Məhkəmə qərarları › İş №2(103)-2044/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2044/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2044/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi barədə” birgə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 cavabdeh ASC-dən tələb edə biləcəyi 14.000 manat sığorta ödənişinin yarısının, yəni 7.000 manatın, ödənişinin gecikdirilmiş hər gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində (7.000 manat sığorta ödənişi x 227 gün x 0,1 % dəbbə=) 1.589 manat məbləğində dəbbə pulunun, hüquqi yardım almaq üçün vəkilə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat, ümumilikdə 9.589 manat məbləğində pulun; İddiaçı2 cavabdeh ASC-dən tələb edə biləcəyi 14.000 manat sığorta ödənişinin yarısının, yəni 7.000 manatın, sığorta məbləğinin ödənişinin gecikdirilmiş hər gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində (7.000 manat sığorta ödənişi x 227 gün x 0,1 % dəbbə =) 1.589 manat məbləğində dəbbə pulunun, hüquqi yardım almaq üçün vəkilə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat, ümumilikdə 9.589 manat məbləğində pulun, bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda qeyd edilən sığorta ödənişi məbləğindən hər birinin əlavə tələb edə bildikləri 7.000 manat, cəmi isə 14.000 manat məbləğində pulun tələb hüquqları ötürülmüş İddiaçı3 xeyrinə cavabdeh ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Tircan kənd sakini olan İddiaçı1 ilə cavabdeh ASC arasında bağlanmış “Sığorta müqaviləsinə” əsasən İddiaçı1 həmin kəndə yerləşən fərdi yaşayış evi 08.07.2018-ci il tarixdən 07.07.2019-cu il tarixədək sığorta edilmişdir. Müqavilənin şərtinə görə sığorta məbləği 15.000 manat təşkil edir. Həmin kənd sakini olan İddiaçı2 ilə cavabdeh ASC arasında bağlanmış “Sığorta müqaviləsinə” əsasən İddiaçı2 həmin kəndə yerləşən fərdi yaşayış evi 11.02.2018-ci il tarixdən 10.07.2019-cu il tarixədək sığorta edilmişdir. Müqavilənin şərtinə görə sığorta məbləği 15.000 manat təşkil edir. Hər iki müqavilənin qüvvədə olduğu müddətdə, yəni 05.02.2019-cu il tarixdə sığorta hadisəsi, yəni bir neçə rayonların, o cümlədən İsmayıllı rayonun ərazisində zəlzələ baş vermiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 evləri zədələnmiş, onlara külli miqdarda zərər dəymişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sığortalı İddiaçı1 tikinti üzrə 30.010,83 manat, sığortalı İddiaçı2 isə tikinti üzrə 25.007,65 manat məbləğində zərər dəymişdir. İddiaçı1 və İddiaçı2 onların hər birinə ödənilməli olan 14.000 manat məbləğində sığorta ödənişini almaq üçün cavabdeh ASC-yə müraciət etsələr də, ASC, ziyanın daha az məbləğdə olmasını əsas götürərək onlara qat-qat aşağı məbləğdə ödəniş edə biləcəyini bildirmişdir ki, bu təklif İddiaçı1 və İddiaçı2 qane etməmiş və bu səbəbdən də, onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. ASC-nin təqsiri üzündən sığorta ödənişinin iddia ərizəsinin məhkəməyə verilməsi ərəfəsinə gecikmə 227 gün təşkil edir. İddiaçılar hesab edirlər ki, ASC, sığorta ödənişinin gecikdirdiyi hər bir gün üçün onların hər birinə 0,1 dərəcədə faiz ödəməlidir. Onlar, onların hər birinə ödənilməli olan 14.000 manat (cəmi 28.000 manat) sığorta ödənişinin yarısını (7.000 manat + 7.000 manat) iş üzrə digər İddiaçı3 güzəşt etmiş və bu barədə onların arasında 06.09.2019-cu il tarixdə “Tələbin güzəşt edilməsi barədə müqavilələr” bağlanmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi zamanı hüquqi yardım almaq üçün İddiaçı1 və İddiaçı2, hər biri, vəkilə 1.000 manat xərc çəkmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh ASC-dən İddiaçı1 xeyrinə 7.000 manat, İddiaçı2 xeyrinə 7.000 manat, İddiaçı3 xeyrinə 14.000 manat sığorta ödənişinin, 300 manat vəkil xərcinin tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilmiş hissəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05.03.2019-cu il tarixdə İsmayıllı rayonu, Tircan kəndində yerləşən və İddiaçı1, İddiaçı2 məxsus olan fərdi yaşayış evlərinə zəlzələ nəticəsində dəymiş zərərin müəyyən olunması üçün ASC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. Evlərə dəymiş zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında müstəqil ekspertiza xidmətlərini həyata keçirən "xxxx" MMC-yə müraciət olunmuşdur. Həmin MMC-nin mütəxəssisləri tərəfindən evlərə baxış keçirilmiş və onlar tərəfindən 16.04.2019-cu il tarixdə “Qiymətləndirmə hesabatı” verilmişdir. Hesabatda qeyd edilir ki, evlərdə cüzi çatlar var. İddiaçı1 məxsus fərdi yaşayış evinə dəymiş zərər 551 manat, İddiaçı2 məxsus fərdi yaşayış evinə dəymiş zərər isə 278 manat təşkil edir. Bundan sonra, ASC, İddiaçı1 məxsus olan və “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış evin qanuni sahəsinin 86,4 kv.metr, İddiaçı2 məxsus olan və “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış evin qanuni sahəsinin 41,5 kv.metr olmasını, onların adlarına verilmiş “Sığorta şəhadətnamələrini” nəzərə alaraq, şəhadətnamələrdə nəzərdə tutulmuş 150 manat azadolma məbləği çıxılmaqla İddiaçı1 401 manat, İddiaçı2 isə 128,30 manat sığorta ödənişinin verilməsini qərara almışdır. Lakin İddiaçı1 və İddiaçı2 bununla razılaşmamışlar. İddiaçı1 narazılığı onunla əsaslandırmışdır ki ona məxsus evin sahəsi 210 kv.metr, İddiaçı2 isə narazılığı onunla əsaslandırmışdır ki ona məxsus evin sahəsi 120 kv.metrdir. ASC-də öz növbəsində İddiaçı1 və İddiaçı2 ilə razılaşmır, çünki özbaşına, yəni qanunsuz tikililər “Sığorta şəhadətnamalərinin” predmeti deyil, əsas zərər də, məhz evlərin qanunsuz olaraq artırılmış hissələrinə dəymişdir. Bundan başqa, ASC, iddia tələbinin İddiaçı3 aid hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsilə də razı deyil, çünki iddiaçılar arasında bağlanmış 06.09.2019-cu il tarixli “Tələbin güzəşt edilməsi barədə müqavilələrin” qanuna uyğunluğu Rayon Məhkəməsi tərəfindən müzakirə edilməmiş, İddiaçı3 ümumiyyətlə məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Hər üç iddiaçı, habelə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili (nümayəndəsi) Nümayəndə1, iş üzrə üçüncü şəxs olan “Azad İstehlakçılar” İctimai Birliyinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçılar iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh ASC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin və ASC-nin nümayəndəsinin Məhkəməyə verdiyi izahatın məzmununda aydın olur ki, ASC, iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, 300 manat məbləğində vəkil xərcinin ASC-dən iddiaçıların xeyrinə tutulması barədə nəticəni mübahisələndirmir. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənlərə əsaslanan Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh ASC-dən İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdeh ASC-dən İddiaçı3 xeyrinə pulun tutulması hissəsində isə ləğv edilməli və həmin tələb təmin edilməməlidir. Belə ki, cavabdeh ASC tərəfindən İddiaçı1 adına verilmiş “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən” görünür ki, sonuncuya məxsus olan və İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi 08.07.2018-ci il tarixdən 07.07.2019-cu il tarixədək sığorta edilmişdir. Müqavilənin şərtinə görə sığorta məbləği 15.000 manat təşkil edir. Cavabdeh ASC tərəfindən İddiaçı2 adına verilmiş “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən” görünür ki, sonuncuya məxsus olan və İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi 11.02.2018-ci il tarixdən 10.07.2019-cu il tarixədək sığorta edilmişdir. Müqavilənin şərtinə görə sığorta məbləği 15.000 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən şəhadətnamələrdə nəzərdə tutulmuş müddətə, yəni 05.02.2019-cu il tarixdə bir neçə rayonların, o cümlədən İsmayıllı rayonun ərazisində zəlzələ baş vermiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 evləri zədələnmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 07.03.2019-cu il tarixli, 14 və 15 saylı arayışlardan və işdə olan digər sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 zəlzələ nəticəsində zədələnmiş evlərin istismar üçün yararlı vəziyyətə gətirilməsi üçün təmir-bərpa işlərinə ehtiyac var. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı İddiaçı1 və İddiaçı2 dövlət tərəfindən heç bir yardım olunmamışdır. İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 21.02.2019-cu il tarixli aktlardan görünür ki, zəlzələdən sonra İddiaçı1 və İddiaçı2 evlərinə baxış keçirilmiş və müəyyən edilmişdir İddiaçı2 evinin tikintialtı sahəsi 120 kv.metr təşkil edir, evin divarları mişarlanmış əhəng daşından, dam örtüyü dalğavarı dəmir materialdandır. Evdə şaquli və üfüqi çatlar müşahidə olunur. Evdə yaranmış çatların aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac var. İddiaçı1 evinin tikintialtı sahəsi 210 kv.metr təşkil edir, evin divarları mişarlanmış əhəng daşından, dam örtüyü düz dəmir materialdandı. Evdə şaquli və üfüqi çatlar müşahidə olunur. Çatların aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac var. İş üzrə üçüncü şəxs olan “Azad İstehlakçılar” İctimai Birliyinin 16.03.2021-ci il tarixli rəyindən görünür ki, cavabdeh ASC tərəfindən İddiaçı2 və İddiaçı1 sığorta ödənişinin edilməsindən imtina edilməsi üçün əsaslar olmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ASC tərəfindən sığortalı olduqları müddətində sığorta hadisəsi baş vermişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1.-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 901.1-ci maddəsinə görə, qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd-sığorta şəhadətnaməsi verməlidir. Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüflilik əlamətlərinə malik olmalıdır. Məcəllənin 925.1-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Məcəllənin 925.5-ci maddəsinə görə, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məcəllənin 935.1.1-ci maddəsinə görə, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Məcəllənin 923.1-ci maddəsinə görə, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və ya üsulu nəzərdə tutula bilər. Məhkəmə bildirir ki, hazırkı mübahisənin yaranmasına səbəb baş vermiş sığorta hadisəsi (zəlzələ) nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. ASC tərəfindən İddiaçı2 və İddiaçı1 sığorta ödənişinin edilməsindən imtina edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Bu baxımdan qəbul edilməlidir ki, ASC-nin apellyasiya şikayətində qeyd etdiyi tələb, yəni sığorta ödənişinin edilməsi barədə iddianın rədd edilməsi barədə tələb əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin bu hissəsi əsassızdır, formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsi sığortaçı olan ASC-nin sığortalı olan İddiaçı2 və İddiaçı1 sığorta ödənişi etməsi barədə gəldiyi nəticə əsaslıdır. İddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 hesab edirlər ki, zəlzələ nəticəsində onlara dəymiş zərər daha çoxdur və buna görə də, ASC tərəfindən onların hər birinə 14.000 manat məbləğində sığorta ödənişi verilməlidir. Bu tələbi irəli sürmüş İddiaçı2 və İddiaçı1 iddia tələblərinin sübutu kimi mütəxəssis Ə.Əlieyev tərəfindən tərtib edilmiş “Smetalara” istinad edirlər. Belə ki, İddiaçı1 evi ilə bağlı verilmiş “Smetadan” görünür ki, İddiaçı1 evinə zəlzələ nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri, 1991-ci ilin qiymət və normalarına əsasən cəmi 30.010,83 manat təşkil edir (cild İ; iş v. 13- 14). İddiaçı2 evi ilə bağlı verilmiş “Smetadan” görünür ki, İddiaçı2 evinə zəlzələ nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri, 1991-ci ilin qiymət və normalarına əsasən cəmi 25.007,65 manat təşkil edir (cild İ; iş v. 21-22). Cavabdeh ASC iddiaçıların mövqeyi və iddiaçıların istinad etdiyi “smetalar” ilə razılaşmayaraq qeyd edilən “Smetaların” əsassız olduğunu bildirir və bu zaman "xxxx" MMC tərəfindən verilmiş rəylərə istinad edir. Belə ki, həmin MMC tərəfindən verilmiş və cavabdeh ASC-nin istinad etdiyi 04/02-2019 İQ saylı və 04/02-2043 İQ saylı rəylərindən görünür ki, İddiaçı2 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 278 manat, İddiaçı1 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün isə 551 manat vəsait tələb olunur (cild İ; iş v. 105- 112, 130-138). İş materiallarından görünür ki, cavabdeh ASC, qeyd edilən rəylərə, İddiaçı1 və İddiaçı2 adlarına verilmiş “Sığorta şəhadətnamələrini” nəzərə alaraq, şəhadətnamələrdə nəzərdə tutulmuş 150 manat azadolma məbləği çıxılmaqla İddiaçı1 401 manat, İddiaçı2 isə 128,30 manat sığorta ödənişinin verilməsini qərara almışdır. İşə baxmış Rayon Məhkəməsi iddiaçılar İddiaçı2 və İddiaçı1 dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-texniki və məhkəmə mühəndis-geoloji ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyi almışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.06.2020-ci il tarixli, 29632 saylı rəydən görünür ki, İddiaçı2 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 15.220 manat, İddiaçı1 məxsus fərdi yaşayış evinə zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün isə 16.606 manat vəsait tələb olunur. Bunları nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mövqeyi əsaslıdır. Məhkəmə, apellyasiya baxışı zamanı qeyd edilən həmin ekspert rəyini iş üzrə təqdim edilmiş digər sübutlar ilə yanaşı tədqiq edərək müəyyən etmişdir ki, ekspertizanın rəyi kifayət qədər aydın və ya tam deyil. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Reyestrdən çıxarışlardan” və “Texniki pasportlardan” görünür ki, İddiaçı1 fərdi yaşayış evinin ümumi sahəsi 86,4 kv.metr, İddiaçı2 fərdi yaşayış evinin isə ümumi sahəsi 41,5 kv.metrdir. İşin hallarını və evlərin həm qanuni tikililərdən, həm də qanunsuz tikililərdən ibarət olmasını və başqa xüsusatları (bax cild İİ; iş v 75-78, 23-57) nəzərə almış Məhkəmə hesab etmişdir ki, Ekspertiza Mərkəzinin eksperti qeyd edilən evlərin hüquq müəyyənedici sənədlərdə göstərilən ölçüləri nəzərə almamışdır. Buna görə də, Məhkəmə, qəbul etdiyi 24.05.2021-ci il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və araşdırılıb cavab verilməsindən ötrü ekspertiza qarşısında aşağıdakı suallar qoymuşdur: - İddiaçılar İddiaçı1 və İddiaçı2 və İddiaçı3 Bərşəd mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərində zəlzələ nəticəsindən yaranmış qüsurlar “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulan hissələrdə, yoxsa əlavə tikilmiş hissələrdə yaranmışdır? - Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulan hissələrində yaranmış qüsurların aradan qaldırılması mümkündürmü və bunun üçün nə qədər vəsait tələb olunur? - Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulmamış hissələrində yaranmış qüsurların aradan qaldırılması mümkündürmü və bunun üçün nə qədər vəsait tələb olunur? Həmin qərardad əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, 10/3522 saylı rəydən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 məxsus olan və İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evlərində zəlzələ nəticəsindən yaranmış qüsurlar həm “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulan hissələrdə, həmdə əlavə tikilmiş hissələrdə əmələ gəlmişdir. Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulan hissələrində qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evi üçün 4.389 manat məbləğində, İddiaçı2 fərdi yaşayış evi üçün isə 6.370 manat məbləğində olduğu müəyyən edilir. Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulmayan hissələrində qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin hesablanması isə ekspertiza tərəfindən ilk olaraq 10.06.2020-ci il tarixdə verilmiş rəydə göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh ASC ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış “Sığorta müqavilələrin” predmeti həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış hissələri olmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinin birinci cümləsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 180.1-ci maddəsinin mənasına görə, buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşə baxmış Rayon Məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış “Sığorta müqavilələrin” predmeti kimi həmçinin “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamış, yəni qanunsuz tikililəri də sığorta obyekti kimi qiymətləndirmişdir. Odur ki göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin müzakirə edilən bu hissəsi səhvdir. Cavabdeh ASCnin apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili formal mülahizə xarakteri daşımır. Buna görə də, Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi, yəni cavabdeh ASC-dən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı olan sığorta məbləğlərinin müəyyən edilməsi hissəsi dəyişdirilməli və ASC-dən İddiaçı1 xeyrinə tutulmalı olan məbləğ 4.389 manat, İddiaçı2 xeyrinə tutulmalı olan məbləğ isə 6.370 manat müəyyən edilməlidir. Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş və cavabdeh ASC tərəfindən mübahisələndirilən digər hissəsi ondan ibarətdir ki, iddianın iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ASC-dən hər biri tələb edə biləcək 14.000 manat (cəmi 28.000 manat) sığorta ödənişinin yarısının, yəni cəmi (7.000 + 7.000=) 14.000 manat məbləğində pulun tələb hüquqları ötürülmüş İddiaçı3 xeyrinə cavabdeh ASC-dən tutulmasıdır. Yuxarıda artıq qeyd edildiyi kimi iddia tələbinin bu hissəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1, onların hər birinə ASC tərəfindən ödənilməli olan 14.000 manat, cəmi isə 28.000 manat sığorta ödənişinin yarısını iş üzrə digər İddiaçı3 güzəşt etmiş və bu barədə onların arasında 06.09.2019-cu il tarixdə “Tələbin güzəşt edilməsi barədə müqavilələr” bağlanmışdır (işin İ cildində olan 16-cı və 27-ci vərəqlərin arxa hissəsi). Apellyasiya şikayətində cavabdeh ASC bildirir ki, iddia tələbinin qeyd edilən həmin hissəsi əsassızıdır. Buna baxmayaraq Rayon Məhkəməsi iddiaçılar arasında bağlanmış 06.09.2019-cu il tarixli “Tələbin güzəşt edilməsi barədə müqavilələrin” qanuna uyğunluğunu yoxlamamış və həmin tələbi təmin etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 193.1-ci maddəsinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Məcəllənin 194.4-cü maddəsinə görə, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Məcəllənin 196-cı maddəsinə görə, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə tələbin güzəştinin aparılması mümkün deyil. Çünki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda İddiaçı3 ilə 06.09.2019-cu il tarixdə “Tələbin güzəşt edilməsi barədə müqavilələr” bağlayarkən, onlar 05.02.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində onlara məxsus fərdi yaşayış evlərinə dəymiş zərərə görə ASC-dən hər birinə 14.000 manat məbləğində sığorta ödənişinin ediləcəyini güman edərək, hər biri həmin məbləğin yarısını İddiaçı3 güzəşt etmişlər. Lakin Məhkəmənin gəldiyi və artıq yuxarıda əks olunmuş nəticəsi ondan ibarətdir ki, İddiaçı1 dəymiş zərər 4.389 manat, İddiaçı2 isə dəymiş zərər isə 6.370 manat məbləğindədir və onların tələb etmə hüquqları həmin məbləğlər çərçivəsi ilə məhdudlaşır. Başqa sözlə iddiaçılar İddiaçı2 və İddiaçı1 İddiaçı3 güzəşt etmiş olduqları hüquq mövcud deyil. Odur ki göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin müzakirə edilən bu hissəsi də səhvdir. Cavabdeh ASC-nin apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili formal mülahizə xarakteri daşımır. Buna görə də, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin 14.000 manat məbləğində pulun cavabdeh ASC-dən İddiaçı3 xeyrinə tutulması barədə hissəsi ləğv edilməli və həmin tələbin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsi qismən, yəni cavabdeh "xxxx" ASC-dən İddiaçı3 Bərşəd oğlunun xeyrinə 14.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və himin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul etdiyi 27 oktyabr 2020-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən digər hissəsi, yəni cavabdeh "xxxx" ASC-dən İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı olan sığorta ödənişin məbləğinin müəyyən edilməsi hissəsi dəyişdirilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 4.389 (dörd min üç yüz səksən doqquz) manat, İddiaçı2 xeyrinə 6.370 (altı min üç yüz yetmiş) manat məbləğində pul tutulsun. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni "xxxx" ASC-nin sığortalı olan İddiaçı2 və İddiaçı1 sığorta ödənişi etməli olması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertizasının xərcini təşkil edən 50 (əlli manat) manat məbləğində pul "xxxx" ASC, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər hissələr ilə aid edilsin. Bu məqsəd ilə onların hər birindən 12 (on iki) manat 50 (əlli) qəpik tutularaq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar