Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2077/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə2 və X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq, 30.000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, dəymiş mənəvi zərərə görə 30.000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat, cəmi 30.180 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi tərəfindən İddiaçı tərəfindən imzalanmış (onun imzası xx.xx.2023-cü il tarixdə Quba RİHBnin Yerli kənd YƏD üzrə nümayəndəsi Ə.Həsənov tərəfindən təsdiq edilmişdir) ərizə təqdim edilmişdir. Həmin ərizədə İddiaçı "xxxx" ASC-yə qarşı “maddi ziyan və mənəvi zərərlə bağlı heç bir iddia tələbinin olmadığını, vəkil X3 "xxxx" ASC-yə qarşı onun xəbəri olmadan iddia qaldırdığını bildirmiş və "xxxx" ASC-yə qarşı heç bir tələbi olmadığından icraatda olan "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(103)-2077/2023 saylı mülki işə xitam verilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili (order xx.xx.2023-cü il tarixdə verilmişdir) və nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə məlumat, o cümlədən iddiaçı və onun ailə üzvləri (əri və iki oğlu) tərəfindən imzalanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar və CD disk təqdim etmişdir. Məzmun etibarı ilə biri-birinə ziddiyyətli olan birinci, yəni xx.xx.2023-cü il tarixli aktda xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin işçisinin onların yaşadığı Quba rayonu,Yerfi kəndinə gəldiyi və iddiaçıya məzmunu bilmədiyi və izah etmədiyi sənədə imza çəkdirdiyi bildirilmişdir. İkinci, yəni xx.xx.2023-cü il tarixli aktda isə həmin şəxsin qeyd edilən tarixdə onların yaşadığı Quba rayonu,Yerfi kəndinə gəldiyi, iddiaçının cavabdehdən tələb etdiyi mənəvi zərər məbləğinin cəmiyyət tərəfindən deyil, cəmiyyətdə işləyən fəhlə və sair işçilərdən qəpik-qəpik yığılaraq ona veriləcəyini bildirdiyi, ona görə də tələbdən imtina etməsini təklif etdiyi, onların da fəhlə və işçilərdən pul istəmədikləri, lakin cəmiyyətdən mənəvi zərər tələb etdikləri barədə məlumat verdikləri göstərilmiş və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etdikləri qeyd edilmişdir. Məhkəmə kollegiyası məzmun etibarı ilə biri-birinə zidd olan ərizələr və aktların təqdim edilməsini, habelə iddiaçının Quba rayonu, Yerfi kəndində yaşamağını və bu kəndin dəniz səviyyədindən 1.500 metr yüksəklikdə yerləşməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməməsi barədə iddiaçının müraciətlərini nəzərə alıb, iddiaçının real olaraq iddiadan imtina edib-etməməsinin müəyyən edilməsi, o cümlədən iddiaçının və ya onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasını təxirə salmışdır. Bundan sonra 04 may 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndələri məhkəməyə iddiaçı tərəfindən imzalanmış və Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş ərizəni təqdim etmişdilər. Həmin ərizədə iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyan və mənəvi zərərlə bağlı heç bir iddia tələbinin olmadığını, vəkil X3 "xxxx" ASC-yə qarşı onun xəbəri olmadan iddia qaldırdığını göstərmiş və "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(103)-2077/2023 saylı mülki işə xitam verilməsini xahiş etmişdir. Həmin ərizə üzrə iddiaçının imzasının həqiqiliyini təsdiq edən Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X7 İddiaçı onun iştirakı ilə edilmiş imzasının həqiqiliyini təsdiq etdiyini, imza edənin şəxsiyyətinin müəyyən edildiyini, habelə bu notariat hərəkətinin ofisdən kənar, Quba rayonu, Yerfi kəndində, xx.xx.2023-cü il tarixdə, saat 18;00-da aparıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri Nümayəndə2 və X8 ayrı-ayrılıqda İddiaçı iddiadan imtinasının qəbul edilməsini xahiş etmişdilər. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, iddiaçının lazımi qaydada xəbərdar edilməsini, habelə Quba rayonunun cənubunda, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Yerfi kəndində yaşaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə xx.xx.2023-cü il tarixli teleqramını nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, iş üzrə icraata xitam verilməsi barədə ərizənin cavabdeh tərəfindən təqdim edilməsi nəzərə alınaraq, fasiləsiz video-audio yazısı aparılan məhkəmə iclasından iddiaçı ilə telefon əlaqəsi yaradılmış və onun ərizəyə dair münasibəti öyrənilmiş, o cümlədən ərizənin nəticələri ona izah edilmişdir. İddiaçı isə cavabdehə qarşı hazırki iddianı qaldırmadığını, cavabdehə qarşı hər hansı tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə ərizəni şəxsən imzaladığını və ərizəni müdafiə etdiyini, habelə bu məsələdə ona hər hansı təsirin və təzyiqin göstərilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtinası barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, cavabdeh tərəfin ərizəyə münasibətini öyrənib, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərəkətlərin qanuna zidd olması dedikdə müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi və həmin hərəkətin mahiyyətinin qanuna zidd olması başa düşülür. Həmin hərəkətlərin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması dedikdə isə bu hərəkətlərin doğurduğu hüquqi nəticələrin konkret hüquqi və ya fiziki şəxsin qanuni maraqlarına birbaşa zidd olması başa düşülür. Beləliklə, məhkəmə, hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384.0.5-ci, 402-ci, 403-cü, 404-cü, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2077/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2077/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver