Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2055/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabde Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabde Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5883/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-730/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədi icra olunması üçün Qax rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbənin xx.xx.2020-ci il tarixli "İcraata başlamaq haqqına" Qərarına əsasən icra sənədi üzrə icraata başlamışdır. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə şöbəyə müraciət edərək, cavabdeh tərəfindən ona ödəniləcək aliment borcu tam şəkildə ödənilmiş və gələcəkdə hər hansı aliment tələbi olmayacaqdır. Bununla bağlı gələcəkdə hər hansı iddia, şikayət və tələbim olmayacaqdır. Nəticədə şöbə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması haqqında” Qərara əsasən icra sənədi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Tərəflərin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 220 manat sabit pul məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, halhazırda X6 06 yaşı var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirlmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir.
4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmış ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 730/2020 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Lakin, sonradan iddiaçı Türkiyə Respublikasına yaşamaq və işləmək üçün gedəcəyini ona bildirərək, hesablanmış aliment borcunun birdəfəlik ödənilməsini və azyaşlı qızı Damlanın müalicəsi ilə bağlı iddiaçı ilə birlikdə ölkə hüdudlarından kənara çıxarılmasına razılıq verilməsini xahiş etmişdir. O da azyaşlı uşağının xətrinə hesablanmış aliment borcunun iddiaçıya nağd olaraq, tam şəkildə, eləcə də, qızının müalicə üçün ölkə hüdudlarından kənara çıxarılmasına mübahisəsiz razılıq vermişdir. İddiaçı isə ona ödəniləcək aliment borcunun tam şəkildə ödənildiyi və bununla bağlı gələcəkdə hər hansı iddia, şikayət və tələbinin olmayacağı barədə Qax Rayon İcra şöbəsinə ünvanlanmış notarial təsdiq edilmiş ərizə təqdim etmişdir. Daha sonra isə iddiaçı uşaqla Türkiyə Respublikasına gədərək orada ikinci ailə həyatı qurmuşdur. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə hüquqdan suiistifadə ilə müşayiət edilən, əvvəlki rəftarına və aralarındakı razılaşmaya zidd olan hərəkətə yol verir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5883/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(001)-730/2020 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılması, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 220 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim X8)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(001)-730/2020 nömrəli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat miqdarında aliment tutulmalı və alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
7. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırda iddiaçı aliment borcunun tutulmasını deyil, məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılmasını xahiş edir. Ona görə də, etirazın dəlilləri əsassız olmaqla formal xarakter daşıyır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, “Dövlət rüsumu haqqında” Azərbaycan Republikası Qanununun 8.1.1-ci, 9.1.2-ci, 9.4-cü maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı uşaq 18 yaşa çatana qədər alacağı ümumi aliment məbləğini ondan almasına baxmayaraq, razılaşmanın ziddinə olaraq, azyaşlı övladı ilə görüşməyinə heç bir şərait yaratmır, əksinə maneələr törədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.
26. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır və o, öz mövqeyi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(001)-730/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği üzrə yaranmış borcunu birgə nikahdan doğulmuş uşağın Türkiyə Respublikasında müalicə olunması məqsədi ilə iddiaçıya birdəfəlik ödədiyinə, iddiaçının da həmin hal üzrə gələcəkdə də heç bir iddia və tələbinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizəsinin olduğuna istinad edir.
27. Lakin nəzərə alınmalıdır ki, cavabdehin qeyd etdiyi dəlillər müəyyən edilmiş aliment məbləğinin artırılmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin istinad etdiyi hal əvvəlki məhkəmə qətnaməsi üzrə müəyyənləşdirilmiş aliment məbləği üzrə yaranmış borc ilə bağlıdır. Hazırki iş üzrə isə iddia tələbinin predmetini həmin borc məbləğinin ödənilməsi deyil, müəyyən edilmiş aliment məbləğinin artırılması təşkil edir.
28. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, iddiaçının istinad etdiyi notarial qaydada təsdiq edilmiş ərizədə uşağın 18 yaşına çatanadək ödənilməli olan aliment məbləğinin ödənildiyi deyil, məhz aliment borcunun tam ödənildiyi qeyd edilir. Bu da öz növbəsində həmin tarixə ödənilməli olan lakin ödənilməmiş aliment məbləğin ödənilməsini özündə ehtiva edir və qeyd edilən qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin uşaq 18 yaşına çatanadək ödənilməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Hər bir halda, ödənilmə vaxtı çatmamış aliment məbləği borc kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, bu ərizədə cavabdeh tərəfindən iddiaçıya ödənilən pulun məbləği də konkret göstərilməmişdir ki, bu məsələyə həmin məbləğ əsas götürülməklə hüquqi qiymətin verilməsi mümkün olsun.
29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2020-ci il) qəbul edilməsindən 3 ildən artıq müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Alimentin əvvəlki miqdarda saxlanılması uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən uzaqlaşdırır.
30. Məhkəmə kollegiyası o halı da qeyd edri ki, hazırda cavabdehdən ödənilməsi tələb edilən aliment məbləği 220 manatdır. Bu məbləğ isə cavabdehin əvvəlki aliment öhdəliyindən cəmi 50 manat fərqlənir. Cavabdeh isə apellyasiya şikayətində həmin 50 manat məbləğ fərqi nisbətində artımın onun yaşayış şəraitini nə formada pisləşdirəcəyini əsaslandıra bilməmişdir. Bu da öz növbəsində həmin miqdarın artırılmasını şərtləndirir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 220 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri isə məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, “Planlaşdırılmamış xərclər” məfhumu mövcuddur və reallıqda uşaqlarla bağlı tez-tez yaranır.
32. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (50x12=600 manat) 600 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5883/2023 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.