Məhkəmə qərarları › İş №2(103)-2095/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2095/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2095/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay hər bir uşağa görə 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2008-ci ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxxx 2009-cu il təvəllüdlü X5 və X6 anadan olmuşlar. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqları mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətləri kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq 8 ildir ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay hər bir uşağa görə 170 (yüz yetmiş) manat , ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4004/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, İddiaçı təklifi ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin onun payına düşən 1 yaşayış otağını onun tərəfindən alınmış ev əşyaları ilə birlikdə ona bağışlamasına, əvəzində isə iddiaçının uşaqların saxlanması üçün ondan aliment tələb etməyəcəyinə razılaşmışlar və xx xxx 2014-cü il tarixdə notarial qaydada “bağışlama müqaviləsi” ilə payını iddiaçıya bağışlamışdır. Mənzilin qiyməti 60-70 min manat civarında olmuşdur. İddiaçı bu razılaşma əsasında ondan 6 il müddətində aliment tələb etmmiş, razılaşmadan 6 il ötdükdən sonra məhkəmədə ona qarşı hazıkı iddianı qaldırmışdır. Daşınmaz əmlakla bağlı müqavilələr üzrə nəzərdə tutulmuş 6 illik iddia müddəti keçdikdən dərhal sonra ona qarşı aliment tələbi qaldırmaqla aralarında olan razılaşmanı pozmuşdur. Bağışlama müqaviləsində hər hansı bir razılaşma olması barədə qeyd edilməsə də real olaraq öz aralarında razılıq olmuşdur. Ona görə də hesab edirə ki, İddiaçı razılaşmaya əsasən ondan yenidən aliment tələb etməsi tam olaraq əsassızdır. Məhkəmə tərəfindən də onun gəlirlərinin olub-olmaması və s. diqqətəlayiq hallar araşdırılmadan hər ay 340 manat alimentin ondan alınaraq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməsini də əsassız və qanunsuz hesab edir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh vəkili X8 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi üzrə aşağıdakıları sübutları müəyyən edir. Belə ki, iş materiallarında olan, xx xxxxxx 2008-ci il tarixli, AZ-İ 381420 saylı Nikah haqqında Şəhadətnamənin notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah bağlanmış və bu barədə Beyləqan rayonu İHB-nin Birinci Şahsevən kənd ərazi nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin fevral ayının 20 günündə 08 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan, xx xxxxxx 2010-cu il tarixli, AZ-İİ № 350735 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxxxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin fevral ayının 23 günündə 206 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan, xx xxxxxx 2010-cu il tarixli, AZ-İİ № 350736 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxxxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin fevral ayının 23 günündə 207 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də birgə nikahdan xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuş X2 və X1 tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırkı iş üzrə mübahisə edilə bilinməz faktdır. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat, 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa görə isə 2021-ci il üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, Cavabdeh apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin onun payına düşən 1 yaşayış otağını onun tərəfindən alınmış ev əşyaları ilə birlikdə iddiaçıya bağışlamasını, əvəzində isə iddiaçının uşaqların saxlanması üçün ondan aliment tələb etməyəcəyi barədə razılaşmalarını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən onun gəlirlərinin olub-olmaması və s. diqqətəlayiq halların araşdırılmaması, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4004/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar