Məhkəmə qərarları › İş №2(103)-2087/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2087/2023

29.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2087/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: pul ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2010-cu il tarixli 11573 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" tərəfindən Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok 3 otaqdan ibarət olmaqla ümumi yaşayış sahəsi 112,32 kv/m 87 nömrəli mənzili 56160 manat ödəniş edərək almış, bu barədə xx.xx.2010-cu il tarixdə N4553 nömrəli maliyyə arayışı verilmiş, lakin sonradan yəni xx.xx.2010-cu il tarixdə öz istəyinə uyğun olaraq iddiaçının adına keçirilmiş, bu barədə iddiaçıya mənzilə dair N4911 nömrəli maliyyə arayaışı verilmişdir. Bundan sonra həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Həmin sənədlərdə daşınmaz əmlakın ümumi sahəsi 98,40 kv/m göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə artıq ödənilmiş 6.960 manat, 2008-ci il tarixdən başlayaraq 10 ilə görə hər ili 500 manat olmaqla ümumi olaraq 5 000 (beş min) manat zərərin, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə və xx.xx.2010-cu il tarixli N4553 nömrəli maliyyə arayışında Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok 3 otaqdan ibarət olmaqla 87 saylı mənzilin ümumi yaşayış sahəsi 112,32 kv/m göstərilmişdir. Beləliklə, müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə 7 nömrəli binanın 1 blok üç otaqdan ibarət olmaqla 87 nömrəli mənzilin 1 kv/m üçün 500 manat müəyyən edilmiş və 112,32 kv/metrə görə 56160 manat pul vəsaiti alınmış, halbuki mənzilin ümumi sahəsi 98,40 kv/m təşkil edir. Bunun dəyəri isə 49200 manat olduğu halda iddiaçıdan 6960 manat artıq pul vəsaiti alınmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-195/22 saylı iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə, habelə xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421 , 437.1, 568.1, 577.1, 578.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində faktiki sahənin 104,7 kv.metr olmasının göstərilməsinə baxmayaraq məhkəmə bu sübuta əhəmiyyət verməmiş, bu rəylə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini nəzərə almamışdır. Əksinə, məhkəmə bu sübuta zidd olaraq haradan götürməsi və hesablanması bəlli olmadan mənzil sahəsinin 112,32 kv.metr təşkil etdiyini göstərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10.Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 12.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 13.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 14.Maddə 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 15.Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 16.Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Apellyasiya baxışının hədləri 17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 19.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 20.Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə əsasında yaranmışdır. 21.Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı Məhəllədə Y.Əliyev küçəsində inşa etdirdiyi 7 nömrəli binanın, 1 blok, 73 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv/m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 56160 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 98,40 kv/m göstərilmişdir. 22.Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. 23.Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. 24.Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. 25.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. 26.Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 27.Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. 28.Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. 29.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarlarına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda inşa edilən 7 nömrəli binanın 1 blok, 3 otaqdan ibarət, 87 nömrəli mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 98,4 m2 təşkil etdiyi müəyyən edilir. Sözügedən mənzilin oxdan-oxa sahəsi, yəni qonşu tikililərlə arakəsmə divarların yarısının yerləşdiyi sahə, daxili arakəsmələrin sahəsi bütövlüklə, mənzildə olan dəhliz, sanitar novşağı, yaşayış otaqları, mətbəx və balkonun sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 112,3 kv/m təşkil edir. 30.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”), Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində aşağıdakılar göstərilir: 31.Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 32.Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 33.Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. 34.İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 112,3 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza üzrə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmamışdır. 35.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə malik mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 37.Bundan əlavə, Kollegiya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. 38.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar