Məhkəmə qərarları › İş №2(103)-2094/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2094/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2094/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Mirhəsən Cabbarovun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və s.” tələbinə dair 2(006)-3778/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, ev 14, 150 saylı mənzilə dair ipoteka müqaviləsinin Rövşən Rəhimovla “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci maddəsində borcverən «xxxx» KB ASC borcalan Rövşən Rəhimova 60 ay müddətinə, xx.xx.2017-ci il tarixədək 52500 (əlli iki min beş yüz) manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. O, həmin gün Bakı şəhəri 41 saylı Notariat Kontorunda cavabdehlər «xxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu ilə xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı ipoteka müqaviləsi bağlamışdır. Bu ipoteka müqaviləsinə əsasən özünə məxsus Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, ev 14, 150 saylı mənzili cavabdehlər «xxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış həm xx.xx.2012-ci il tarixli, 05U/12 saylı Əsas kredit müqaviləsi üzrə, həm də Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (Rövşən Rəhimovun) öhdəliklərinin icrasının təmini üsulu kimi ipotekaya qoymuşdur. Bundan sonra borcalan Rövşən Rəhimov xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Bundan sonra cavabdehlər «xxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli, 05U/12 saylı Əsas kredit müqaviləsinə əlavələr edilməsinə dair Saziş bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləği artırılaraq ******* (bir milyon) manat müəyyən edilmişdir. Həmin gün, yəni xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı ipoteka müqaviləsinə əlavələr edilməsinə dair onunla «xxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu arasında Saziş bağlanmışdır. Sazişin 2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı ipoteka müqaviləsinin 1.2ci bəndində nəzərdə tutulmuş xx.xx.2012-ci il tarixli, 05U/12 saylı Əsas kredit müqaviləsinə əlavə sazişə əsasən kredit məbləği dəyişdirilərək ******* (bir milyon) manat müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər «xxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən Rövşən Rəhimova 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 91500 ABŞ dolları məbləğində kredit verilmişdir. Onunla cavabdehlər «xxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı ipoteka müqaviləsinin və yenə də tərəflər arasında xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı İpoteka müqaviləsinə əlavələr edilməsinə dair bağlanmış Sazişin şərtlərindən göründüyü kimi o, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, ev 14, 150 saylı mənzili «xxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış həm xx.xx.2012-ci il tarixli, 05U/12 saylı Əsas kredit müqaviləsi üzrə, həm də Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (Rövşən Rəhimovun) öhdəliklərinin icrasının təmini üsulu kimi ipotekaya qoymuşdur. Bağladığı bütün ipoteka müqavilələrində isə o, əmlakını borcalan Rövşən Rəhimovun borcverən «xxxx» KB ASCdən əsas və əlavə kredit müqavilələri üzrə alacağı ******* manat kredit məbləği çərçivəsindəki öhdəliklərə ipotekaya qoymuşdur. Lakin tərəflər onun məlumatı və razılığı olmadan xx.xx.2014-cü il tarixdə 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Rövşən Rəhimova 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 91500 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdən sonra Rövşən Rəhimovla «xxxx» KB ASC arasında onların üçtərəfli ipoteka müqavilələri olan xx.xx.2012-ci il tarixli, 05Ui/12 saylı əsas ipoteka müqaviləsi, həmin ipoteka müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Saziş, «xxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun əlavə kredit müqaviləsi bağlanmamışdır. Ona görə də onun əmlakı hazırda ipotekadan azad edilməlidir. Rövşən Rəhimovla «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi isə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun deyil. Belə ki, xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişdə kredit məbləği Azərbaycan Respublikasının pul vahidi manatla müəyyən edildiyi halda, Rövşən Rəhimovla «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi X1 pul vahidi dollar ilə müəyyən edilmişdir. Müqavilənin Azərbaycan manatı ilə deyil ABŞ dolları ilə bağlanması onun hüquqlarının pozulmasına belə səbəb olur ki, hazırkı dövrdə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi bahalaşdığından borclu Rövşən Rəhimovun banka olan borcunun geri qaytarılması şansı sıfıra enir. Belə olan halda isə artıq borclunun bilərəkdən deyil maddi çətinlik üzündən üzərinə düşən öhdəliyi yerinə yetirə bilməməsi səbəbindən borcun ödənilməsi onun əmlakına yönəldilə bilər. Əgər ona əvvəlcədən kreditin Azərbaycan manatı ilə deyil ABŞ dolları ilə verilməsi təklif olunsa idi o, həmin kredit müqaviləsindən ötrü əmlakının ipotekaya qoyulmasına razı olmazdı. Həm də ona əvvəldən məlum olmuşdur ki, borcluya ******* manat kredit xətti müəyyən olunsa da bu məbləğ bir dəfəyə deyil, hissə-hissə kreditə veriləcək. Belə olan halda borcun qaytarılması və onun əmlakı üçün təhlükə yaranmamış olur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsindən görünür ki, Bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri ilə tənzimləmək şərti ilə, borcalana 60 ay müddətinə xx.xx.2017-ci il tarixinədək 52500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı saylı ipoteka müqaviləsinə əsasən “xxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, ev 14, mənzil 150 ünvanında yerləşən mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. “xxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsinə (müqaviləyə əlavələr edilməsi haqqında) xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, 05U/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilmiş və əsas kredit müqaviləsinin son bitmə tarixi uzadılaraq xx.xx.2019-cu ilədək müəyyən edilmişdir. İpoteka saxlayan “xxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişin 1-ci bəndinə əsasən, tərəflər arsında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012-ci il tarixli əsas kredit müaviləsinə əlavə sazişə əsasən kredit müddəti dəyişdirilərək xx.xx.2019-cu ilədək müəyyən edilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə, tərəflər arsında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012ci il tarixli əsas kredit müaviləsinə əlavə edilməsi haqqında sazişə əsasənkredit məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, ipoteka predmetini mənzil təşkil edir. Müqavilənin 4.7-ci bəndinə görə, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 78000 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 85BKƏ/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana verilən kreditin məbləği 91500 ABŞ dolları təşkil etmiş, kredit 36 ay müddətinə, xx.xx.2017-ci il tarixinədək illik 21% ödəmək şərtilə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 150 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1601 nömrəli reyestr kitabının 146607 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2289/2020 saylı qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx” KB ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rəhimov Rövşən Hətəm oğluna və qeyrilərinə qarşı "ipotekanın ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əzim Şirvani küçəsi, ev 14, 150 saylı mənzilin ipotekasının ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11315/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1610/2019 saylı qərarı ilə cavabdeh “xxxx" KB ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11315/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu İl tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2289/2020 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.1-48.1.5-ci maddələrinin mənasına görə ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. İş materiallarından göründüyü kimi mübahisəli münasibətlərin yaranması tarixi xx.xx.2012-ci və müvafiq olaraq xx.xx.2014-cü il tarixlərə təsadüf edir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarında əks olunmuş hüquqi mövqelərin həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu nəzərə alaraq, hazırki mübahisə bu Qərarlarla müəyyən edilən qaydaların tətbiq edilməməsi qanuni və əsaslıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2019cu il tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsinə əsasən, bu qətnamə ilə iddiaçının məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin, kreditin faizinin artması, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan halların baş vermədiyi müəyyən edilmişdir. Kreditin valyutasının dəyişdirilməsinə gəlincə isə Rəhimov Rövşən Xətəm oğlu ilə bağlanmış əlavə kredit müqaviləsinin şərtlərinin əsas kredit, ipoteka müqavilələrinin, eləcə də onlara dəyişiklik edilməsi haqqında sazişlərin şərtlərinə zidd olmadığı, həmin müqavilələr üzrə iddiaçının üzərinə məsuliyyətini artıran hər hansı öhdəliyin qoyulmadığı müəyyən edilmişdir. Həmçinin həmin qətnamə ilə əlavə kredit müqaviləsi üzrə Rəhimov Rövşən Xətəm oğluna ayrılmış 91.500 ABŞ dollarının əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 1.000.000 manatı aşmadığı, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 21 faiz dərəcəsinin, onlara hesablanacaq cərimənin iddiaçı ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi, mənzilin ipotekasının ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməməsi, ipoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktın müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınmalı olması təsbit edilmişdir. Kollegiya iddiaçı ilə cavabdehin tərəf olduqları digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yetirilmiş, iş üçün əhəmiyyətli olan halların hazırki işdə müəyyən edilməli hallara münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq qeyd edir ki, yuxarıda qeyd edilən bu hallar digər mülki icraat qaydasında işə baxan məhkəmənin məhkəmə araşdırması predmeti olmuş və öz təsdiqini tapmışdır. Beləliklə, Kollegiya hesab edir ki, araşdırma zamanı mübahisələndirilən müqavilənin bağlanmamış hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3778/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar