Məhkəmə qərarları › İş №2(103)-2043/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2043/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2043/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin Filialına qarşı işi üzrə Açar sözlər: (“əmək haqqının ödənilməsi") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı (X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialına qarşı "əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialından iddiaçıya ödənilməmiş əmək haqqına görə 61193 manat, əmək haqqının gecikdirilməsinə görə 23950 manat və iddiaçıya vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 95143 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialında Sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin İddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15dək və eyni zamanda iş vatından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, iddiaçıya əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin sizə hər hansı verəcəyi qalmamışdır. İddiaçı Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialında 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vatından əlavə olaraq işlədiyi müddəti hesabladıqda, cavabdeh tərəfindən iddiaçıya əlavə iş saatına görə 4949 (4949 saatX10AZN=49490 AZN) manat, qeyri-iş günlərinə görə 11703 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 61193 manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. İddiaçı iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ödənişini tələb etmiş, lakin cavabdeh "X3 Services LTD” şirkətininin filialı tərəfindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 61193 manat məbləğində əlavə iş saatları və qeyri-iş günləri işlədiyinə görə əmək haqqı ödənilməmişdir. Odur ki, əmək haqqı ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-cı maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz məbləğ hesablanmaqla, cəmi 23950 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddət iddiaçının əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə, ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün iddiaçı uzun müddətdir ki, psixoloji və mənəvi sarsıntı keçirmişdir.

2. Cavabdeh Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialı iddianın əsassız olduğunu qeyd etməklə iddia ərizəsinə etiraz təqdim etmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - İddiaçı (işçi) ilə cavabdeh Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialı (işəgötürən) arasında bağlanmış DR- 18/075 nömrəli, xx.xx.2018-ci il tarixli Əmək Müqaviləyə əsasən müəyyən edilir ki, iddiaçı əsas iş yeri olmaqla cavabdeh müəssisədə "sürücü (dərəcə 1)” vəzifəsinə təyin edilir (1.2). Əmək müqaviləsi 1 ay müddətinə bağlanılır (2.1). Müqavilənin qüvvədə olma müddəti başa çatdıqda əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdarlıq etməzsə əmək müqaviləsi eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur (2.4). İşçi əmək funksiyasını əmək müqaviləsinin tərkib hissəsi olan Vəzifə təlimatında nəzərdə tutulmuş qaydada yerinə yetirməyi öhdəsinə götürür (3.1). İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir (4.8); - İddiaçı xx.xx.2018-ci il tarixli vəzifə təlimatına əsasən, sürücünün iş saatı sükan arxasında gündə maksimum 6 saat 40 dəqiqə, istirahət günü həftədə bir gün müəyyən edilmişdir (işçi İddiaçı və direktor tərəfindən imzalanmışdır); - xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, iddiaçı hər ay vergilər daxil olmaqla 1174.26 AZN məbləğində əmək haqqı alır; - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2 nömrəli əlavəsinə əsasən, iş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur. İşçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram və istirahət günlərində, axşam və gecə saatlarında görülən işlərə görə qanvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur; - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vaxt cədvəllərindən (time sheet) görünür ki, cədvəldə İddiaçı, 90FP431 qeydiyyat nömrəli avtomobil, Bakı-Ofis-Bakı, başlanğıc və son vaxtlar, gündəlik başlanğıc və son qət edilən məsafə (km)... və imza qrafaları mövcud olmuşdur; - Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00357 nömrəli arayışa əsasən, cavabdeh Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialının nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir; - Növbə cədvəllərindən (shift plan) görünür ki, sürücü İddiaçı ay ərzində işlədiyi günlər, istirahət günləri və iş saatları qeyd edilmişdir; - Ödəniş cədvəllərindən görünür ki, əmək haqqı hesablanarkən işçinin əsas əmək haqqı, istirahət və bayram günləri işləməsi, əlavə iş vaxtı üçün ödəniş, məzuniyyət günləri, xəstəlik üzrə ödənişlər, dayanacaq xərcləri nəzərə alınmış, "alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qeydi ilə iddiaçı tərəfindən imzalanmışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3540/2024 nömrəli qərardadına əsasən, iddiaçının vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, İddiaçı Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. əksini tapmamışdır. Tədqiqatda iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi, tabel uçot vərəqləri, əmək haqqı hesablanması və ödənilməsini özündə əks etdirən cədvəl məlumatlarına əsasən İddiaçı Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində işlədiyi faktiki iş saatlarına görə ona əmək haqqının hesablandığı və ödənildiyi müəyyən edilir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, əmək müqaviləsinə 1,2 və 3 nömrəli əlavələrdə "İddiaçı” qrafalarındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatların cəmi dəyəri 227 manat təşkil edir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-325/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 227 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 9, 89, 90, 95, 99, 102,103, 104, 154, 172, 195, 290; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 107, 119.1, 217.3., 217.4-cü maddələrinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı iş vaxtından əlavə işlədiyini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iş vaxtından əlavə işlədiyini sübut etmək üçün sadəcə bir dəlili məhkəməyə təqdim edir. Həmin dəlil iddiaçının özü tərəfindən tərtib edilmiş vaxt cədvəlləridir. Lakin həmin vaxt cədvəlində işçinin avtomobil ilə nə qədər məsafə qət etməsi və avtomobilin odometrinə baxdığı saatlar qeyd edilib. Yəni həmin cədvəl və orda qeyd edilən saatlar işçinin işəgötürənin mənafeyi üçün işlədiyini sübut edəcək mötəbər dəlil hesab oluna bilməz. İddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyü və bunun müqabilində ona əlavə haqq ödənilməli olduğu halda, ödənilmədiyi iş materiallarında olan sənədlərə əsasən öz təsdiqini tapmır. Məhkəməyə sübut olaraq təqdim edilən vaxt cədvəllərindən (Time sheet-də əks olunan qət edilən məsafədən) də onun sükan arxasında olduğu iş vaxtının Vəzifə Təlimatına əsasən müəyyən edilmiş iş saatlarından çox olmadığı aşkardır. Cavabdeh tərəfindən təqdim edilmiş növbəlilik planından da görünür ki, işçinin iş saatları iki hissədən ibarət olmaqla 07:00-dan 10:00-dək və 15:40-dan 18:50-dək olmuşdur. İşçilərin sükan arxasında olmadıqları vaxt işçilərin işəgötürənin sərəncamında olmadıqları vaxtdır.Yəni işçilər həmin vaxtdan öz mülahizələrinə əsasən istifadə edə bilərlər. Bundan əlavə, işəgötürən həmin vaxtın səmərəli keçirilməsinə görə işçilərin istirahət etməsi üçün onlara müvafiq şərait yaratmışdır. Əmək müqaviləsində işçinin gündəlik 8 saatdan, həftəlik 40 saatdan çox olmayaraq işləməsi və əmək funksiyasının vəzifə təlimatında göstərilən qaydada həyata keçirməsi razılaşdırılmışdır. Vəzifə təlimatında da işçinin gündəlik 6 saat 40 dəqiqə sükan arxasında işəgötürənin mənafeyi üçün işləməsi, həftədə bir gün istirahət gününün olması razılaşdırılmışdır. 6 gün ərzində işçinin gündəlik 6 saat 40 dəqiqə işləməsi tərəflər arasında olan razılaşmaya və Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə zidd deyildir. İşçinin isə həmin vaxtdan əlavə işləməsini sübut edən əsaslı dəlili mövcud deyil. İddiaçının istinad etdiyi dəlillər, həmçinin işəgötürən tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmış, iş vaxtının uçot tabellərinə uyğun hesablanan haqq-hesab sənədləri ilə də təkzib edilir. Belə ki, iddiaçı cavabdeh təşkilatda çalışdığı dövr ərzində icra etdiyi işə görə əmək haqqının, əmək haqqına əlavələrin, habelə digər ödənclərin hesablanmasına dair cədvəlləri imzalamaqla əmək haqqının hesablanmış məbləğləri, vaxtlı-vaxtında hesabına köçürülməsi ilə razılaşmışdır. Hazırda da iddiaçının fəaliyyət göstərdiyi müəssisə tərəfindən əmək haqqı hesablamalarının düzgün aparılmadığına istinad etməsi də ağlabatan hesab edilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının iş vaxtından əlavə işlədiyi müddətə görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində əsassız olduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində olan ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi əsassız olduğundan və buna görə də rədd edilməli olduğundan, iddia tələbinin ödənilməmiş əmək haqqının gecikdirilməsi hissəsi də birbaşa rədd edilməlidir. Məhkəmə iddia tələbinə aid olan mənəvi zərərn ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iş vaxtından artıq işlədiyi müddətə görə ona ödənilməmiş əmək haqqına və ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə mənəvi sarsıntı keçirdiyini bildirir. Lakin məhkəmə müəyyən edir ki, iddiaçının iş vaxtından artıq işlədiyi sübut edilməmiş, işəgötürənin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Buna görə iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-325/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1; Əmək Məcəlləsinin 9, 83, 43, 46, 102, 165, 172; Mülki Prosessual Məcəllənin 217.1, 217.3-cü maddələrinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-cı bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına istinad edilməklə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin iddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Böyük Britaniyanın “X4 Services LTD” Şirkətinin filialı İddiaçı məlumatı və imzası olmadan birtərəfli qaydada, elektron sistemdə iş vaxtı ilə bağlı müqavilədə dəyişiklik etmişdir. Cavabdeh tərəfindən birtərəfli qaydada dəyişdirilən əmək müqaviləsində işə başlama və işin vaxtı qeyd olunmamışdır. Həmçinin, iş vaxtı və iş rejimi düzgün qeyd olunmamış, bu Əmək Müqaviləsində deyil, yalnız vəzifə təlimatında öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə görə işin başlanma, qurtarma, nahar vaxtı və istirahət vaxtları əmək müqaviləsində öz əksini tapmalı idi. Lakin İddiaçıla bağlanmış əmək müqaviləsində bu sadalanların heç biri öz əksini tapmamışdır. Məhkəmə prosesi zamanı iş üzrə həm mühasibatlıq, həm də xəttşünaslıq ekspertizası təyin edilmişdir. 4/1389-9/7316 nömrəli ekspert rəyi kifayət qədər əsaslandırılmamış, xx.xx.2018-ci ildən xx.xx.2023-cü ildək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və söz əksini tapmadığı üçün həmin hissədə ekspert rəy verməmişdir. Məhkəmə prosesində cavabdeh iddiaçı tərəfindən tərtib olunmuş "Time Sheet"ləri qəbul etmiş və qeyd etmişdir ki, bu avtomobillərin kilometrajının müəyyən edilməsi üçündür. Lakin orada yazılanları qəbul etməmiş, proses zamanı əmək haqqının hesabalanması barədə sənəd tələb olunsa da, cavabdeh tərəfindən əmək haqqının hesablanması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh özü də "Time Sheet" in onlarda olan nüsxələrini məhkəməyə təqdim etmişdir. Həmin "Time Sheet"lərdə də işçinin işə nə vaxt başladığı və nə vaxt bitirdiyi qeyd olunmuşdur. Ordan göründüyü kimi iddiaçı hər gün təxminən səhər saat 07:20 işə başlamış və axşam saat 20:20 işini bitirmişdir. Burdan da göründüyü kimi iddiaçı gün ərzində ən azı 12-13 saat sükan arxasında olmuşdur. Əmək müqaviləsinin əlavəsi olan vəzifə təlimatında isə işçinin gün ərzində məksimum 6 saat 40 dəqiqə sükan arxasında olması qeyd olunmuşdur. Lakin bütün bu hallar məhkəmədə tərəflərondən mübahisələndirilsə də, məhkəmə bu hissələri araşdırmamışdır. Cavabdeh iddiaçının növbəli iş sistemində işləməsini qeyd etmiş və eyni zamanda növbəlik cədvəlini məhkəməyə təqdim etmişdir. Lakin həmin növbəlik cədvəli barədə işçinin məlumatının olması barədə hər hansı sübüt məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə prosesində X6 tərəf qismində cəlb edilsə də, tərəflərindən tələb olunsa da, məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan əsaslar nəzərə alınmadan və araşdırılmadan qətnamə qəbul olunmuşdur. Cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, iddiaçının əlavə iş saatı və qeyri iş günlərinə görə əmək haqqı ödənilmədiyi üçün iddiaçı ailəsinin maddi tələbatlarını tam ödəyə bilməmişdir. Həmçinin istirahət günləri və əlavə iş vaxtı işlədiyi üçün ona əlavə əmək haqqı ödənilmədiyindən iddiaçı uzun müddətdir ki psixoloji və mənəvi sarsıntı keçirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlara düzgün istinad edilməmişdir. Məhkəmə yalnız cavabdehin fərziyyələrinə və bundan əvvəl baxdığı anoloji işə istinad etməklə qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Əmək müfəttişliyində işçinin, yəni iddiaçının şikayəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, bəzi illərdə iddiaçının əmək məzuniyyəti və işdən çıxan zaman son haqq hesab düzgün hesablanmamışdır. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmiş və iş üzrə məhkəmə mühasibatlıq və xətşunaslıq ekspertizaların təyin edilməsi barədə vəsatətlər verilsə də, məhkəmə tərəfinndən vəsatətlər əsassız olaraq rədd edilmişdir. Müvafiq ekspertizalar təyin olunsa idi, işin obyektiv və ədalətli həllinə zəmin yaradardı. Məhkəmə bilərəkdən bunu etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinin tələblərinə riayət etmədən, cavabdehin təqdim etdiyi saxta ərizə əsasında qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin saxta göstərdiyi hallara istinad edərək, həmin halları araşdırmadan, iddiaçının dəlillərini nəzərə almadan əsassız və qanunsuz olaraq, iddianı təmin etməmişdir. Halbuki, cavabdehin öz öhdəliklərini tam və lazımı qaydada yerinə yetirməməsi, cavabdehin əmək qanunvericiliyinin tələblərini pozmasının göstəricisidir. Lakin məhkəmə bu halı nəzərə almadan iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir. Apellyasiya icraatında müəyyən edilən hallar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdəfiə etmiş, şikayətin məzmununa uyğun izahat verməklə bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin İddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. İddiaçı 2018-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Cavabdeh tərəfindən birtərəfli qaydada dəyişdirilən əmək müqaviləsində işə başlama və işin vaxtı qeyd olunmamışdır. Həmçinin, iş vaxtı və iş rejimi düzgün qeyd olunmamış, bu Əmək Müqaviləsində deyil, yalnız vəzifə təlimatında öz əksini tapmışdır. Cavabdeh tərəfindən təqdim edilən "Time Sheet"lərdə də işçinin işə nə vaxt başladığı və nə vaxt bitirdiyi qeyd olunmuşdur. Ordan göründüyü kimi iddiaçı hər gün təxminən səhər saat 07:20 işə başlamış və axşam saat 20:20 işini bitirmişdir. Burdan da görfündüyü kimi iddiaçı gün ərzində ən azı 12-13 saat sükan arxasında olmuşdur. Əmək müqaviləsinin əlavəsi olan vəzifə təlimatında isə işçinin gün ərzində məksimum 6 saat 40 dəqiqə sükan arxasında olması qeyd olunmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamışdır, qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlamışdır. İşlədiyi yerdə şəxs üçün yüksək səviyyədə əmək şəraiti yaradılmış, yüksək əmək haqqı ilə təmin olunmuşdur. İş materiallarında olan növbə cədvəllərindən göründüyü kimi işçi səhər saat 07:00-dan 10:00-a qədər və günortadan sonra isə 15:40-dan 18:50-yə qədər işləməlidir. Sürücülərin o cümlədən iddiaçının yeganə işləri şirkətin əməkdaşlarının Bakı şəhərinin müxtəlif yerlərindən səhər Dərin Özüllər zavoduna aparmaq, axşam isə geriyə gətirməkdən ibarət olmuşdur. Bunun üçün səhər maksimum 1,5 saat, axşam da 1,5 saat vaxt sərf olunur.İddiaçı gündəlik təqribən 70-120 km məsafədə maşını idarə etmişdir. Ona görə də iddiaçının faktiki olaraq işlədiyi zaman gündəlik maksimum 3-4 saatdan artıq ola bilməz. Buna baxmayaraq, işəgötürən işçiyə 40 saatlıq iş vaxtı müəyyən etmiş və ona aylıq tam məbləğdə maaş ödəmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 89. 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci bəndinə əsasən, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.9-cu bəndində göstərilmişdir ki, Əsas iş vaxtı Vəzifə Təlimatına əsasən müəyyən olunur. 4.10-cu bəndində isə qeyd edilmişdir ki, istirahət günləri Vəzifə Təlimatına əsasən müəyyən olunur. İddiaçının özü tərəfindən imzalanmış Vəzifə Təlimatında iş saatıgündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında; istirahət vaxtı- həftədə bir gün qeyd edilmişdir. Qanunvericiliyin tələbinə görə iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulur. Hazırki iş üzrə isə işəgötürənin işçinin iş vaxtından artıq işləməsinə dair hər hansı əmrin mövcudluğu müəyyən edilmir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2 nömrəli əlavəsindən görünür ki, iş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur. İşçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram və istirahət günlərində, axşam və gecə saatlarında görülən işlərə görə qanvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur. Ödəniş cədvəllərindən görünür ki, əmək haqqı hesablanarkən işçinin əsas əmək haqqı, istirahət və bayram günləri işləməsi, əlavə iş vaxtı üçün ödəniş, məzuniyyət günləri, xəstəlik üzrə ödənişlər, dayanacaq xərcləri nəzərə alınmış, "alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qeydi ilə iddiaçı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən də görünür ki, İddiaçı Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. əksini tapmamışdır. Tədqiqatda iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi, tabel uçot vərəqləri, əmək haqqı hesablanması və ödənilməsini özündə əks etdirən cədvəl məlumatlarına əsasən İddiaçı Böyük Britaniyanın "X4 Services LTD” Şirkətinin Filialında xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində işlədiyi faktiki iş saatlarına görə ona əmək haqqının hesablandığı və ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, əmək müqaviləsinə 1,2 və 3 nömrəli əlavələrdə "İddiaçı” qrafalarındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Beləliklə, iddiaçının iddia etdiyi kimi iş saatından əlavə saatlarda və qeyri-iş günlərində işləməsi müəyyən edilməmişdir.

13. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 325/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar