Məhkəmə qərarları › İş №2(103)-2048/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2048/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2048/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, sağlamlığına yetirilmiş xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat, 3 yaşlı qızının ölməsi ilə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat, tibbi xərclərlə bağlı vurulmuş maddi zərərə görə 15.800 manat, övladının dəfn və yas xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 8.000 manat olmaqla, ümumilikdə 93.800 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflərin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə baxılan zaman iş üzrə iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək apellyasiya şikayətindən və iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər aralarında olan mülki mübahisəni öz aralarında məhkəmədən kənar olaraq həll etmişlər və bununla bağlı “Barışıq sazişi” bağlamışlar. Eyni zamanda, cavabdehlər də ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya şikayətlərindən imtina etdiklərini bildirərək, barışıq sazişinin təsdiq edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiadan və apellyasiya şikayətlərindən imtina, barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri, habelə iş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçının özü tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. “İddiadan imtina barədə ərizənin” təmin edilməsi iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və iddia üzrə işin icraatına xitam verilməsi ilə nəticələndiyindən Məhkəmə hesab edir ki, apellyasiya şikayətlərindən imtina və barışıq sazişinin təsdiq edilməsi barədə ərizələrin müzakirəsi üçün əsas qalmır. Ona görə də, həmin ərizələr təmin edilməməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar