Məhkəmə qərarları › İş №2(103)-2126/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2126/2024

01.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2126/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı işi üzrə Açar sözlər: (“əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək haqqı, gecikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Körpü Tunel Tikinti” MMC-yə qarşı "əmək haqqı və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 889 manat + 889 manat = 1778 manat məbləğində əmək haqqının, 15.03 2019-cu ildən 29 10.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 889 manat + 889 manat = 1778 manat, (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqının və 10579,10 manat məbləğındə gecikdirməyə görə hər gün üçün 1% ödəncin, mediasiya şurasına ödədiyi 50 manat xərcin, cəmi 14185.10 manat məbləğində pul vəsaitinin cavabdeh "Körpü Tunel Tikinti” MMC-dən tutulub, iddiaçıya verilməsini və dərhal icra edilməsi, 120 manat + (4185.10 x 0.30 %) 12.55 manat = 132.55 manat dövlət rüsumunun cavabdehdən tutulması və dövlət büdcəsinə ödənilməsini, iddiaçının 2 ildə əmək məzuniyyətinə çıxa bilmədiyinə, 2 illik kompensasiya pulunu və 2 aylıq əmək haqqını ala bilmədiyi üçün verdiyi ərizəyə baxılmadan və həll edilmədən, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə-vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "Körpü Tunel Tikinti” MMCdən 1778 manat məbləğində ödənilməmiş əmək haqqı və 1778 manat məzuniyyət pulu cəmi 3556 manat məbləğində əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla 10579,10 manat ödəncin, 50 manat mediasiya xərci, ümumilikdə 14185,10 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, Cavabdeh "Körpü Tunel Tikinti” MMC-dən 132,55 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 35; Əmək Məcəlləsinin 110, 113, 154.1, 157.1, 157.3, 172, 301; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.5, 106.1, 220.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının sentyabr və oktyabr ayları üzrə əmək haqqının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi sentyabr ayı və oktaybr ayları üçün cəmi 1778 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 10579,10 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulması hissəsində də əsaslıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün 1778 manat məzuniyyət pulunun ödənilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, cavabdeh "Körpü Tunel Tikinti” MMC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada gözətçi vəzifəsində çalışmış İddiaçı xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək 2 aylıq müddəti üçün 1778 (889 + 889) manat məbləğində əmək haqqı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 2 illik məzuniyyət dövrü üçün cəmi 1778 manat, o cümlədən (1778 + 1778 = 3556) manat məbləğində əmək haqqını ödəməmişdir. Bu səbəbdən də əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% ödənc olaraq 10579,10 manat məbləğində borc yaranmışdır. Bununla belə məhkəmə bildirir ki, əmək haqqının hesablanması sahəsində məhkəmə ixtisaslı biliklərə malik deyildir, cavabdeh "Körpü Tunel Tikinti” MMC isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün müvafiq sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddiaçının "vəzifəli şəxslərin cərimə edilməsi”nə dair tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi prosessual hüquqi cəhətdən vəsatətdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin məsələnin hazırki icraat çərçivəsində həll edilməsi məhkəmənin səlahiyyətində deyil və həmin məsələyə qətnamənin nəticə hissəsində qiymət verilə bilməz. Belə ki, qeyd olunan tələb müvafiq dövlət orqanının səlahiyyətinə aid olan məsələdir.

3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - ******* saylı əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli, 326 saylı əmrlə Azərbaycan Respublikası ƏM- nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; - "Muğanbank” ASC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir; - "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən, "xxxx" MMCdə əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətlərə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə Sizə aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktub göndərilmiş (Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 224-cu məhəllə), lakin bu günə qədər heç bir sənəd təqdim olunmamışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək müqaviləsi bildirişi alt sisteminə tərəfimizdən baxış keçirilərkən, sizinlə "Körpü Tunel Tikinti” MMC-nin rəhbəri arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda bildiririk ki, Bakı şəhər İdarəsinə təqdim etdiyiniz izahatdan və əmək haqqı bank hesabı çıxarışınızdan əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabınız sonuncu iş günü işəgötürən tərəfindən Sizə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən cəmiyyətin direktoru Javad Talobovi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibatı xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq bildiririk ki, cəmiyyətin rəhbərinə son haqq-hesabınızın hesablanıb ödənilməsini təmin edilməsi ilə bağlı **********0 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tanxədək dayandırıldığından müraciətinizin yerində araşdırılması mümkün olmamışdır; - İş üzrə Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli məktubu ilə əlavə materialların təqdim edilməməsi səbəbi ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixl, 2(005)-196/2023 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2; Mülki Məcəlləsinin 6; Mülki Prosessual Məcəllənin 2, 9, 97, 217, 218, 387-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2007-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin (Deleourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli və X4rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına istinadən qeyd edilmişdir ki, Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli qaydada tez tələsik baxaraq, yalnız iddiaçının verdiyi izahatı əsas götürməklə tərəflərin hüquq bərabərliyini pozmuş, heç bir sübut olmadan iddianı qismən təmin etmişdir. Cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. Məhkəmə əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla 10579 manat ödəncin necə hesablandığını əsaslandırmır. Məhkəmə heç bir sübut olmadan, ekspertiza keçirmədən, iddiaçıya veriləcək məzuniyyət pulunu və əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla 10579 manat ödəncin verilməli olduğu qənaətə gəlir. Cavabdeh məhkəmə iclaslarından xəbərsiz olmuş, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Bununla da qanunvericiliyin tələbi olan ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur.İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin və MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir.

5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin “apellyasiya şikayəti”nin surətindən görünür ki, formal mülahizələrdən ibarətdir,sifarişlidir, qərəzlidir, əsassızdır, qanunsuzdur, rədd edilməlidir və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməlidir, dəyişdiriləcəyi təqdirdə əmək haqqı ona ödənilən günədək əlavə 1 % ödənc hesablanıb ona ödənilməlidir. Belə ki, 1.1. apeliyasiya şikayəti verən şəxsin adı: Cavabdeh MMC yazılıb, 1.5. ünvan: nümayəndənin ev ünvanı yazılıb, AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 59. Telefon: /050/ ***-**-** hüquqi ünvanını bu “apellyasiya şikayətində gizlədib, 1.6. elektron poçt ünvanı yazılmayıb, 3. apellyasiya şikayəti verən şəxsin nümayəndəsi Javad Talıbov, etibarnaməsi yazılmayıb, 4.3. qətnamənin alınma tarixi xx.xx.2023 göstərilib, apellyasiya şikayətini verilmə tarixi yazılmayıb, 5. İşin halları: cavabdehin nümayəndəsi onun xahişlərinə, DƏM-nin, Mediasiya Şurasının, Məhkəmənin və Ekspertizanın çağırışlarına məhəl qoymayıb, sənədləri təqdim etməkdən imtina edib, hörmətsizlik edərək iclaslarında iştirak etməkdən imtina edib, bu “apellyasiya şikayəti” ilə məhkəməni təhqir edib, 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər olmadığı üçün artıq söz yığnağından və formal mülahizələrdən ibarət bu işə heç bir aidiyyəti olmayan Məcəllə, Qanun və qərarları sadalayıblar.7. AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 59. Telefon: /050/ ***-**-** hüquqi ünvanını bu “apellyasiya şikayəti”ndə gizlədib, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər olmadığı üçün artıq söz yığnağından və formal mülahizələrdən ibarət bu işə heç bir aidiyyəti olmayan Məcəllə, Qanun və qərarları sadalayıblar, 8. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər tapmadıqları üçün eynilə 1 % 10579,10 manat ödənci dəfələrlə təkrarlayıb, boş söz yığnağı yazıb, amma özünün hesablamasını və heç dəlil sübut göstərməyib, 9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri olmadığı üçün eynilə çeynənmiş sözləri təkrarlayıblar, 10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər tapılmadığı üçün eynilə çeynənmiş sözləri təkrarlayıblar, 11. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər olmadığı üçün boş saxlanılıb, heç nə yazılmayıb, 12. apeliyasiya şikayəti verən şəxsin tələbi: forma! mülahizələrdən və artıq söz yığnağından ibarət qərəzli, əsassız, qanunsuz bu “apellyasiya şikayəti”nin təmin olunmasını, sözügedən qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını sifariş edib, 13. bu “apellyasiya şikayəti”nə əlavə edilməli sənədləri gizlədib, göstərməyib, 14.1. bu “apellyasiya şikayətini verən şəxsin imzası: Javad Talıbovi yazılıb, 14.2. Tarix yazılmayıb, Dövlət rüsumunun məbləği 132 manatın 50 %-i 66 manat təşkil etdiyi halda, məhkəməni aldadaraq, guya 2 il bundan əvvəl xx.xx.2022-ci il tarixdə guya 73 manat pulu banka köçürüb, məhkəməyə təqdim edib. Bununla da tam sübut olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2023 saylı 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi Javad Talıbovun verdiyi “apellyasiya şikayəti” formal mülahizələrdən ibarətdir, sifarişli, qərəzli, əsassız və qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, rədd edilməlidir və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməlidir, dəyişdiriləcəyi təqdirdə əmək haqqı ona ödənilən günədək əlavə 1 % ödəncin hesablanıb ona ödənilməsi qətnamədə göstərilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müvafiq sənədlər təqdim edilmədiyindən rəy verilməsindən imtina edilmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 7-11, 110, 113, 154-158, 287-290, 296, 299, 308-313; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisə edən tərəf (cavabdeh) ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etmiş, onun keçirilməsinə mane olmuş (zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmiş), sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etməmiş və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından, iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edilərək, iddia tələbi təsdiq olunmuş hesab edilməlidir.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən: 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır; 9. d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır; 135. 1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 144. 2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir;

172. 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195. d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

11. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5.Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

13. Kollegiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə aid edilməsini əsaslı hesab edir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar