Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2051/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5963/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05.01.2020-ci il tarixdən başlayaraq onun xeyrinə yetkinlik yaşına çatmayan 16.11.2018-ci il təvəllüdlü X4 və 26.05.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat və hər uşağın saxlanması üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsədov X1 Aynur Xəqani qızına qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 17.03.2018-ci il tarixdə 578 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, İddiaçı nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.01.2020-ci il tarixdən başlayaraq onun xeyrinə yetkinlik yaşına çatmayan 16.11.2018-ci il təvəllüdlü X2 və 26.05.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat və hər uşağın 3 yaşına çatanadək saxlanması üçün 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17.03.2018-ci il tаriхdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladı - 16.11.2018-ci il təvəllüdlü X5 və 26.05.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. 05.01.2020- ci il tаriхdən valideynlərinin уаnında уаşayır. Cavabdeh onunla barışmaq üçün heç bir ciddi cəhd еtmir, uşaqlarının maddi-mənəvi əziyyətini çəkmək və valideynlik vəzifəsini уеrinə уеtirmək istəmir. Dəfələrlə şifahi və yazılı (votsap vasitəsilə) şəkildə uşaqların saxlanması üçün maddi köməklik etməsini xahiş və tələb etsə də, Cavabdeh uşaqlаrına maddi yardım göstərməyəcəyini bildirmişdir. Özü və uşаqlаrı yalnız valideynlərinin köməkliyi ilə dolanırlar. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, bir qədər sonra həyat yoldaşı İddiaçı xasiyyətində ciddi dəyişikliklər müşahidə etmişdir. Həyat yoldaşı tez-tez yerli-yersiz dava salmış, səbəbini soruşduqda isə onu təhqir etmişdir. Artıq onlar faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Həyat yoldaşı ailənin bərpası üçün heç bir cəhd etməmişdir. Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 17.03.2018-ci il tarixdə 578 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 16.11.2018-ci il təvəllüdlü X4 və 26.05.2020-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılmaları, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.07.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayətləri verilmişlər. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətində, qətnamənin ləğv edilməsinin, hər uşağın saxlanılmasına görə 05.01.2021-ci il tarixdən 193 manat olmaqla cəmi 386 manat, uşaqlara baxmağa görə isə ataya hər uşağa görə 50 manat olmaqla cəmi 100 manat, ümumilikdə 486 manat alimentin ilkin iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə yeni qəətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin qismən, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edərək, hər ay 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hazırda maddi cəhətdən çox əlverişsiz şəraitdədir. Alimenti qətnamədə qeyd edilən formada icra etmək iqtidarında deyildir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə elektron qaydada tərəflər arasında olan Whatsapp yazışmalarını təqdim etmiş, həmin yazışmalarda sübut olunur ki, iddaçı məhkəməyə müraciət etməmişdən daha əvvəl aliment ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, eyni zamanda qeyd olunan Whatsapp yazışmalarının Cavabdehla aparıldığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cacvabdeh məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin аpеllyаsiyа şikаyəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma tarixi hissəsində dəyişdirilməlidir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı tərəflərin apelyasiya şikayətlərində irəli sürülmüş dəlillərə münasibətdə məhkəmə kollegiyası bildirir ki, bu halda ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın saxlanılması üçün müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə (dəyişdirilməsinə) əsas təşkil etmir. Birinci instansiya məhkəməsi alimnetin tutulma vaxtının başlanğıcı ilə bağlı məsələyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan alimentin 14.07.2021-ci il tarixindən başlayaraq tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə elektron qaydada tərəflər arasında olan 22.02.2021-ci il tarixli Whatsapp yazışmalarını təqdim etmiş, həmin yazışmalarla da müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməmişdən daha əvvəl aliment ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və bu halı cavabdehin nümayəndəsi-vəkili də təsdiqləmişdir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl alimentin alınması ilə bağlı tədbirlər görmüş, lakin aliment ödəməli olan şəxs Cavabdeh onu verməkdən boyun qaçırdığından hazırki halda alimentin əvvəli 22.02.2021-ci il tarixdən hesablanmalıdır. Tələbin “uşaqlar 3 yaşına çatanadək hər uşaq üçün hər ay 50 manatın, cəmi 100 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 85.1-ci və 85.1.1-ci maddələrinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, keçmiş ər-arvad arasında saziş olmadıqda, keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın keçmiş ərdən aliment tələb etməsi bir-neçə şərtin – xüsusilə nikahın pozulmuş və keçmiş ərin zəruri vəsaitə malik, eləcə də keçmiş arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan keçmiş ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin keçmiş arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı baxımından həmin şərtlər mövcud deyil və əksi ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5963/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin tutulma tarixinin müəyyən olunması hissəsində dəyişdirilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 16.11.2018-ci il təvəllüdlü X2 və 26.05.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin tutulması 22 fevral 2021-ci il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2051/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2051/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver