Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2110/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Rafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqları tanınmaqla iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülmələri” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5916/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 133 saylı mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 5916/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin, 133 saylı mənzilinə istifadə hüquqlarının tanınması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi X9 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülmə tələb etdiyi uşaqlar ona məxsus deyildir, məhkəmə xx xxx 2019-cu il tarixli atalığın müəyyən edilməsi ilə bağlı qətnaməyə istinad etmişdir. Halbuki, məhkəmənin sözügedən qətnaməsini mübahisələndirmişdir, məhkəmə həmin qətnaməni təkcə iddiaçının izahatını əsas götürərək çıxartmışdır. İddiaçı mübahisəli mənzildə yaşamamışdır. O, təxminən 2-3 dəfə Ukraynada onunla görüşmüş, 2013-cü ildən bu vaxta kimi onunla heç bir münasibətləri olmamış, harada yaşamasından, nə iş görməsindən xəbəri olmamışdır. Daha sonra o, 2016-cı ildən Gədəbəy rayon xəstəxanasında tibb bacısı işləmiş və övladları ilə birlikdə orada yaşamışdır. İddiaçının Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 6 saylı evin, 133 saylı mənzili ilə heç bir bağlılığı yoxdur, o və uşaqları orada yaşamamışdır. 2016-cı ildən o, övladları ilə birlikdə Gədəbəydə yaşamış, orada işləmişdir. Hazırkı məsələnin həlli üçün 2 mübahisəli məsələ vardır. 1. Uşaqların atalığının müəyyən edilməsi. 2. İddiaçı və uşaqların bu vaxta kimi harada yaşaması, onların mübahisəli mənzil ilə bağlılığı. Atalığın müəyyən edilməsi ilə bağlı məsələ öz həllini tapmadıqca hazırkı işə də baxıla bilməz, iş üzrə icraat dayandırılmalıdır. Atalıq müəyyən olunmuş olsa belə tərəflər arasında etibarlı ailə münasibətləri olmamışdır. Davamlı olaraq onlar bir yerdə yaşamamışlar, iddiaçı tərəf mübahisəli evə gəlin köçməmişdir. Onların ailə qurmaq, bir yerdə yaşamaq niyyətləri olmamışdır. Təxminən 2-3 dəfə bir yerdə olmuşlar. Həmin vaxt da iddiaçı Ukraynaya gəlmişdir. 2013-cü ildən bəri münasibətləri kəsilmişdir və harada yaşaması barədə məlumatı olmamışdır. Ailəsi Gədəbəy rayonundan olduğu üçün iddiaçı da orada yaşamış, təxminən 2016-cı ildən Gədəbəy rayon xəstəxanasında tibb bacısı işləmişdir və orada da yaşamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı Cavabdeh1 ilə 2009-cu ildə faktiki nikaha daxil olmuşlar. Həmin vaxtdan ünvan 2 ünvanında yaşamışlar. Cavabdehin işləri ilə əlaqədar mütəmadi Ukrayna Respublikasına gedib gəlirdilər. Sonradan iddiaçı ilə cavabdehin arasında münasibətlər pisləşdiyindən iddiaçı tərəfindən atalığın müəyyən olunması və aliment tələbi ilə bağlı iddialar qaldırılmışdır. Həmin məhkəmə çəkişmələri dövründə cavabdeh mübahisəli mənzili anasının mülkiyyətinə vermişdir. İddiaçı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında faktiki olaraq işləməmişdir, onun adı formal olaraq orada gedirdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də apelyasiya şikayətinin məzmunundan da görünür ki, cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirirlər. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 2009-cu ilin oktyabr ayında faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətlərdən onların üç övladları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuş, İddiaçı övladları ilə birlikdə əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin, 133 saylı mənzilində yaşayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı “Uşaq hüquqları haqqında” qanunun 5-6-cı maddələrinə, Uşaq hüquqları bəyannaməsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin, 133 saylı mənzilinə istifadə hüquqlarının tanınması tələbi ilə bağlı qeyd edir ki, bu yetkinlik yaşına çatmayanlar Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin, 133 saylı mənzilinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 ailə üzvü olduqlarından və bu münasibətlərə xitam verilmədiyindən, valideyin olaraq Cavabdeh1 öz yetkinlik yaşına çatmayan övladlarını saxlamaq, yaşayış sahəsi ilə təmin etmək vəzifəsi olduğundan, daimi yaşadıqları atalarına məxsus mənzil yetkinlik yaşına çatmayanların yeganə yaşayış sahəsi olduğu üçün yeni mülkiyyətçi də bu uşaqların istifadə hüququ ilə yüklü olan mənzili hədiyyə olaraq qəbul etdiyindən iddia tələbləri yetkinlik yaşına çatmayanların mənzilə istifadə hüquqlarının tanınmasına dair hissədə əsaslıdır və ona görə də təmin edilir. Belə ki, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən maddi hüquq normalarından da göründüyü kimi yetkinlik yaşına çatmayan şəxsin yaşayış yeri onun valideynlərinin yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının, yəni uşaqların analarının mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması hissəsində təmin etməməsinə baxmayaraq, yaşayış yeri valideynlərinin yanı olan uşaqlara münasibətdə iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından apelyasiya şikayəti təmin edilməklə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 nümayəndəsi X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 5916/2019 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2110/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2110/2020
26.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver