Məhkəmə qərarları › İş №2(103)-2120/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2120/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2120/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin tutulması" tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1350/2025 nömrəli 07 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 838060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 yanvar 2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, X2 atası Cavabdeh, anası İddiaçıdır.

2. Notariat qaydada təsdiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə, İddiaçı arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Balayev, arvada Quliyeva soyadı verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikadan anadan olmuş övladı 04 yanvar 2023-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay sabit pul məbləğində 235 manat məbləğində, habelə uşaq üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin, ümumilikdə 335 manat məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 04 yanvar 2023-cü il tarixdə X3 dünyaya gəlmişdir. Nikah bağlandıqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri korlanmış, bir yerdə yaşamaqlarının mümkün olmadığından iddiaçı atası evinə qayıtmışdır. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşamaqla, övladına və ona yad insan kimi davranır, ona heç bir qayğı göstərmir. Cavabdehin aylıq gəlirlərinin olmasına baxmayaraq, gəlirlərindən övladına heç bir vəsait xərcləmir. Övladının bütün maddi tələbatlarını, o cümlədən geyim və yemək xərclərini valideynləri qarşılamağa çalışır. O, könüllü şəkildə övladlarının saxlanılmasında iştirak etməkdən və valideyn kimi vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bundan başqa, azyaşlı övladına qulluq etdiyindən heç bir yerdə işləyə bilmir. Qeyd olunan səbəblərə görə övladının 18 yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, habelə uşaq 3 yaşına çatanadək saxlanması və ona qulluq edilməsi üçün 100 manat, ümumilikdə 335 manat məbləğində alimentin tutularaq ona ödənilməsi zərurəti vardır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1350/2025 nömrəli 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12 dekabr 2024-cü il tarixdən etibarən İddiaçı ilə birgə nikahından olan 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və 04 yanvar 2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək saxlanması ona qulluq edilməsi üçün 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya üçün 60 manat ödənilmiş pul Cavabdeh tutularaq iddiaçıya qaytarılması, Cavabdeh məhkəmə xərci olaraq 30 (otuz) manat tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikahından doğulmuş övladı ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi 12 dekabr 2024-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan 04 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək saxlanması üçün onun xeyrinə 100 manat aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.İddiaçı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən 04 yanvar 2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh 50 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab edir. Həmçinin mediasiya üçün 60 manat ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdı

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 78.1, 100.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 13 və 19-cu maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1350/2025 nömrəli 07 yanvar 2025-ci il tarixli qətnaməsini qismən – 04 yanvar 2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olanadək ona qulluq edilməsi üçün 50 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birgə nikahlarından anadan olmuş övladları 04 yanvar 2023-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmasına görə məndən hər ay sabit pul məbləği şəklində 235 manat məbləğindəa limentin tutulmasına razıdır. Lakin məhkəmə qətnaməsinin uşaq üç yaşına çatana kimi hər ay məndən 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə razı deyil. Belə ki, AR Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, normanın məzmunundan aydın olur ki, uşaq 3 yaşına çatana kimi nəzərdə tutulan aliment hər ərdən deyil, yalnız zəruri vəsaitə malik olan ərdən tutula bilər. Lakin onun rəsmi, daimi iş yeri və mütamadi gəliri yoxdur. Məhkəmə ondan 50 manat alimentin tutulması barədə qətnamə çıxararkən başqa gəlirlərə malik olmadığını, iddiaçı tərəfdən isə alimenti ödəməyi üçün zəruri vəsaitə malik olmağını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə almamışdır. Çünki bu halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, məhkəmə ondan 50 manat aliment tutarkən yanlış olaraq AR Ailə Məcəlləsinin 85-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddədə keçmiş ər (arvadın) bir-birindən aliment tələbləri tənzimləyir. Lakin onun iddiaçı ilə nikahım pozulmayıb, keçmiş ər-arvad hesab edilmirlər. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. AR MPM-nin 88-ci maddəsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. AR MPM-nin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. Məhkəmə onu vaxtında məhkəmə iclasları barədə məlumatlandırmamış, məhkəməyə ünvanlandığı etiraz ərizə nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şiakyətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 85.1.1-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, xəstəliklə bağlı çəkilməli olan övladlara münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, 04 yanvar 2023-cü il təvəllüdlü X2 üç yaşınadək saxlanması üçün 50 (əlli) manat sabit pul məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi və bu hissədə iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə yalnız həmin hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maksimum təsir etməmisinə yönəlmişdir.

23. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 84-cü maddəsinin tələblərini rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunverici arvada (iddiaçıya) ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində ərdən (cavabdehdən) aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, maddədən də göründüyü kimi, bu aliment istisnasız və qeyri-şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan ərdən tələb edilə bilər.

24. Həmçinin məlum məsələdi ki, 3 yaşınadək olan uşaqların qidalanması və onların saxlanılması bu yaşdan yuxarı uşaqların qidalanmasından və saxlanılmasından hər bir baxımdan, o cümlədən maddi xərclərə münasibətdə fərqlənir. Bu və digər diqqətəlayıq halları nəzərə alıb, qanunverici 3 yaşına çatmamış uşaqlara baxan valideyn üçün belə bir hüquqi imkan yaratmışdır.

25. Hazırda iddiaçı uşağı ana qayğısına ehtiyyacı olduğu üçün əmək fəaliyyəti ilə məşğul olmaq iqtidarına malik deyildir. Bu baxımdan məhkəmə uşağın 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün tutulan 50 manat məbləğin əsaslı olduğunu hesab edir.

26. Digər tərəfdən bu məbləğ xx.xx.2023-cü il tarixdən hesablanır. Müddət etibarı ilə cavabdeh bu məbləği ümumilikdə təxminən 1 il 2 ay ərzində ödəməlidir.

27. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar baxımından belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın 3 yaşınadək cavabdehdən hər ay sabit pul məbləğində 50 manat pul tutmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

28. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1350/2025 nömrəli 07 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar