Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3630/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilin çıxarışda qeyd olunan sahəsi ilə faktiki sahəsi arasında fərq olduğu üçün artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-194/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə- 2595, ev 7, mənzil 76-nı İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 112,32 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 62.056,8 manat alıcı tərəfindən ASC-yə tam ödənilmişdir.
2. Qeyd olunan mənzilə dair İddiaçı DƏDRX-dən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 98,40 kvadrat metr olması qeyd edilmişdir.
4. İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi. 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət olan mənzilin ümumi yaşayış sahəsi 112,32 kv.m kimi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz qəpik) pul vəsaitinin, 2008-ci il tarixdən başlayaraq 12 ilə görə hər ili 500 manat olmaqla ümumi olaraq 6.000 (altı min) manat zərərin, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli 5511 nömrəli alqısatqı müqaviləsinə əsasən X5 MMC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv.m olan 76 nömrəli mənzili 62,056,80 (altmış iki min əlli altı manat səksən qəpik) ödəniş edərək almışdır. Bundan sonra, həmin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış və texniki pasport verilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdə daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 98,40 kv.m göstərilmişdir. Halbuki, aralarında bağlanmış müqaviləyə və xx.xx.2008-ci il tarixli N2092 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət 76 nömrəli mənzilin ümumi yaşayış sahəsi 112,32 kv.m göstərilmişdir. Belə olan halda məlum olur ki, ümumi yaşayış sahəsinin düzgün hesablanması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilmişdir. Beləliklə də, yuxarıda göstərilənlərdən müəyyən olunur ki, xx.xx.2008ci il tarixdə 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət 76 nömrəli mənzilinin 1 kv.m-nin qiyməti 552,50 (beş yüz əlli iki manat əlli qəpik) müəyyən edilmiş və 112,32 kv.m-ə görə 62,056,80 manat pul vəsaiti alınmışdır. Halbuki, mənzilin ümumi sahəsi 98,40 kv.m təşkil edir, bunun dəyəri isə 54.366 manat olduğu halda ondan 7690,08 (yeddi min ,altı yüz doxsan manat səkkiz qəpik) manat artıq pul vəsaiti alınmışdır. Göründüyü kimi, xx.xx.2008-ci il tarixdən etibarən əsassız olaraq iddiaçıdan alınmış 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz, qəpik) manat pul vəsaitini X5 MMC özündə saxlamaqla ondan faydalanmışdır. Belə olan halda Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq faizlər ödəməlidir. Cavabdehə pretenziya verərək 7.690,08 (yeddi min altı yüz doxsan manat səkkiz qəpik) manat, 2008-ci ildən başlayaraq 12 ilə görə hər il 500 manat olmaqla, ümumi olaraq 6.000 (altı min) manat, cəmi isə 13.690,08 (on üç min altı yüz doxsan manat səkkiz qəpik) manat pul vəsaitinin ona ödənilməsini xahiş etsə də, müraciətinə cavab verilməmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 194/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan mənzilin ümumi sahəsi faktiki olaraq 112,32 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azalma əmsalı tətbiq edilərkən 98,40 kvadrat metr təşkil edir. Yəni, mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 98,40 kvadrat metr kimi hesablansa da, cavabdeh ASC müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 112,32 kv.m təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 112,32 kv.m olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 6.1.5, 385.1, 389.1, 390.1, 442, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə 62056,8 manat vəsait müqabilində cavabdeh iddiaçıya 112,32 kv.metr yaşayış sahəsi verməli idi, bu sahənin verilməsi iş materialları ilə sübuta yetirilmir və cavabdeh bu haqda məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu halda məhkəmə Mülki Məcəllənin 443-cü maddəsinin tələblərini tətbiq etməklə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyi cavabdehdən tələb etməli idi. Zərər artıq alınmış pul vəsaitindən, həmin vəsaitin cavabdehdə qalması ilə əlaqədar faiz uçot dərəcəsindən və hüquqi xidmət üçün çəkilmiş xərcdən ibarətdir. Məhkəmə Mülki Məcəllənin 448-ci maddəsini tətbiq etməklə cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün onun məsuliyyətini müəyyən etməli idi. Öhdəliyin icra edilməməsi göz qarşısında ola-ola, məhkəmə bu hüquq normasının tələblərini cavabdehə tətbiq etməmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyində mənzilin ümumi sahəsinin 98,4 kv.m, faktiki sahəsinin 104,7 kv.m olmasının göstərilməsinə baxmayaraq, məhkəmə bu sübuta əhəmiyyət verməmiş, bu rəylə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini nəzərə almamışdır. Əksinə, məhkəmə bu sübuta zidd olaraq haradan götürülməsi və hesablanması bəlli olmadan mənzil sahəsinin 112,32 kv.m təşkil etdiyini göstərmişdir. Məhkəmə ekspert rəyindəki rəqəmlər, mənzilin sahəsi ilə əslində razılaşmadığını göstərsə də, bunu əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
21. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
22. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
25. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
26. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
27. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
28. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə 112,32 kv.m ümumi sahəni təhvil verməyi üzərinə götürmüş və həmin öhdəliyi tam olaraq icra etmişdir.
35. Məhkəmə bu qənaətə gələrkən ona istinad etmişdir ki, tərtib edilmiş texniki pasportda və çıxarışda mənzilin sahəsinin 98.40 kv.m göstərilməsi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun azalma əmsalının tətbiq edilməsi ilə əlaqədar olmuşdur, əslində isə mənzilin ümumi sahəsi faktiki olaraq 112,32 kv.m təşkil etmişdir.
36. Lakin iş materiallarında olan mübahisəli mənzilə dair tərtib edilmiş texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 104,7 kv.m olmuş, mənzilin balkonu 9 kv.m olsa da, həmin sahə yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən 0,3 əmsalla hesablanaraq 2,7 kv.m kimi göstərilmiş, nəticədə mənzilin sahəsi dövlət reyestrində 98,40 kv.m qeyd edilmişdir.
37. Bundan başqa, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəylərində də, mübahisəli mənzilin ümumi sahəsinin 104,7 kv.m olduğu göstərilmişdir.
38. Göründüyü kimi, mübahisəli mənzilin sahəsinin 112,32 kv.m olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun azalma əmsalı tətbiq edilməklə mənzilin sahəsi müəyyən edilərkən isə mənzilin ümumi sahəsinin 112,32 kv.m deyil, 104,7 kv.m olması nəzərə alınmışdır.
39. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzilin ümumi sahəsi 104,7 kv.m təşkil etmişdir. Birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin 112,32 kv.m təşkil etməsi qənaətinə gəlməklə, işin həqiqi halını düzgün müəyyən etməmişdir.
40. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı kollegiya qeyd edir ki, bu münasibətlər onlar arasında bağlanmış 5511 saylı 08 fevral 2008-ci il tarixli müqavilə əsasında yaranmışdır.
41. Həmin müqaviləyə əsasən Satıcı X5 MMC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa etdiyi 7 saylı binanın, 1-ci blok, 63 saylı 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı satdığı mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə satıcı inşa etdiyi binanı 18 ay müddətində təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər mənzilin müqavilə ilə nəzərdə tutulmuş müddətdə təhvil verilməsini mübahisələndirməmişlər.
42. Kollegiya hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, bu müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat münasibətləri mövcud olmuşdur.
43. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı qismində çıxış edən MMC layihə sənədlərinə uyğun olaraq tikinti işlərini keyfiyyətlə yerinə yetirməyi və mənzili 18 ay ərzində tikərək alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür.
44. Ona görə də, hazırkı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
45. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtləri baxımından, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
47. Yuxarıda qeyd edilən tələblər baxımından qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir.
48. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 13 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra on il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi tələb hüququnun qüvvəsini itirməsi ilə nəticələnir (MM 551.1).
49. Bu zaman kollegiya iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair Çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlilini əsaslı hesab etmir.
50. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, həmin mənzili təmir etməklə orada yaşayır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
51. Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, iddiaçı 2008-2009-cu illərdə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş ziyanı tələb etmək hüququnu itirmişdir.
52. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etmişdir.
53. Ona görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda şərh edlən hüquqi mövqeyə uyğun olaraq, digər əsaslarla iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-194/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yaşayış sahəsi üçün ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olaraq 50 (əlli) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.