Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2100/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkil X1 Cavabdeh, onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7791/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28 yanvar 2014-cü il tarixdə doğulmuş Vəliyev Anar Nəriman oğlunun, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş Vəliyeva Əminə Nəriman qızının və 21 fevral 2017-ci il tarixdə doğulmuş Vəliyev Namik Nəriman oğlunun 18 yaşa çatanadək saxlanmaları üçün Mehdiyeva Nigar Bəxtiyar qızından hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq Vəliyev Nəriman Vaqif oğluna ödənilməsi və alimentin tutulmasının başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Vəliyev Nəriman Vaqif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mehdiyeva Nigar Bəxtiyar qızı ilə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşaqların atalarının yanında saxlanmaları qərara alınmışdır. Həmin qətnamədən hazırki iş üzrə cavabdeh tərəf yuxarı instansiya məhkəməsinə şikayət verdiklərindən qətnamə qanuni qüvvəyə minməsə belə, uşaqlar faktiki olaraq 09 oktyabr 2018-ci il tarixdən atalarının himayəsindədirlər. Həmin tarixdən hal-hazıradək cavabdeh uşaqları ilə maraqlanmamış, onların inkişaflarına maddi-mənəvi dəstək göstərməkdən bilərəkdən yayınmışdır. Buna görə də, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı Vəliyev Nəriman Vaqif oğlu Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissədə ləbv edib, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yaşayış minimumundan aşağı məbləğdə aliment müəyyən etməklə həm uşaqların, həm də cinsi ayrı seçkiliyə yol vermişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. CavabdehMehdiyeva Nigar Bəxtiyar qızı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam araşdırmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayələri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərini, həmçinin, ali mentin cavabdehin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olmadığını nəzərə alaraq, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləğini hər uşağa görə 80 manat, ümumilikdə 240 manat müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqların onun himayəsinə verildiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını cavabdeh Mehdiyeva Nigar Bəxtiyar qızı İddiaçı sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X6 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X2 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X6» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, haqlı olaraq iddianı, tərəflərin birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 80 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Vəliyev Nəriman Vaqif oğlunun xeyrinə ödənilməsini vacib hesab etmişdir. Kollegiya hesab edir ki, 80 manat sabit pul məbləğində alimentin tutulması uşaqların hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2100/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2100/2020
06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver