Məhkəmə qərarları › İş №2(103)-2106/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2106/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2106/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4583/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yaşayan abonent X5 (abunə kodu: **********00763) xx.xx.2017ci il tarixə 1110,40 manat məbləğində borc hesablanmışdır. Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsinə əsasən, İddiaçı 01 oktyabr 2015-ci il tarixədək mövcud olan qalıq 180 (yüz səksən) manat 13 (on üç) qəpik məbləğində debitor borc qanunla müəyyən edilmiş müddət ötürüldüyündən silinmiş, habelə 18 noyabr 2017-ci il tarixli (Akt R № 073204), 22 dekabr 2020-ci il tarixli (Akt R № 207210) və 22 sentyabr 2021-ci il tarixli (Akt R № 236776) aktlar qanunvericiliyin tələblərinə cavab verilmədiyi üçün (müvafiq qaydada tərtib edilmədiyi üçün) ləğv edilmiş və həmin aktlar əsasında hesablanmış cərimə borcları silinmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən vurmuş olduğu mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 2 ünvanında yaşayır, ailəlidir, 4 (dörd) övladı vardır. 1995-ci ilin fevral ayından 01 mart 2021-ci il tarixinə qədər Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında işləmiş, hal-hazırda təqaüdçüdür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 işçiləri tərəfindən onun yaşadığı evə istifadə etmədiyi elektrik enerjisinə görə 180,13 manat debitor borc və xx.xx.2017-ci il tarixdə 367,08 manat, 5.12.2020-ci il tarixdə 300,99 manat, cəmi 848,20 manat məbləğində cərimə yazılmışdır. Bununla əlaqədar o, Biləsuvar Rayon Məhkəməsinə qanunsuz olduğundan qeyd edilən cərimələrin silinməsi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddia ərizəsinə məhkəmədə baxılan vaxtlarda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində yenidən akt tərtib edilərək 1093 manat məbləğində cərimə yazılmışdır. Onlar bu hərəkətləri ilə bir növ güc nümayiş etdirmişlər. Bu məsələ ilə əlaqədar o, X1 rəisinə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, “səninlə həmişə bu cür rəftar edəcəyik, get hara deyirsən de, sənə işıq verilməyəcək və cərimələr həmişə olacaqdır”. Məhkəmədə iddia ərizəsinə baxıldığı üçün yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək yeni yazılmış cərimə məbləğinin də ləğv edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)- 841/2021 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmiş, həmin şöbənin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Rövşən Əhmədov tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, məhkəmə qətnaməsi icra edilmişdir. Lakin bütün bunlara baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları qanunların tələblərinə əməl etməyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi onun hazırda yaşadığı ünvan 2 ünvanına elektrik enerjisinin verilişi heç bir səbəb olmadan qanunsuz olaraq dayandırılmışdır. İddiaçı 11 ay generatordan istifadə etmək məcburiyyətində qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bu qanunsuz hərəkətləri vəzifəsini qanun əsasında və tam məsuliyyətlə icra etmiş, uzun illər gecəgündüz Daxili İşlər Nazirliyinin polis əməkdaşı kimi cəmiyyətinin və vətəndaşlarının asayişini qorumuş bir şəxsə həddindən artıq dərəcədə pis təsir etməklə bir insan kimi onun şərəf və ləyaqətinə toxunmaqla, işgüzar nüfuzuna zərər vurmuşdur. Onun ünvanına yönəldilmiş bu ədalətsizlik, şər və böhtan xarakterli olduğundan ona mənəvi əzab verdiyindən iztirab çəkib sarsıntılar keçirməsinə səbəb olmuşdur. Yaşadığı evə elektrik enerjisinin verilməsini dayandırmaqla ondan əvvəl də dəfələrlə qanunsuz cərimə olunması haqqında aktlar tərtib etmək kimi qanunsuz hərəkətlər onun əsəb keçirməsinə səbəb olmuş və səhhətinə zərər vurmuşlar. Cavabdehin əməkdaşları dəfələrlə iddiaçının yaşadığı evə elektrik xəttini kəsməyə getmiş, dəfələrlə gecə saatlarında yoxlama aparmışlar. Hər dəfə onların bu hərəkətləri barədə onun tərəfindən onlardan bu hərəkətlərini izah etmələrini soruşmuş, həmin şəxslər cavabında onun haqqında şər və böhtan xarakterli ifadələr işlətmişlər. Həmin vaxtlarda da orada qonşular və ya yoldan keçən İddiaçı tanıyan insanlar toplaşmışdılar. Cavabdehin əməkdaşlarının o, elektrik enerjisini oğurlayır. Kənar şəxslərdə bu cür fikir yaradırdılar. Əslində isə cavabdehin əməkdaşları bu hərəkətləri ilə onlara verilmiş səlahiyyətlərini aşmaqla qanunların tələblərinə əməl etmirdilər. Bundan başqa cavabdeh tərəfindən onun işlədiyi orqana məktublar göndərilmişdir. Hər iclasda rəhbərlik onu danlamışdır. O, isə rəhbərliyə sübut edə bilməmişdir ki, bütün bunlar yalan və böhtandır. Cavabdehin əməkdaşları dəfələrlə polis orqanına şikayətlər edərək iddiaçının nüfuzuna ziyan vuran hərəkətlər etmişlər

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4583/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abidova) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 30000 (otuz min) manat həcmində mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun qərarının müddəalarına və Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 21.1, 21.3, 1099,-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)-4583/2022 saylı qətnaməsi ədalətsiz, əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin normasına istinad etməklə göstərir ki, guya cavabdeh təşkilat, onu qanunsuz cərimə etməklə bir il işıqsız qoysa da və bu gün də bu əməlini davam etdirsə də ona mənəvi əzab vereməmişdir. Göstərdiyi faktlar Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə də təsdiqini tapır. Lakin bütün bunlara baxmayaraq məhkəmə bunları mənəvi əzab vermə kimi qiymətləndirmir, buradan belə bir sual ortaya çıxır bəs mənəvi əzab necə olur? Qətnamədən belə çıxır ki, cavabdeh təşkilat gərək onu və ailəsini evin içində döysəydi bu mənəvi əzab kimi qiymətləndirilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən "hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır". "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz." Məhkəmə qətnamədə Konstitusiyanın bu normasını da pozaraq öz qətnaməsi ilə Azərişıq kimi monopolist təşkilata şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən göstərilən normaya istinad edilsə də təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Onun təqdim etdiyi sübutlar, cavabdeh təşkilatın qanunsuz aktı, həmin aktların ləğvi ilə bağlı məhkəmənin qətnaməsi, həmin qətnamənin qanuni qüvvədə olması, onun on bir ay cavabdeh təşkilatın qanunsuz hərəkəti nəticəsində, işıqsız qalması cavabdeh təşkilat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli 4 nömrəli Qərarının 6-cı bəndinə görə başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi onların, yəni cavabdehin üzərinə düşsə də məhkəmədə yenə də ona mənəvi əzab vermələri ilə bağlı iddiada göstərdiklərini təkzib deyil təsdiq etdilər. Lakin məhkəmə qanunun bu normasını da pozaraq əsaslı iddianı əsassız olaraq rədd etdi. Məhkəmə gedişində cavabdeh təşkilat heç bir sübut təqdim etməmişdir. Sadəcə cavabdeh təşkilat iddianı etiraf edərək göstərmişlər ki, onu cərimə etmişlər və işıq xəttini kəsmişlər. Belə olan halda təsdiq olunur ki, cavabdeh təşkilat məhkəmədə də onun sübutlarını bir daha təsdiq edirlər. Lakin buna baxmayaraq məhkəmə iddianı rədd edir. Onda hansı sübuta əsasən məhkəmə iddianı rədd edir, o, ona bəlli deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)- 4583/2022 saylı qətnaməsi ədalətsiz, əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

19. 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına əsasən

20. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya» nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999cu il tarixli qərarının 3 və 4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər.»

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, mülki işin materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsinə əsasən, İddiaçı 01 oktyabr 2015-ci il tarixədək mövcud olan qalıq 180 (yüz səksən) manat 13 (on üç) qəpik məbləğində debitor borc qanunla müəyyən edilmiş müddət ötürüldüyündən silinmiş, habelə 18 noyabr 2017-ci il tarixli (Akt R № 073204), 22 dekabr 2020-ci il tarixli (Akt R № 207210) və 22 sentyabr 2021-ci il tarixli (Akt R № 236776) aktlar qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün (müvafiq qaydada tərtib edilmədiyi üçün) ləğv edilmiş və həmin aktlar əsasında hesablanmış cərimə borcları silinmişdir.

29. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yaşayan abonent X4 (abunə kodu: **********00763) ödənilməmiş 1.086,40 manat məbləğində borc hesablanmışdır.

30. Baxılan işdə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə mənəvi zərər çəkməsinin səbəb olmasına, şərəf və ləyaqətini ləkələməsinə istinad edir. Qeyd olunan tələbin qanuni əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı, 1097 və 1099-cu maddələrində nəzərdə tutulmuşdur.

31. Belə ki, həmin maddələrə görə zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

32. Hazırkı mübahisədə cavabdehin əməkdaşları tərəfindən iddiaçı barəsində aktlar tərtib edilməsi, həmin aktlar düzgün tərtib edilmədiyi üçün hesablanmış borcun məhkəmə qaydasında silinməsi işin mübahisəsiz halıdır. Beləliklə, bu iş üzrə hüquqi qiymət verilməli olan hallar cavabdehin ona verilən hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyi, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd olubolmadığı, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyi ilə əlaqədardır.

33. Bununla bağlı qeyd edilməlidir ki, "xxxx" ASC-nin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın müvafiq bəndlərinə əsasən, iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlamağa, yoxlamaların nəticəsində müvafiq aktlar tərtib etməyə səlahiyyətli olmuşlar, tərəflərindən vəzifə səlahiyyətlərinin aşılması, iddaçının həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsi halları isə müəyyən edilməmişdir.

34. Həmçinin həmin Qaydalara əsasən enerjitəchizatı müəssisəsinə və abonentə tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Biləsuvar Rayon Məhkəməsinə müraciət etməklə bu hüququndan istifadə etmiş, məhkəmənin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsinə əsasən barəsində tərtib edilmiş aktlar əsassız olduğu üçün deyil, qanunvericiliyin tələblərinə cavab verilmədiyi (məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmadığı) üçün ləğv edilmiş, əsasında hesablanmış borc, həmçinin vaxtı keçmiş debitor borcu silinmişdir.

35. İddiaçının hazırda yaşadığı ünvana xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik enerjisinin verilişinin dayandırılmasına dair dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abonent haqqında məlumatdan həqiqətən də görünür ki, ünvan üzrə müəyyən aylarda elektrik enerjisindən istifadə olunmurdu. Lakin bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, yəni istehlakçıya elektrik enerjisinin verilməsinin enerji təchizatı müəssisəsi tərəfindən dayandırıldığını, bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, bu müddət üçün iddiaçıya əsassız olaraq sərfiyyat borcu hesablandığı və s. bu kimi halları müəyyən etmək işdə olan sübutlara əsasən mümkün olmamışdır. Əksinə iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(022)-841/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Biləsuvar şəhərində yerləşən və hazırda iddiaçıya məxsus olan ev onun daimi yaşayış yeri olmamışdır, o, atasından miras qalmış bu evə ara-sıra nəzarət etməyə gedirdi.

36. Bundan başqa iddiaçı işlədiyi orqana cavabdeh tərəfindən şərəf və ləyaqətini ləkələyən məktublar göndərildiyinə istinad etsə də bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və beləliklə də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

37. Halbuki “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

38. Həmin Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, hazırki işdə cavabdeh (işçiləri) tərəfindən zərərin yaranmasına səbəb ola biləcək qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də cavabdehtəşkilatın qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması halları iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən öz təsdiqini tapmamışdır.

41. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4583/2022 saylı, 23 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar