Məhkəmə qərarları › İş №2(103)-2053/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2053/2025

09.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2053/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1237/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə X7 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur.

2. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumata əsasən tərəflərin əmək faəliyyəti ilə məşğul olması barədə sistemdə hər hansı məlumat mövcud deyil, əmək müqaviləsi aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X9 Respublikasının Şərur rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Nikaha daxil olub birgə yaşadıqları müddətdə aralarında yaxşı münasibət olmuşdur. Lakin son zamanlar uşaqların saxlanılması zəminində aralarında tez-tez mübahisələr baş verir. Belə ki, cavabdeh uşaqların saxlanılması üçün ailəyə pul vermir, uşaqlara qayğı göstərmir, uşaqlara palpaltar almır və onları qida məhsulları ilə təmin etmir. Uşaqların dolandırılması zəminində yaranan mübahisələrə görə münasibətləri kəskin pozulmuşdur, ailəsi dağılmaq ərəfəsindədir. Ona görə də cavabdehdən məcburi qaydada aliment tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1237/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 03 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 79,52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir (hakim X8).

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və xx.xx.2012-ci il təvəllüdlü HüseynzadəSahib Şahmar oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun işsiz olduğunu, heç bir gəlirinin olmadığını, uşaqlara qayğı göstərdiyini, uşaqları ilə hər dəfə görüşəndə onlara pul xərcləməyini, əlavə xərclərinin ödəməyini nəzərə almayıb, iddiaçının yalan məlumatları əsasında əsassız qətnamə qət etmişdir. İddia ərizəsində iddiaçının barəsində uşaqlarla maraqlanmamağı barədə qeyd edilənlər hamısı yalandır. O, uşaqlarına qayğı göstərir. Məhkəmənin çıxardığı qətnamə əsasında ondan tələb olunan alimentin miqdarı həddindən artıq çoxdur. Həmin alimenti o ödəyə bilməyəcəkdir. Bu səbəbdən də məhkəmədə hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ödənilməsinə razılıq vermişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

13. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

14. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən tutulmuş alimentin məbləği ilə razılaşmır, hər uşaq üçün 150 manat aliment ödəyə biləcəyini bildirir.

22. Lakin nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda iddiaçı uşaqların saxlanması üçün aliment tələb edir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin qazancının alimenti ödəmək üçün kifayət qədər qazanca malik olmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

25. Eyni zamanda hazırda minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimentə münasibətdə qeyd edilməlidir ki, bu həddə alimentin müəyyən edilməsi özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

26. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı iş üzrə qətnamənin alimentin məbləği ilə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti (400x0.62x2=496-300=196) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. 28.Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1237/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar