tərəfindən təsdiq edilmiş plan sxemə, layihədə olan texniki göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 242,0 kv.m. (daxili sahə 229,0) və Cavabdeh1 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 680,0 kv.m. (daxili sahə 650,4 kv.m.) təşkil edir . Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş texniki pasport Cavabdeh1 faktiki istifadəsində olan sahəyə və layihə sənədlərə uyğun hazırlanmadığı müəyyən olunmuşdur.
38. Göründüyü kimi, ekspert rəyində də ünvan 10 ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iddiaçı və Cavabdeh1 faktiki istifadələrində olan qeyri-yaşayış sahələrinin “Həyat İnşaat" MTK tərəfindən təsdiq edilmiş plan sxemə, layihədə olan texniki göstəricilərə uyğun olduğu müəyyən edilmişdir.
36. Digər tərəfdən, iddia ərizəsində yazılanlardan və iş materiallarına əlavə edilmiş icarə müqavilələrindən müəyyən edilir ki, iddiaçı ona məxsus 242 kv.m qeyri-yaşayış sahəsindən bu illər ərzində maneəsiz istifadə etmiş, qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsini hüquqi şəxsə, qalan 30 kv.m hissəsini isə başqa bir fiziki şəxsə icarəyə vermişdir.
37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, e-2(008)- 5109/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(008)- 5109/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən ilkin sənədlərin (ümumi yığıncağın protokolunun) etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Fərrux Qasimov Fuad Abdıyev Xəyal Sarıyev