Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2030/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8250/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından doğulmuş 30 iyun 2012-ci il təvəllüdlü X6 və 21 iyun 2015-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların onun yanında saxlanmaları, 15 avqust 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixədək hər ay hər uşaq üçün sabit pul məbləğində 137 manat olmaqla 274 manat, 01 yanvar 2018-ci il tarixdən başlayaraq isə hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat alimentin onun xeyrinə tutulması, habelə, Damla adlı uşaqlarının 3 yaşa çatanadək saxlanması üçün cavabdehdən əlavə olaraq hər ay 50 manat alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)- 7698/2018 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməklə 15 avqust 2017-ci il tarixdən hesablanmaqla cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmış, qətnamə Damla adlı uşaqlarının 3 yaşına çatana kimi onun üçün əlavə 50 manat tutulması hissəsində ləğv edilmişdir. Aralarınkı nikah pozulduqdan sonra onlar birlikdə yaşamağa davam etmişlər, lakin, cavabdeh ona, uşaqlara qarşı fiziki təzyiq göstərmiş, onunla yaşamaq dözülməz həddə çatmış və beləliklə münasibətləri tamamilə pozulmuşdur. Cavabdehin onu döyməsi ilə bağlı o, indiyədən müalicə alır. Hazırda o özü işləmir, uşaqların maddi tələbatlarını əvvəlki qətnamədə göstərilən aliment məbləği ilə qarşılaya bilmir. Cavabdeh isə Türkiyə Respublikasında işləyir və hazırki ərizədə göstərilən miqdarda aliment ödəməyə maddi imkanı vardır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8250/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)-7698/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 30 iyun 2012-ci il təvəllüdlü X6 və 21 iyun 2015-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun əvəzi kimi 32 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi isə 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddianı təmin edərkən təmin edilməni onunla əsaslandırmışdır ki, hazırki halda cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə hazırki halda yaşayış minimumu məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsillə bağlı xərclərini nəzərə alaraq alimentin miqdarını dəyişdirməyi zəruri sayır. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin zəruri şərti alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi N.Mustafayev apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Mirzəyev şikayəti müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 2011-ci il tarixdə Culfa rayon qeydiyyat şöbəsində bağlanmış 174 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 30 iyun 2012-ci il təvəllüdlü X6 və 21 iyun 2015-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və 15 yanvar 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixədəj hər ay hər uşaq üçün sabit pul məbləğinsə 137 manat olmaqla 274 manat aliment, 01 yanvar 2018-ci il tarixdən başlayaraq isə yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 154 manat olmaqla 308 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 21 iyun 2015-ci il təvəllüdlü X3 15 avqust 2017-ci il tarixdən başlayaraq 3 yaşına çatanadək saxlanması üçün hər ay əlavə olaraq 50 manat alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)-7698/2018 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsi uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsində dəyişdirilmiş, 15 avqust 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh 30 iyun 2012-ci il təvəllüdlü X4 və 21 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat alimentin İddiaçı xeyrinə tutulması qərara alınmış, qətnamə X3 3 yaşına çatana kimi ana üçün hər ay 50 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır. Hüquqi əsaslandırma:
11. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
16. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, kollegiya alimentin məbləğinin hər uşağa görə 50 manat artırılaraq 175 manat məbləğində müəyyən edilməsini həm uşaqların, həm də tərəflərin mənafeyi baxımından məqsədəmüvafiq sayır.
18. Belə ki, alimentin məbləği müəyyən edilərkən yaşayış minimumu məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri nəzərə alınmalıdır.
19. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilərək, alimentin məbləğinin 50 manat artırılaraq hər uşaq üçün 175 manat məbləğində müəyyən edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
20. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Kollegiya həmçinin qeyd edir ki, qətnamədə alimentin artırılmış 1 illik məbləği 1200 manat təşkil etdiyindən iddianın qiyməti 1200 manat hesab olunur ki, bu da qətnamədən kassasiya şikayti verilməsini istisna edir.
22. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
23. Mülki Prosessual Məcəllənin 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8250/2021 saylı, 29.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev