Məhkəmə qərarları › İş №2(103)-2030/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2030/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2030/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X13 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(011)-6955/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)- 3299/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı 12 noyabr 2019-cu il tarixdən başlayaraq, 21 sentyabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün növ qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə iclasında izahatı alınmış İddiaçı göstərmişdir ki, o , “X18” MMC-yə fəhlə işləyir, əmək haqqı 1000-1500 manat təşkil edir, həqiqətən uşaq anadan olandan maddi köməklik göstərməmişdir, lakin əmək haqqının ¼ hissəsi həddinə aliment tutulmasına etiraz etmir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)- 255/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X11 arasında 19 iyul 2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1551 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 21 sentyabr 2019-cu il təvəllüdlü X6 anası X3 himayəsində saxlanılması qət edilmişdir.

3. AZ-İ seriyalı 370088 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X11 arasında bağlanmış nikaha 19 mart 2021-ci il tarixdə xitam verilmişdir.

4. “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, İddiaçı və X8 arasında 17 may 2022-ci il tarixdə nikah bağlanmışdır.

5. İİ-AYA seriyalı 536343 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada tərcümə olunmuş surətindən görünür ki, X16 15 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, atası İddiaçı, anası X2.

6. “Caspian Marine Services B.V.” və İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 1124 nömrəli əmək müqaviləsinə dəyişiklik haqqında 2 nömrəli sazişdən görünür ki, işçinin əmək haqqı vergilər və digər məcburi tutulmalar daxil olmaqla 1887 manat məbləğdə təyin edilir, saziş 01 aprel 2021-ci il tarixdən qüvvəyə minir.

7. “Caspian Marine Services B.V.” tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı “Caspian Marine Services B.V.” şirkətində çalışdığı müdət ərzində 2(009)-3299/2019-010 nömrəli icra sənədinə əsasən, xx.xx.2020-ci il tarixdə 1787,59, xx.xx.2020-ci il tarixdə 800, xx.xx.2020-ci il tarixdə 545,30, xx.xx.2020-ci il tarixdə 423,25, xx.xx.2020-ci il tarixdə 426,72, xx.xx.2020-ci il tarixdə 515,75, xx.xx.2020-ci il tarixdə 707,20, xx.xx.2020ci il tarixdə 530,63, xx.xx.2021-ci il tarixdə 505, xx.xx.2021-ci il tarixdə 420, xx.xx.2021-ci il tarixdə 636,48, xx.xx.2021-ci il tarixdə 863,25, xx.xx.2021-ci il tarixdə 653, xx.xx.2021ci il tarixdə 512, xx.xx.2021-ci il tarixdə 504, cəmi 9830,17 ödəniş edilmişdir.

8. “X21” tərəfindən verilmiş 12 fevral 2022-ci il tarixli müayinə sənədindən görünür ki, 01 yanvar 2019-cu il təvəllüdlü X12 zəif dolixosiqma, yoğun bağırsaqların hipokinetik diskineziyası diaqnozu qoyulmuşdur.

9. Azərbaycan Tibb Universitetinin X9 tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, 21 sentyabr 2019-cu il təvəllüdlü X12 xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinensiyası diaqnozu qoyulmuşdur. Xəstəyə uzunmüddətli konservativ müəlicə və daha sonra cərrahi müdaxil “yoğun bağırsağın soltərəfli rezeksiyası, kolorektoanastomozun qoyulması” əməliyyatı tövsiyə olunmuşdur.

10. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 4 nömrəli Uşaq Poliklinikası tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış 28 noyabr 2022-ci il tarixli 163 nömrəli məktubdan görünür ki, 21 sentyabr 2019-cu il təvəllüdlü X14 03 oktyabr 2019-cu il tarixdən 4 nömrəli Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır, uşaq poliklinikada həkimotorinolorinqoloqda “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası” diaqnozu ilə, həkim nevropatoloqda “sinir-reflektor gərginlik, əsəbilik” diaqnozu ilə, həkimcərrahda “hər iki pəncədə yüngül valqus deformasyası” diaqnozu ilə dispanser qeydiyyatındadır, müalicə alır.

11. “Ege Hospital” tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli müayinə sənədindən görünür ki, 1981-cü il təvəllüdlü İddiaçı qaraciyər parenxim exosu grade İİ steatoza sekonder yüksəlmiş, lipomatoz sıxlıq artmış, homogenlik pozulmuş, hepatik ven şəkli zəif aydındır.

12. “Xüsusi Müalicə Sağlamlıq Kompleksi” tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli endoskopi müayinənin protokolundan görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı kolonoskop terminal ileuma qədər yeridilib, mukoza və mənfəz normaldır, çekum normaldır, baxış zamanı kolonun bütün şöbələrinin mukozası normal, damar şəkili aydın görünür, rektum mukoza ödəmlidir, 3 mm ölçüdə diminutif polip izləndi, anal kanalda Gr İİ hemorroidal düyünlər aşkar edilmişdir.

13. “X23” tərəfindən verilmiş 1052/21 nömrəli epikirizdən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı öd daşı xəstəliyi, xroniki daşlı xolesistitin kəskinləşməsi, öd kisəsinin polipozu kliniki diaqnozu qoyulmuşdur, xəstə xx.xx.2021-ci il tarixdə daxil olmuş, xx.xx.2021-ci il tarixdə evə yazılmışdır.

14. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında matros işləyir, aylıq əmək haqqı 1887 manatdır, adına daşınar və daşınmaz əmlaklar (1 nəqliyyat vasitəsi, 1 mənzil) qeydə alınmışdır.

15. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh əmək müqaviləsi yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)-3299/2019 nömrəli qətnaməsi ilə 21 sentyabr 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulan alimentin miqdarının dəyişdirilərək, 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikahı pozulduqdan sonra yeni nikaha daxil olmuşdur. Belə ki, 2022-ci ilin may ayında X10 ilə rəsmi nikaha girərək ailə qurmuşdur, yeni nikahdan 15 iyul 2022-ci il tarixdə X16 doğulmuşdur. Göründüyü kimi, birinci nikahdan doğulmuş X1 üçün məhkəmə qaydasında aliment müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmuşdur, yəni yeni ailə qurmuş və həmin nikahdan övladı doğulmuşdur, bu dəyişiklik onun maddi vəziyyətində də fərqli durum yaratmış, qaçılmaz maddi xərcləri artmışdır, ailənin bütün sosial qayğıları, dolanışıq, sağlamlıq xərcləri, yeni doğulmuş uşağın maddi rifahının təmin olunması və s. xərclər iddiaçının üzərindədir. Qətnaməyə müvafiq olaraq hər ay iddiaçının qazancından orta hesabla 500 manat civarında aliment tutulur, nəzərə alınmalıdır ki, əvvəlki nikahdan doğulmuş uşağın maddi təminata ehtiyacı olduğu kimi, yeni nikahdan doğulmuş uşağa münasibətdə də iddiaçı tərəfindən maddi xərclər çəkilir, hər iki uşağa münasibətdə çəkilən maddi xərclər uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan təxminən 2-3 dəfə çox olduqda ailənin sosial xarakterli digər qayğılarını qarşılamaq olduqca çətin olur. İddiaçı ailədə qazanc gətirən yeganə şəxsdir, hazırkı iş üzrə cavabdeh uşaqlarla haqqı ödənilən fərdi tədrislə məşğuldur, iddiaçı özü də xəstədir, səhhətində problemlər var, o, əməliyyat olunmuşdur.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(011)- 6955/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

19. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının “ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan bir uşağının doğulması” barədə dəliləri iddiaçını əvvəlki nikahdan doğulmuş uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olması, alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı məhkəməyə izahatında “əmək haqqının 1000-1500 manat olduğunu” bildirmiş, həmin tarixli qətnamə ilə aliment tutulduqdan sonra - 2021-ci ildə onun əmək haqqı 1887 manat həddində müəyyən edilmişdir, yəni iddiaçının əvvəlki dövrlə müqayisədə maddi vəziyyəti yaxşılaşmışdır, cavabdehin maddi və ailə vəziyyətində isə hər hansı bir dəyişiklik (yaxşılaşma) olmamışdır. Həmçinin, iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etsə də, qanunvericiliyə əsasən, alimentin miqdarının hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi məhkəmənin öz təşəbbüsü və ya cavabdehin vəsatətindən deyil, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişindən asılı edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 112.1 -ci maddələri, Azərbaycan Rspublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, təmin edilməsini xahiş etmişdir.

22. Şikayətinin dəlillərinə görə, birinci nikahdan doğulmuş X1 üçün məhkəmə qaydasında aliment müəyyən edildikdən sonra onun ailə vəziyyətində dəyişiklik olmuşdur. Yəni yeni ailə qurmuş və həmin nikahdan övladı doğulmuşdur. Bu dəyişiklik onun maddi vəziyyətində də fərqli durum yaratmış, qaçılmaz maddi xərcləri artmış, başqa sözlə, yeni ailənin bütün sosial qayğıları, dolanışıq, sağlamlıq xərcləri, yeni doğulmuş uşağın maddi rifahının təmin olunması və s. xərclər onun üzərindədir. Yeni nikah münasibətlərindən, əsasən də yeni nikahdan uşaq doğulduqdan sonra ailənin sosial problemlərinin qarşılanmasında çox ciddi sıxıntılar keçirir. Son dövrlər istər ərzaq, istərsə də qeyri-ərzaq sektorunda günbəgün müşahidə edilən bahalaşma, müalicə xərclərinin, kommunal xərclərin artması onsuz da çətin olan vəziyyətini daha da dramatikləşdirir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

25. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. ... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya şikayəti ilə qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

31. Hazırkı iddianın faktiki əsası kimi iddiaçının yeni ailə həyatı qurması və yeni nikahdan uşağının doğulması faktı çıxış edir. İddiaçının apellyasiya şikayətinin məzmunu da bu faktın onun maddi vəziyyətini çətinləşdirməsi barədə dəlillərdən ibarətdir.

32. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşaraq, qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilmiş tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi əsası ilə artıq təyin edilmiş alimentin məbləği dəyişdirilərkən ailə və ya maddi vəziyyətdə hansı dəyişikliyin olduğu müəyyən edilməli, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarət olmuşdur ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

34. Odur ki, iddiaçının yeni ailə həyatı qurması və yeni nikahdan uşağının doğulması əvvəlki nikahından olan uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin azaldılması üçün mütləq əsas kimi çıxış edə bilməz.

35. Alimentin iddiaçının qeyd etdiyi sabit pul formasında dəyişdirilməsi həmçinin, ona görə mümkün deyil ki, qanunvericilik alimentin bu formada təyin edilməsini yalnız aliment alanın iradəsindən asılı etmişdir. Hazırkı iddia həm də buna görə təmin edilə bilməz.

36. Bundan başqa, qanunvericilik alimentin sabit pul məbləğində tutulmasını aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olması, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alması, yaxud onun qazancı və ya sair gəlirinin olmaması, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmaması, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarla şərtləndirmişdir. Lakin hazırkı mübahisə üzrə bu halların hər hansı biri müəyyən edilmir.

36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(011)- 6955/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(011)- 6955/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar