Məhkəmə qərarları › İş №2(103)-2046/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2046/2025

01.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2046/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti və Cavabdeh2 X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ipoteka müqaviləsinin ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Aydan Oruclu) ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsinə əsasən borcverən Cavabdeh1 BOKT ASC borcalan Cavabdeh2 Kəndli Fermer MMC-yə 36 ay müddətinə,12 ay güzəşt müddəti olaraq, kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 7%ni, müqavilə üzrə faktiki illik faiz dərəcəsi 7.34% ödəmək şərtilə 25000 (iyirmi beş min) manat məbləğində krediti mülkiyyətinə vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

9. Həmin kredit müqaviləsinin 4-cü bəndinə əsasən bu Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: xx.xx.2019-cu il tarixli 2019/00279-01 İP saylı kredit müqaviləsinin təminatı kimi çıxış edən mülkiyyət hüququ ilə tam İddiaçı məxsus olan Bak şəhəri,, Nəsimi rayonu., 3169-cu məhəllə., Mir Cəlal küçəsi., ev 2A ünvanında yerləşən 120.3 kv.m ümumi., 69,8 kv.m yaşayış və 50.5 kv.m yardımçı sahəsindən ibarət 75 nömrəli mənzil (çıxarış: Seriya RX № 0186094, Döy lət Reyestrində 1406 nömrəli reyestr kitabının 128640 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********49-05301-093029, qcvdivvat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013).

10. Cavabdeh1 BOKT ASC, İddiaçı və Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış 3 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyininin icra edilməsi məqsədilə İpoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin xeyrinə borc alan Cavabdeh2 Kəndli Fermer MMC-yə ayrılmış 25 000 manat məbləğində kreditin təminatı üçün ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 120.3 kv.m ümumi., 69,8 kv.m yaşayış və 50.5 kv.m yardımçı sahəsindən ibarət 75 nömrəli mənzilini ipoteka ilə yüklü edir.

11. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, ev 2A, mənzil 75 üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

13. xx.xx.2020-ci il tarixli, AZ-İİ 126777 nömrəli ölüm haqqında akt qeydinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası Ağcabədi rayonu,Xocəvənd kəndində doğulan X4 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür.

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-481/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh1 BOKT ASC ilə cavabdeh “X7” MMC arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01 (KTN) nömrəli Kredit Müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilmiş, cavabdeh "X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat tutulması, tutmanın, ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065.41 manat məbləğində qalıq, faiz borcu üzrə 202,22 manat, dəbbə pulu üzrə 700 manat, cəmi 14967,63 manat və mediasiya xərcinə görə 95,65 manat iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(103)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-481/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(103)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilmişdir.

17. 24.08.2024-cü il tarixli pretenziya məktubuna əsasən İddiaçı Cavabdeh1 BOKT ASC–yə 10 gün müddətində pretenziya tələbinin təmin olunmaqla, şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən, aralarında bağlanmış mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks halda aidiyyatı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

19. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

20. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

23. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

24. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

27. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

28. 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

29. 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

30. 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

31. 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

32. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

33. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.423.2ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

36. 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

37. 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

38. 1.0.8-ci maddəsinə əsasən əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir.

39. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülkihüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər.

40. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

41. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

48. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

49. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

50. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

56. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası, iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Hazırkı apellyasiya şikayəti iddiaçının iddia ərizəsinə uyğun əsaslandırılmışdır. İddiaçı qeyd edir ki, iş üzrə cavabdeh olmuş “X7” MMC-nin yeganə təsisçisi və direktoru X4 olmuş və o, 2020-ci ilin dekabr ayında vəfat etmişdir. “X7” MMC-nin yeganə təsisçisi və direktoru X4 vəfat edənə kimi kredit ödənişləri hər ay müntəzəm olaraq həyata keçirilmiş, lakin vəfat edəndən sonra ödənişlər dayandırılmışdır. Bir müddət X2 övladları krediti ödəyəcəklərinə söz versələr də, lakin vədlərinə əməl etməmiş, kredit ödənişlərini həyata keçirməmişlər. Şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən iddia tələbi əsaslıdır və məhkəmə qaydasında təmin olunmalı, tərəflər arasında bağlanmış İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01 İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır.

60. Məhkəmə kollegiyası iddiaçının “X7” MMC-nin təsisçisi və direktoru Ə.Eminovun vəfat etməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etməsinə münasibətdə qeyd edir ki, həmin halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Belə ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

61. İlk növbədə qeyd edilir ki, hazırkı halda borclu MMC-dir. MMC hüquqi şəxsdir. MM-in 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. MM-in 87.1-ci maddəsinin tələbinə görə MMC-nin iştirakçıları onun öhdəlikləri, MMC isə öz iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır.

62. Bundan başqa, Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, istər MMC-nin təsisçisinin vəfat etməsi, istərsə də istənilən şəxsin vəfatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilə bilməz. Belə ki, Qanun qeyd edir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi- əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Ölüm hadisəsi hər bir halda mümkün bir hadisəsidir, bu ümumi qəbul edilmiş bir reallıqdır, onun mümkünlüyü normal şəraitdə (hətta tamamilə sağlam şəxsə münasibətdə belə) belə istisna edilmir. Bu baxımdan, təsisçinin ölməsi MM-in 422.1-ci maddəsinin təsiri altına düşmür.

63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı müqavilənin ləğv edilməsi üçün istinad etdiyi təsisçinin ölməsi halı şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilmədiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.

64. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Beləliklə, kollegiya hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar