Məhkəmə qərarları › İş №2(103)-2076/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2076/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2076/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-4057/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşlar.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3171/2021 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların Cavabdeh yanında qalması müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5188/2021 nömrəli qərarı ilə xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır.

4. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(005)-1933/2023 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində müəyyən edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4702/2023 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayət təmin edilməyərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)- 1933/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan övladları xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)-1933/2023 saylı qətnaməsi ilə artırılan alimentin miqdarının azaldılaraq hər uşaq üçün hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda rəsmi olaraq işlədiyi qurumda əmək haqqı 475 manat təşkil edir. Onun tərəfindən aliment ödənildikdən sonra özünə 25 manat əmək haqqı qalır ki, bununla da özünün təminatını qarşılamaq xeyli çətindir. Başqa bir gəlir mənbəyi yoxdur. Cavabdeh özəl klinikada həkim-laborant işləməklə 600 manat rəsmi maaş almaqla yanaşı, ümumilikdə aylıq cəmi 1.200 manata yaxın rəsmi və qeyri-rəsmi gəliri vardır. Cavabdehin alimentlə birlikdə ümumilikdə ailə büdcəsi 1.000 manatdan yuxarı ola biləcəyi halda onun üçün yalnız 25 manat pul saxlanılması onun üçün ədalətsiz olmaqla yanaşı maddi vəziyyətini də çətin hala salmış olur. Səhhəti də qənaətbəxş deyildir. Belə ki, uzun müddətdir boyun yırtığından əziyyət çəkir. Bu səbəbdən də, xırda çəkidə ağırlıq qaldırmağı belə uzun müddət müalicəsinin davam etməsinə gətirib çıxarır. Həmçinin, cavabdeh uşaqların onu görməsinə şərait yaratmır. Bu səbəbdən də cavabdehin onun uşaqlarla maraqlanmaması barədə gətirdiyi arqument həqiqəti əks etdirmir.

8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 4057/2023 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Rüstəmov) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (əmək haqqının az olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının maddi qazancının az olması övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

10. Məhkəmə iddiaçının xəstəliyi ilə əlaqədar gətirdiyi arqumentlərə münasibətdə qeyd etmişdir ki, iddiaçının bildirdiyi boyun yırtığı xəstəliyi onun əmək qabiliyyətini itirməsinə təsir göstərməmişdir. Bu səbəbdən də həmin əsasla alimentin miqdarı azaldıla bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasının təmin edilməsi halında hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər.

12. Həmçinin, hal-hazırda tutulan aliment Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)-1933/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4702/2023 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təxminən 3 ay sonra xx.xx.2023-cü il tarixdə “alimentin miqdarının azaldılması” barədə tələblə müraciət etmişdir. İddiaçı 3 ay kimi qısa vaxtda maddi durumunda hər hansı çətinlik baş verməsini əsaslandırmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş) 2 saylı prinsipinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarına, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Qanunun 5,6, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırki işdə iddia təmin edilmədiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. İşdən görünür ki, tərəflərin uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat alimentin təyin olunması barədə qətnamə qanuni qüvvəsini aldıqdan təxminən 3 ay sonra iddiaçı hazırki tələblə məhkəmə müraciət etmiş, lakin qısa vaxtda ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə sübutlarını təqdim etməmişdir.

28. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçıdan tutulan alimentin məbləği uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan da azdır.

29. Kollegiya qeyd edir ki, alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatının daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşaqların üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-4057/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar