Məhkəmə qərarları › İş №2(103)-2081/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2081/2021

26.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2081/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Nəsimi Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh2 MMC, Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı ASC və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC (hazırda “xxxx” MMC) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Başqa mülki iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 19.02.2018-ci il tarixli qətnamə ilə qət olunub ki, İddiaçı Cavabdeh3 BOKT ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 31.573,60 ABŞ dolları məbləğində pul tutulsun və tutma İddiaçı məxsus, ipoteka predmeti olan əmlaka – Nəsimi rayonu, Cavadxan küçəsi, ev № 62-də yerləşən 15 №-li mənzilə (bundan sonra – mənzil) yönəldilsin. Həmin qətnamənin əsasında icra vərəqəsi verilib, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC mənzilin satılması üzrə hərrac keçirib. “Hərracın yekunları barədə” 26.10.2018-ci il tarixli, 146 №-li protokol və 26.10.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 BOKT ASC mənzili 60.562 manata əldə edib. Daha sonra mənzil üzərində Cavabdeh3 BOKT ASC-nin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənzillə bağlı hərracın nəticələri haqqında protokol, alqı-satqı müqaviləsi və mülkiyyət hüququnun qeydə alınması barədə reyestr çıxarışı ləğv edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, mənzillə bağlı hərracın nəticələri haqqında protokol və alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və mülkiyyət hüququna dair reyestr çıxarışı ləğv edilsin, habelə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 BOKT ASC tərəfindən ödənilmiş 60.562 manat həmin ASC-yə qaytarılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Mənzilin satılması üzrə birinci hərrac 10.09.2018-ci il tarixə, təkrar hərrac isə 19.10.2018-ci il tarixə təyin olunub. İlk hərrac barədə bildirişin 21.08.2018-ci il tarixdə, təkrar hərrac barədə bildirişin isə 11.10.2018-ci il tarixdə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) İddiaçı çatdırılması barədə poçt xəbərnamələri iş materiallarına əlavə olunub. İş üzrə keçirilmiş məhkəmə xətt ekspertizasının rəyi ilə müəyyən olunub ki, təkrar hərrac barədə bildirişin İddiaçı çatdırılması barədə poçt xəbərnaməsindəki (iş v. 129) imza həmin şəxsə məxsus deyil. Bundan başqa, imza İddiaçı məxsus olmasa da bildiriş həmin şəxsin ünvanına o halda çatdırılmış sayıla bilər ki, ünvanda yaşayan şəxslərdən biri bildirişi İddiaçı verilməsi üçün qəbul etsin. Lakin bildirişin məzmunundan onu qəbul edən şəxsin kimliyini (adını, soyadını və ünvan sahibinə münasibətini) müəyyən etmək mümkün deyil. Ona görə də hesab olunur ki, bildiriş İddiaçı ünvanına çatdırılmayıb. Belə vəziyyətdə hərrac keçirilə bilməzdi. Lakin bildirişin ünvana çatdırılması üçün başqa tarixdə təkrar təşəbbüs göstərilməyib və hərrac keçirilib. Hərracın təşkilatçısı hərracın keçirilməsi barədə ipoteka qoyanı məlumatlandırmalıdır. Bu qayda “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsindən və Mülki Məcəllənin 415.2-ci maddəsində irəli gəlir. Lakin müəyyən olunur ki, təşkilatçı – Cavabdeh2 MMC bu qaydaya əməl etməyib. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin edib. İddianın əsasından müəyyən olunur ki, iddia ərizəsində hərracın nəticəsinə münasibətdə “ləğv edilsin” ifadəsi “etibarsız hesab edilsin” mənasında işlədilib. Birinci instansiya məhkəməsi iddiadan kənara çıxmayıb. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar