Məhkəmə qərarları › İş №2(103)-2032/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2032/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2032/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2022 saylı 14 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. TT**********11040000 saylı xx.xx.2021-ci il tarixli Qəbzə əsasən Cavabdeh bankın Sumqayıt şöbəsinə 40000 ödəmişdir, həmin məbləğdə pul kassir tərəfindən qəbul edilmişdir.

2. TT**********36080 saylı xx.xx.2021-ci il tarixli Qəbzlə müəyyən edilir ki, Cavabdeh bankın Sumqayıt şöbəsinə 80 manat ödəmişdir, həmin məbləğdə pul kassir tərəfindən qəbul edilmişdir.

3. TTTT**********264 №-li xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə görə İddiaçı ASC Sumqayıt şöbəsi tərəfindən 1000 manat X7 ödənilmişdir, ödənişin təyinatı xx.xx.2021-ci il tarixində günsonu sayılarkən X1 əskik gəlmiş bir min manat vəsaitin araşdırılması üçün məxaric olunmasıdır.

4. X9, X6, X11, X12 tərəfindən imzalanmış 27 sentyabr 2021-ci il tarixli Akta əsasən, xx.xx.2021-ci il tarixində Sumqayıt şöbəsində X3 alqı-satqı zamanı müştəridən 1000 manat məbləğində vəsait əskik almışdır, əskik gələn vəsait həmin gün kassa əskik gəlmə hesabından (2********) məxaric edilmişdir.

5. Sumqayıt Regional “Asan xidmət” Mərkəzində notariat ofisi İddiaçı ASC Sumqayıt şöbəsinə 27 sentyabr 2021-ci il tarixli 2668 nömrəli məktubla müraciət edərək, alıcı - Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi 40000 manat məbləğində pulu alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında X8 verilməsi üçün bankda olan depozit hesaına qəbul olunmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ASC-yə vurduğu real zərər kimi 1000 manat, həmin vəsaitin məbləğindən cari günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 71 manat faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində X10 ilə bağladığı alqısatqı müqaviləsi üzrə satıcıya verilməli olan məbləği notariusun İddiaçı ASC-nin Sumqayıt şöbəsindəki depozit hesabına mədaxil etmək üçün müraciət etmişdir, notariusun xx.xx.2021-ci il tarixli 2668 saylı məktubuna əsasən cavabdeh tərəfindən hesaba 40000 manat məbləğində vəsait mədaxil olunmalı idi, cavabdeh Bankın şöbəsinə yaxınlaşaraq vəsaiti kassirə təqdim etmiş və kassir cavabdehin təqdim etdiyi vəsaiti pul sayan aparatla sayaraq kassaya qəbul etmiş və pul sayan aparatın göstəricisini nəzərə alaraq cavabdehə 40.000 manat vəsaitin mədaxilinə dair qəbz təqdim olunmuşdur. Daha sonra müqavilə üzrə satıcı Elsevər Cəfərov notariusun pul çeki ilə qeyd olunan vəsaitin məxaric olunması üçün Bankın şöbəsinə müraciət etmiş və kassir daha öncə cavabdeh tərəfindən təqdim olunmuş pul bağlamalarını Elsevər Cəfərova təqdim etmişdir, bu zaman vəsait sayılarkən vəsaitin məbləğinin 39.000 manat olduğu müəyyən olunmuşdur, məsələ həm Bank tərəfindən, həm də Bankın şöbəsinin fəaliyyət göstərdiyi Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi tərəfindən araşdırılmış, əməliyyata dair video görüntülərə baxış keçirilmişdir. Məlum olmuşdur ki, cavabdeh Bankın şöbəsinə yaxınlaşarkən şöbənin kassasındakı pul sayan aparatda daha əvvəl sayılmış pulun nominalı – 1000 sayı sıfırlanmamış vəziyyətdə olmuşdur. Cavabdeh tərəfindən kassirə təqdim olunmuş vəsait pul sayan aparata daxil edilmiş və pullar sayıldıqdan sonra yekunda pul sayan aparatda 40.000 sayı qeyd olunmuşdur. Bu barədə cavabdehə məlumat verilsə də, o, əksik vəsaitin verilməsindən imtina etmişdir. Müştəri məmnuniyyətinin qorunması məqsədilə 1000 manat Bankın vəsaiti hesabına satıcı E.Cəfərova təqdim olunmuş, gün sonunda kassanın qalığı Bankın vəsaiti hesabına bağlanmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 dekabr 2022-ci il tarixli 2(011)-5931/2022 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya daha az məbləğdə pul mədaxil edilməsinə, habelə cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına belə halları təsdiq edən mötəbər sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.

10. İş materiallarına əlavə edilmiş videoyazı materiallarına münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin sübutlar cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını bilavasitə təsdiq etmir. Belə ki, videoyazıda cavabdeh tərəfindən pul əsginaslarının bağlama şəklində kassirə təqdim edilməsi, kassirin həmin pul əskinaslarını qəbul edib, onu pul sayan aparata yerləşdirilməsi, bu zaman pul sayılmağa başlayarkən aparat üzərindəki rəqəmin “0” olması, təqdim edilmiş pul bağlamaları sayıldıqdan sonra, son olaraq məbləğin “40080” olaraq hesablanması, kassirin hər hansı bir irad bildirmədən pul bağlamasını sağında yerləşən ikinci çəkməcəyə qoyması, bu barədə cavabdehə qəbz verməsi görünməklə yanaşı, həmin videoyazıdan, cavabdeh tərəfindən daha az məbləğdə ödəniş edilməsi görünmür. Bundan başqa, həmin tarixdə kassada kəsirin yaranması faktı, bunun yaranması səbəbləri ilə bağlı iddiaçı tərəfindən hər hansı bir rəsmi araşdırılma aparılmamaqla da rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2021-ci il tarixli Akta münasibətdə isə aktda “xx.xx.2021-ci il tarixində Sumqayıt şöbəsində X2 alqı-satqı zamanı müştəridən 1000 manat məbləğində vəsaiti əskik olması, əskik gələn vəsaitin həmin gün kassa əskik gəlmə hesabından (2********) məxaric edilməsi” qeyd edilsə də, həmin məbləğin Cavabdeh aidiyyəti, hadisənin iddiaçıya məxsus kassada baş verməsi və ya ona aidiyyəti, aktın iştirakçılarının şəxsiyyəti və vəzifələrinə dair məlumatlar göstərilməmişdir. Belə olan halda həmin sübutlar (videoyazı və akt) cavabdeh tərəfindən daha az məbləğdə ödəniş edilməsini, bununla da iddiaçıya zərər vurulması ilə bağlı halların təsdiq edilməsi üçün məhkəmə tərəfindən nəzərə alına bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 16.1, 439.4, 1091.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2, 203.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş sübutlar tam araşdırılmamışdır. Cavabdehdən əvvəl kassada aparılmış əməliyyatın məbləği aparatın yaddaşında saxlanılmış, cavabdeh tərəfindən təqdim edilmiş vəsaitlər həmin məbləğin üzərinə hesablanmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.

28. xx.xx.2021-ci il tarixdə cavabdeh X10 ilə bağladığı alqı-satqı müqaviləsi üzrə məbləği (40000 manat) depozit hesabına mədaxil etmək üçün İddiaçı ASC-nin Sumqayıt şöbəsinə müraciət etmişdir, eyni tarixdə cavabdehə sonuncu tərəfindən Cavabdeh tərəfindən 40000 manat məbləğində pulun Sumqayıt şöbəsinə mədaxil olunmasını, kassirin həmin məbləğdə pulu qəbul etməsini təsdiq edən qəbz verilmişdir.

29. İddiaçı o hala əsaslanır ki, cavabdehdən əvvəl kassada aparılmış əməliyyatın məbləği aparatın yaddaşında saxlanılmış, cavabdeh tərəfindən təqdim edilmiş vəsaitlər həmin məbləğin üzərinə hesablanmışdır.

30. Kollegiya qeyd edir ki, hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. İddiaçı öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır.

31. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. İddiaçı isə iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmişdir.

32. İstinad olunan videoyazı və akta münasibətdə məhkəmə haqlı olaraq göstərmişdir ki, həmin sübutlar cavabdeh tərəfindən daha az məbləğdə ödəniş edilməsini, bununla da iddiaçıya zərər vurulması ilə bağlı halların təsdiq edilməsi üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Həmin tarixdə kassada kəsirin yaranması faktı, bunun yaranması səbəbləri ilə bağlı iddiaçı tərəfindən hər hansı bir rəsmi araşdırma aparılmamaqla da rəsmiləşdirilməmişdir.

33. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2022 saylı iş üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar