Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2109/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “icbari sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3555/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “icbari sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə “Mercedes- Benz ML350W4” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə 4452 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes-Benz ML350W4” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığorta etmiş “xxxx” ASC-nin əməkdaşları hadisə yerinə gələrək lazımı qeydləri aparmışlar. Bundan sonra “xxxx” ASC-nin eksperti avtomobilə baxış keçirərək dəymiş zərərin 1100 manat təşkil etdiyini şifahi olaraq bildirmiş, bununla bağlı hər hansı rəsmi sənəd təqdim edilməmişdir. İddiaçının israrlı tələblərindən sonra ASC tərəfındən qüsur aktı təqdim edilmişdir ki, həmin aktda nə imza, nə də ki möhür olmamışdır. İddiaçı avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi üçün “xxxx” MMC-yə (Mercedes-Benzin rəsmi dillerinə) müraciət etmişdir. MMC tərəfindən avtomobilə baxış keçirilərək dəymiş zərərin 9552,06 manat olduğu müəyyən edilmişdir. “xxxx” ASC-nin bildirdiyi ziyan ilə “xxxx” MMC-nin müəyyən etdiyi ziyan məbləği arasında ciddi fərq olduğundan iddiaçı məsələ ilə əlaqədar Mərkəzi Banka müraciət etməyə məcbur olmuşdur. Mərkəzi Bank tərəfindən “xxxx” ASC-yə müraciət edilərək avtomobilə dəymiş zərərlə bağlı qarşılıqlı razılıqla müstəqil eskpertizanın təmin edilməsi tələbi qoyulsa da, ASC həmin tələbə riayət etməmiş, iddiaçıya məlumat vermədən və onun fikrini almadan ekspert kimi “xxxx” MMC-ni təyin etmişdir. İddiaçı buna haqlı etirazını bildirməklə qarşılıqlı razılıqla müstəqil eskpertizanm təmin edilməsini istəsə də, qarşı tərəf müvafiq reyestrdən başqa müstəqil eskpertin təyin edilməsini israrla qəbul etməmiş, yalnız “xxxx” MMC-nin zərəri qiymətləndirə biləcəyini bildirmişdir. Aparılan telefon danışıqları da istənilən nəticəni verməmiş, sığortaçı son nəticədə iddiaçıya 1500-1600 manat sığorta ödənişini qəbul etməyi təklif etmişdir. Həmçinin qeyd edilməlidir ki. proses kifayət qədər uzun çəkdiyindən iddiaçı öz hesabına avtomobilini təmir etdirmək məcburiyyətində qalmışdır. Bunun üçün o, 3500 manat xərc çəkmişdir. Eyni zamanda o, “xxxx” MMC tərəfindən yuxarıda qeyd edilən xidmətin göstərilməsi üçün 952 manat məbləğində ödəniş edərək əlavə zərərə də məruz qalmışdır. Həmin zərər də sırf qarşı tərəfin qərəzli olaraq avtomobilə dəymiş zərər üzrə sığorta ödənişini həyata keçirilməməsi ucbatından yaranmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin il 2(004)-3555/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən "Mercedes-Benz" ML350W markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4357,01 (dörd min üç yüz əlli yeddi manat 1 qəpik) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin il 2(004)-3555/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz, əsassız, maddi və prosessual hüquq normalarına zidd qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, ancaq iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “X3 Qmbh Azərbaycan” MMC tərəfindən hazırlanmış “icra edilmiş xidmətlərə dair akt”da göstərilən məbləğləri əsas götürməsi, qətnamənin qanuniliyini və əsaslılığını sübhə altına alır. Məhkəmə qətnamə qəbul edərkən bütün sübutları tədqiq edərək, onlara hüquqi qiymət verməli, mütəxəssis rəyinin mötəbər sübut olmasını əsaslandırmalı idi. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili C.Paşalı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarına əlavə edilmiş AC seriyalı, 495565 saylı nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına 07.09.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
10. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 18.05.2020-ci il tarixli məktubun surətindən görünür ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq İddiaçı istifadəsində olan “Mercedes-Benz ML350W4” markalı, **-ZK- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə ilkin olaraq İddiaçı müstəqil ekspert kimi “xxxx” MMC-ni təyin edilmiş, həyata keçirilən qiymətləndirmə nəticəsində 1100.00 manat müəyyən edilməsinə baxmayaraq, o, bunu qəbul etməmişdir. İkinci dəfə də vətəndaşa müstəqil ekspert kimi digər təşkilat olan “xxxx” MMC-ni təyin edən zaman artıq bundan imtina etmişdir.
11. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən hazırlanmış icra edilmiş xidmətlərə dair aktdan görünür ki, İddiaçı tərəfindən qəzalı “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədə aktının qiymətləndirilməsinə görə MMC-yə 952,01 manat məbləğində ödəniş edilmişdir.
12. İş materiallarına əlavə edilmiş 01.05.2020-ci il tarixli ******* nömrəli qaimə-fakturadan görünür ki,İddiaçı tərəfindən ehtiyat hissələrinə görə 2355 manat ödənilmişdir.
13. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən avtomobilin təmirinə görə usta işi üçün cəmi 1050 manat sərf olunmuşdur. Hüquqi dəyərləndirmə:
14. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
16. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır.
17. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
18. Həmin Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ var.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Kollegiya sadalanan hüquq normalarına və işin hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, cavabdehdən iddiaçının xeyrinə 4357,01 manat məbləğində pul tutulmasında haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes-Benz ML350W4” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığorta etmiş “xxxx” ASC-nin əməkdaşları hadisə yerinə gələrək lazımı qeydləri aparmışlar.
23. İş materiallarında olan qaimə-faktura, mədaxil qəbzi və aktdan görünür ki, iddiaçı müxtəlif vaxtlarda sözügedən zədə aktının qiymətləndirilməsi və avtomobilin təmiri üçün 1050 manat, 2355, 952.1 manat olmaqla, cəmi 4357.01 manat məbləğində vəsait xərcləmişdir. İddiaçının 4357.1 manat məbləğində vəsait xərcləməsi iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin həmin vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
24. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmasına və mütəxəssis rəyinin mötəbərliyinə qiymət verməməsi hallarına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı öz mövqeyini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda mütəxəssis rəyinin qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı kollegiya qeyd edilən mütəxəssis rəyinin qeyri mötəbərliyini təsdiq edən hər hansı hal aşkarlamamışdır. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2109/2021 saylı, 19.02.2021-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli ekspert rəyində 2011-ci il buraxılışlı “Mercedes Benz ML 350” markalı, ** ZK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7379.0 manat məbləğində müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin il 2(004)-3555/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev