Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2094/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər:alimentə görə verilən pulun geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment pulunun qaytarılması və hüquqi yardım üçün ödənilmiş pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(005)-3862/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 063910 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Rəhimov, arvada Rəhimova soyadları verilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. “Whatsapp” (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) yazışmalarından görünür ki, Cavabdeh “Anar pul bankdadı, heç olmasa imkan ver qoy bu uşaqların bu qədəri olsun, o da xərcləyə xərcləyə qurtaracaq, əl vurma”, “O boyda puldan 7000 uşaqlara saxlaya bildik. Hələ bunu da gözümə soxursan” məzmunlu mesajlar yazmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1792/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 anası Cavabdeh və ya atası İddiaçı yanında (himayəsində) saxlanılmalarının uşaqların mənafeyinə uyğunluğu haqqında rəy verilməsi üçün iş materialları Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına həvalə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7310 manat pul vəsaitinin, 93,10 manat dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixində 5 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində nikahları qeydə alınmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Nərimnov rayonu 8 saylı Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, TQS 027 nömrəli Ambulator kitabçasından çıxarışdan da göründüyü kimi onun əsas xəstəliyi olaraq sağ qapalı sümüyünün aşağı 1/3-nin və inük sümüyünün yuxarı 1/3nin qapalı yerdəyişən sınığı diaqnozu qoyulmuşdur. O qeyd edilən xəstəlik səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyindən əməliyyat olmadan öncə cavabdehə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün 7310 manat pul vermişdir. O səhhəti ilə əlaqədar yenidən əməliyyat olunmalı və buna görə də pula ehtiyacı vardır. Cavabdeh isə ona verdiyi pulu nəzərə almayaraq ondan təkrar olaraq aliment tələb edir. Bu səbəbdən də o iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin pulun alimentlə hesablanmaqla alimentdən imtina etməsini əks təqdirdə 7310 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etməli oldu. Cavabdehə 7310 manat pul verməyi onunla arasında olan “Whatsapp” yazışmalarında öz əksini tapır. Həmçinin də cavabdeh pulu aldığını və vermək istəmədiyini də açıq-aşkar yazmışdır. Cavabdeh 7310 manatın uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün kifayət etməyəcəyi əsası ilə həmin pulu qaytarmaqdan boyun qaçıraraq ona qarşı yenidən aliment tələbi bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə dəftərxanası vasitəsi ilə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, İddiaçı ona qarşı 7310 manat pul vəsaitinin, 93,10 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin ona verilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. İddiaçı sözügedən 7310 manat pulu ona görə vermişdir ki, gələcəkdə iddiaçı tərəfindən verdiyi pulun üstünə müəyyən məbləğ qoyaraq ev alsın və iki azyaşlı uşaqları ilə ora köçərək orada yaşasın. İddiaçı özünə məxsus olan avtomobili sataraq, əvəzində 7310 manat pul vəsaitini ona vermişdir. Həmin pulu gələcəkdə uşaqların saxlanması üçün aliment qismində verməmişdir. O, noyabr ayının əvvəlində ondan ayrılaraq iki azyaşlı uşaqları ilə birlikdə qalmağa başlamışdır. O, 7310 manat pul vəsaitini isə 2023-cü ilin axırlarında vermişdir. Belə ki, bugünə kimi İddiaçı ona və azyaşlı uşaqlarına maddi cəhətdən köməklik etməmiş və bu bahalıqla əlaqədar olaraq, iki azyaşlı uşaqları saxlamaqda maddi çətinlik çəkdiyinə görə o, məcbur olub həmin pulu hissə-hissə xərcləmişdir. Artıq həmin puldan heç nə qalmamışdır. İddiaçı həmin pulu mübahisələndirməsi düzgün deyil, çünki o həmin pulu kənar yerə xərcləməmiş, iki azyaşlı uşaqları dəfələrlə xəstələniblər, onların müalicə və dərmanlarına xərclənmiş, eyni zamanda saxlanmasına sərf edilib. İndi də onun maddi cəhətdən köməklik etməməsi ona maddi problemlər yaradır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, birgə təsərrüfat aparmadıqları, ayrı yaşadıqları müddətin çox hissəsində uşaqlardan ən azı biri, çox vaxt isə hər ikisi onun yanında yaşayıb. Hal-hazırda da uşaqlar onun yanındadır. Səhhəti ilə bağlı problem yaşadığı üçün həmin pulu aliment əvəzi olaraq cavabdehə verib. Boşanmalarına səbəb də cavabdehin ailəsidir. Cavabdeh iddiaçı əməliyyat olunduğu vaxt bir dəfə də olsun yanına gəlməyib. Əksinə, boşanma üçün məhkəməyə müraciət edib və ondan artıq alimentin ödənildiyi həmin müddət üçün təkrar aliment tələb edir. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmişdir. O bildirib ki, cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlar, etiraz ərizəsində bildirdikləri həqiqətə uyğun deyil, eyni zamanda bir-biri ilə də ziddiyətlidir. Cavabdeh iddiaçı tərəfindən verilən pul məbləğini nəyə xərclədiyini izah edə bilmir. Onların bu iddianı qaldırmaqda məqsədi cavabdehin əsassız qaldırdığı aliment tələbi ilə hazırki tələblərin qarşılıqlı icra edilməsidir. Belə ki, tərəflərin birgə təsərrüfat aparmadıqları müddət üçün iddiaçı tərəfindən 7310 mant məbləğində aliment ödənilib və ondan həmin dövr üçün təkrar aliment tutula bilməz. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verib və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(005)- 3862/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin dəlilləri ondan ibarətdir ki, cavabdehə verilmiş 7310 manat məbləğində pul onların ayrı yaşadığı müddətdə aliment əvəzi verilmişdir. Cavabdeh isə aralarında belə bir razılığın olmasına baxmayaraq, məhkəməyə müraciət etdiyi tarixdən ondan təkrar aliment tutulmasını tələb edir. Digər tərəfdən faktiki olaraq birgə təsərrüfat idarə etmədikləri müddət ərzində birgə nikahdan doğulmuş övladları heç də həmişə cavabdehin himayəsində olmamış, mütəmadi olaraq iddiaçının da yanında qalmışlar. Belə olan təqdirdə cavabdehə iddiaçı tərəfindən ödənilmiş pul geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin öhdəliklərlərlə bağlı müddəalarına istinad etsə də, məhkəmə hesab edir ki, tərəflərin arasında öhdəlik münasibətlərinin mövcudluğu, cavabdehin pulu qaytarmaq şərti ilə iddiaçıdan qəbul etdiyi müəyyən edilmir. İddiaçı özü də izahatında pul məbləğinin birgə nikah dövründə əldə edildiyini bildirir və cavabdehə aliment olaraq ödənildiyini iddia edir. Cavabdeh həmin pul məbləğini iddiaçıdan qəbul etdiyini mübahisələndirmir və uşaqların dolanışıq xərclərinə sərf etdiyini iddia edir. Yuxarıda istinad edilən normaların məzmunundan görünür ki, aliment valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsaitdir və ya valideynlər arasında bağlanmış barışıq sazişi əsasında, ya da məhkəmə qaydasında tutulur. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflərin arasında belə bir barışıq sazişi mövcud deyil. Tərəflərin arasında nikah pozulmamış, nikahın pozulması, aliment və uşaqların himayəsi tələbi ilə bağlı mülki işin icraatı yekunlaşmayıb və qəyyumluq və himayəçilik orqanının rəyinin alınması məqsədilə dayandırılıb. İddiaçı mübahisələndirilən məbləği aliment olaraq ödəmiş olsaydı, tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 109cu maddəsi çıxış edərdi. Bu halda da alimentin geri qaytarılması üçün həmin normada göstərilən əsaslardan heç biri (aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda) hazırki mülki işin hallarına uyğun gəlmir. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə verilmiş pul birgə nikah dövründə əldə edilmiş gəlir hesabına əldə edilib. Belə ki, cavabdehin bu məzmunda verdiyi izahat iddiaçı tərəfindən mübahisələndirilməyib. Eyni zamanda Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 7310 manat məbləğində pul tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin pul məbləğinin üzərində hər iki tərəfin bərabər paylarda mülkiyyət hüququ olmuşdur. 7310 manatın ½ hissəsi olan 3655 manat məbləğində pulun isə bir ilə yaxın müddət ərzində cavabdeh tərəfindən uşaqların dolanışıq xərclərinə sərf edilməsi barədə izahatını daha məhkəmə inandırıcı hesab edir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazışmaların görüntülərindən də müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini uşaqlara sərf edilməsi üçün cavabdehin sərəncamına vermişdir. Belə ki, iddiaçı “sənə 4300 dollar verdim ordan 200 verərsən mənə evi tutum, 4100 qalsın sizindi...mən güman edirəm ki, sən uşaqların pullarını heç kəsə vermədin” kimi ifadələr işlədir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində də, öz izahatında da bildirir ki, hazırki iddianı qaldırmağa onu vadar edən səbəb iddiaçı tərəfindən məhkəməyə müraciət etdiyi tarixdən alimentin tutulması barədə iddianın qaldırılması olmuşdur. Halbuki bu əsas hazırki iddianın qaldırılması üçün deyil, nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiaya etirazın əsaslarından biri ola, həmin iş üzrə iddiaçının alimen tələbi onun xeyrinə təmin ediləcəyi təqdirdə, alimentin başlanğıcının mübahisələndirilməsi üçün əsas ola bilər. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin əvvəli ilə bağlı müəyyən olunmuş qaydanın məqsədi uşağın hüquqlarının qorunması, zəruri ehtiyaclarının təxirə salınmadan qarşılanması, onun saxlanması üçün tələb olunan xərclərdə digər valideynin davamlı iştirakının təmin olunmasından ibarətdir. Həmin qayda imperativ olsa da, məhkəmə praktikasında uşağın faktiki olaraq aliment tələb olunan valideynin himayəsində olduğu, aliment öhdəliklərini icra edildiyi nəzərə alaraq maddənin eyni qaydada tətbiqi edilmədiyi hallar da omuşdur. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab etmişdir ki, alimentin geri qaytarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçının əsas tələbi təmin edilmədiyindən, ondan irəli gələn hüquqi yardıma görə ödənilmiş pulun tutulması tələbi də təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən prosessual qənaət prinsipinin tələbərini rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 36.4, 37.1, 37.2, 75.1, 75.4, 76, 109.1, 109.2, 109.2.1, 109.2.2, 109.2.3-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.11-ci bəndələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(005)-3862/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 2(005)-3862/2024 saylı, xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment pulunun qaytarılması, hüquqi yardım üçün ödənilmiş pulun tutulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə qətnaməni gah pulun aliment olaraq ödəndiyi, gah da birgə nikah dövründə əldə edilmiş pul hesab edib əsaslandırmaqla iddianı rədd etmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin dəlilləri ondan ibarətdir ki, cavabdehə verilmiş 7.310 manat məbləğində pul onların ayrı yaşadığı müddətdə aliment əvəzi verilmişdir. Cavabdeh isə aralarında belə bir razılığın olmasına baxmayaraq, məhkəməyə müraciət etdiyi tarixdən ondan təkrar aliment tutulmasını tələb edir. Digər tərəfdən faktiki olaraq birgə təsərrüfat idarə etmədikləri müddət ərzində birgə nikahdan doğulmuş övladlar heç də həmişə cavabdehin himayəsində olmamış, mütəmadi olaraq iddiaçının da yanında qalmışlar. Belə olan təqdirdə cavabdehə iddiaçı tərəfindən ödənilmiş pul geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin öhdəliklərlərlə bağlı müddəalarına istinad etsə də, məhkəmə hesab edir ki, tərəflərin arasında öhdəlik münasibətlərinin mövcudluğu, cavabdehin pulu qaytarmaq şərti ilə iddiaçıdan qəbul etdiyi müəyyən edilmir. İddiaçı özü də izahatında pul məbləğinin birgə nikah dövründə əldə edildiyini bildirir və cavabdehə aliment olaraq ödənildiyini iddia edir. Cavabdeh həmin pul məbləğini iddiaçıdan qəbul etdiyini mübahisələndirmir və uşaqların dolanışıq xərclərinə sərf etdiyini iddia edir. İddiaçı mübahisələndirilən məbləği aliment olaraq ödəmiş olsaydı, tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 109-cu maddəsi çıxış edərdi. Bu halda da alimentin geri qaytarılması üçün həmin normada göstərilən əsaslardan heç biri (aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda) hazırki mülki işin hallarına uyğun gəlmir. Digər tərəfdən, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə verilmiş pul birgə nikah dövründə əldə edilmiş gəlir hesabına əldə edilib. Belə ki, cavabdehin bu məzmunda verdiyi izahat iddiaçı tərəfindən mübahisələndirilmiyib. 7.310 manatın ½ hissəsi olan 3.655 manat məbləğində pulun isə bir ilə yaxın müddət ərzində cavabdeh tərəfindən uşaqların dolanışıq xərclərinə sərf edilməsi barədə izahatını daha məhkəmə inandırıcı hesab edir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazışmaların görüntülərindən də müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini uşaqlara sərf edilməsi üçün cavabdehin sərəncamına vermişdir. Belə ki, iddiaçı “sənə 4.300 dollar verdim ordan 200 verərsən mənə evi tutum, 4.100 qalsın sizindi...mən güman edirəm ki, sən uşaqların pullarını heç kəsə vermədin” kimi ifadələr işlədir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində də, öz izahatında da bildirir ki, hazırki iddianı qaldırmağa onu vadar edən səbəb iddiaçı tərəfindən məhkəməyə müraciət etdiyi tarixdən alimentin tutulması barədə iddianın qaldırılması olmuşdur. Halbuki, bu əsas hazırki iddianın qaldırılması üçün deyil, nikahın pozulması, uşağın himayəsi və aliment tələbinə dair iddiaya etirazın əsaslarından biri ola, həmin iş üzrə iddiaçının aliment tələbi onun xeyrinə təmin ediləcəyi təqdirdə, alimentin başlanğıcının mübahisələndirilməsi üçün əsas ola bilər. Cavabdehin məhkəmə iclaslarında verdiyi ziddiyətli ifadələrə, yazılı etirazına zidd olaraq məhkəmə qeyd edilən məbləği birgə nikah dövründə əldə edilmiş pul hesab etməsi tamamilə qanunsuz, əsassızdır. Belə ki, nə iddiaçı, nə də cavabdeh buna dair ifadə işlətməmiş, sübut verməmiş və buna dair iddia olmamışdır. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3862/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli Qərarı Ailə Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Konstitusiyadan, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə görə isə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarı Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı Bənd 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bənd 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Bənd 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Bənd 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Bənd 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bənd 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birgə nikah dövründə cavabdehə verdiyi 7310 manat pul vəsaitinin geri qaytarılmasını tələb edən iddiaçı öz tələbini onunla əsaslandırır ki, o, birgə nikahlarından olan uşaqlarının saxlanması üçün cavabdehə 7310 manat pul vəsaiti verəsə də, sonuncu ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdiyindən 7310 manatın ona qaytarılmasını tələb edir. İddia tələbinə qarşı etiraz edən, aldığı vəsaiti ailment olaraq almadığını sübut edə bilməyən cavabdeh isə iddiaçı tərəfindən birgə nikah dövründə 7310 manat vəsaitin ona uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə verildiyini, övladlarının saxlanması üçün iddiaçı ona maddi yardım göstərmədiyindən o, aldığı pulu uşaqlarının saxlanmasına sərf etməsini bildirir. Kollegiya qeyd edir ki, nəqədər ki, iddiaçı əksini sübuta yetirə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən onun birgə nikah dövründə cavabdehə verdiyi 7310 manat pul vəsaiti tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait olmaqla onların hər birinin həmin vəsaitdə 1\2 hissədə payları mövcud olmuşdur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri 7310 manat vəsaitin iddiaçıya aid olan hissəsi sonuncu tərəfindən uşaqlarının saxlanması üçün aliment olaraq cavabdehə verildiyindən, cavabdeh bunun əksini sübut edə bilmədiyindən və həmin vəsaiti tərəflərin birgə nikahlarından olan uşaqların saxlanmasına sərf etdiyini etiraf etdiyindən, alimentin ödənilmiş məbləğinin geri tələb olunması yolverilməz olduğundan, bu qaydadan qanunla müəyyən olunan istisnalar hazırkı işdə mövcud olmadığından iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddiaçının iddia tələblərini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(005)- 3862/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2094/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2094/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver