Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2035/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qəyyumu X4) Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənəvi ziyanın tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (qəyyumu X4) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2012-ci il tarixdə doğulmuşdur, X3 övladıdır. İddiaçının anası X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
2. Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti başçısının 64 nömrəli, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Sabirabad rayonu, Zəngənə kənd sakini X4 nəvələri xx.xx.2012-ci il təvəllüdlü İddiaçı və xx.xx.2013-cü il təvəllüdlü X5 qəyyumu təyin edilmişdir.
3. 24.04.2015-ci il tarixdə verilmiş AC seriyalı 502957 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobusun sahibi Cavabdeh2dur.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2017 №-li iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qanuni qüvvəsini almış hökmünə əsasən X6 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi cinayətini törətməklə təqsirli bilinmiş, 12 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (qəyyumu X4) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən anasın vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 20 000 000 (iyirmi milyon) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisinin, cavabdehə məxsus avtobusla törətdiyi qəza nəticəsində anası Sveta Nəsirova ölmüşdür. Artıq 5 ildir anasının həsrəti ilə yaşayır. Tahir Bəhrəmovun törətdiyi qəza anasının ölümünə səbəb olduğundan, o, Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2017 nömrəli xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 may 2017-ci il tarixli yol vərəqindən görünür ki, 146 saylı marşrut xəttində sərnişin daşınması üçün cavabdeh yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusu sürücüsü X7 vermişdir. Cavabdehin avtobusu ilə qəza törədən sürücüsünün təqsiri üzündən anası vəfat etdiyi üçün iddiaçıya mənəvi zərər vurulmuşdur. Anasının yoxluğu ona davamlı iztirab yaşadır. Hazırda 12 yaşı var. Hər gün məktəbə gedərkən, başqa uşaqların anaları ilə ünsiyyətini görmək qəlbini sızladır, anasını istəyir, görə bilmədiyi üçün sarsılır, iztirab, əzab çəkir və hər gün anasının faciəvi şəkildə ölməsini xatırlayır. Qeyd etmişdir ki, onun atası da yoxdur. Çünki, 2015-ci ildə anasıyla atasının nikahı pozulmuşdur. Sabirabad rayon İcra Hakimiyyəti başçısının 64 nömrəli, 10 iyul 2017-ci il tarixli sərəncamına əsasən nənəsi Tərbiyə Əmrahova onun üzərində qəyyum təyin edilmişdir. Anası onun hər şeyi idi. Bu dünyada ən dəyərlisi idi. Ona görə də anasının faciəvi şəkildə vəfat etməsi nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdehdən 20 000 000 manat məbləğində pul alınaraq ona ödənilərsə, davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5008/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobus iş üzrə Cavabdeh2 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X9 idarə etmişdir. Məhkəmə hesab etmişdir ki, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X6 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olmuş və o, bu əmələ görə təqsirli bilinmişdir. Avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Hazırkı işdə zərərvuran şəxsin cavabdehin işçisi olması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və ya cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Bu baxımdan, yol-nəqliyyat hadisəsi üzrə mülkiyyətçi Cavabdeh2 mülki hüquqi məsuliyyəti istisna olunur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 1108.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il l tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə 01 may 2017-ci il tarixli yol vərəqindən görünür ki, 146 saylı marşrut xəttində sərnişin daşınması üçün cavabdeh yüksək təhlükə mənbəyi olan ** ZC *** dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusun sürücüsü X7 vermişdir. Tahir Bəhramovun qanuni qüvvəyə minmiş hökmdəki ifadəsindən görünür ki, təqribən 23 ildir sərnişin daşıma nəqliyyat vasitələrinin sürücüsü işləyir. Son iki ildir ki, 146 saylı marşrut avtobusunun sürücüsü kimi fəaliyyət göstərir. 20 may 2017-ci iltarixdə səhər saat 07 radələrində fəaliyyətə başlamış, axşam saat 20.30 radələrində ölümlə nəticələnən qəza törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci iltarixli Qərarında qeyd olunan mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün şərtlərin hamısı var. İş materiallarına Tahir Bəhramovun adından yazılmış ərizə əlavə edilib. Həmin ərizə kompyuterdə yığılmış mətndən ibarətdir və onun Tahir Bəhramov tərəfindən yazılması şübhə doğurur. Ərizədə göstərilənlər həqiqəti əks etdirmir. Əvvəla ona görə ki, ərizə notarial qaydada tərtib edilməyib, ikincisi ərizədə başqa, şəxsiyyət vəsiqəsində başqa ünvan göstərilib, üçüncüsü qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhramovun sürücü işləməsi barədə etirafı var. Tahir Bəhramov ərizədə göstərildiyi kimi 2017-ci ildən deyil, 2015-ciildən 146 saylı marşrut avtobusunun sürücüsü olmuşdur. Digər tərəfdən cavabdehin mülkiyyətində olan “İsuzu Ecobus”markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtobus ərizədə göstərildiyi kimi etibarnamə əsasında deyil, yol vərəqi əsasında Tahir Bəhrəmova verilib. Bunlarla yanaşı qeyd olunmalıdır ki, əmək müqaviləsinin olmamasıTahir Bəhramovun cavabdehin işçisi olmaması anlamına gəlmir. Vergi verməmək üçün əmək müqaviləsinin tərtib edilməməsi cavabdehin təqsiridir və bu o demək deyil ki, avtobusu sürən onun işçisi olmayıb. Hazırkı işdə Xəzər Rayon Məhkəməsinin1(003)- 316/2017 nömrəli xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmdə Tahir Bəhrəmovun etirafedici ifadəsi, yüksək təhlükə mənbəyi olan ** ZC ***dövlət qeydiyyat nişanlı "İsuzu Ecobus” markalı avtobusla 146 saylı marşrut xəttində sərnişin daşıyan Tahir Bəhrəmovun adına verilmiş yol vərəqi onunla cavabdeh arasında faktiki əmək münasibəti olmasını təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükəmənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il l tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il l tarixli qərarı:
“Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrədeyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
22. Şəxsin yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir”.
23. Hazırki iş üzrə Cavabdeh2 ilə əməli törədən X9 arasında əmək münasibətlərinin olması və ya mülki hüquq müqaviləsi üzrə işin görülməsinə dair heç bir sübut təqdim edilməmişdir.
24. İş materiallarından göründüyü kimi, yüksək təhlükə mənbəyi hesab edilən “İsuzu Ecobus” markalı 90ZC957 qeydiyyat nişanlı avtobus iş üzrə Cavabdeh2 məxsus olsa da, yol nəqliyyat hadisəsi zamanı qanuni əsas üzrə (yol vərəqəsi) avtobusu X9 idarə etmişdir.
25. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, Cavabdeh2 ilə əməli törədən X9 arasında əmək müqaviləsi bağlanması və onların hər hansı əmək münasibətində olması müəyyən edilməmişdir.
26. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mülki iş üzrə zərərin baş verməsi birmənalı olaraq X6 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olmuş və o, bu əmələ görə təqsirli bilinmişdir. Avtobusun mülkiyyətçisi olan cavabdehin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir.
27. Məhkəmə kollegiyası həmçinin hökmə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçının qəyyumu olan Tərbiyə Əmrahova cinayət işində zərərçəkmişin hüquqi varisi kimi iştirak etmiş və məhkəmə iclasında bildirmişdir ki, yol nəqliyyat hadisəsindən sonra sürücü Tahir Bəhrəmov mərhumun bütün müalicə, dəfn, yas xərclərini ödəyib, həmçinin onlara maddi yardım göstərib və ona görə də ona qarşı hər hansı tələbləri yoxdur və olmayacaq.
28. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
33. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı (qəyyumu X4) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.