Məhkəmə qərarları › İş №2(103)-2131/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2131/2020

10.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2131/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil-İstismar Departamentinin cavabdehlər Cavabdeh və X2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-8278/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil-İstismar Departamenti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilmiş Xətai rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən D blok 475 nömrəli, 3 otaqlı mənzilində müvəqqəti istifadəsinə verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx xxxxxx 2018-ci il tarixli, 475 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Ağdam rayonundan məcburi köçkün Məmmədov X7 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Xətai rayonu, Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksində D blokunda yerləşən 475 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra aparılan araşdırma zamanı Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barəsində dəfələrlə ona xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-8278/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh verilmiş Xətai rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsi ərazisində yeni salınmış hündür mərtəbəli yaşayış kompleksində yerləşən D blok 475 nömrəli, 3 otaqlı mənzilində müvəqqəti istifadəsinə verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə bildiriş ona vaxtında göndərilməmiş və buna görə də o, cavabdeh kimi müdafiəsini hazırlayıb məhkəmə iclasında iştirak edə bilməmişdir. Həmçinin xx xxxxxx 2018-ci il tarixdə iddiaçı onunla kirayə müqaviləsi bağlamağı təklif etdi, onların və digər köçkün ailələrinin təcili surətdə qəzalı vəziyyətdə olan binadan köçürülməli olduqları onları bildirilmişdir. Həmin gün ona müqavilə təqdim olundu və tələsik imzalamağı tələb olundu. O, müqavilənin 1-ci səhifəsinə nəzər saldıqda ona veriləcək mənzilin 2 otaqlı olduğunu və ümumi sahəsinin 111,22 kv.m olduğunu görmüşdür. Müqavilənin digər səhifələrini oxumadan onu imzalamışdır. Mənzil İstismar Departamenti onları ev əşyaları ilə birlikdə müqavilədəki ünvana köçürdülər. Onlar mənzilə daxil olarkən tamam başqa mənzərənin şahidi oldular. Mənzil faktiki olaraq 1 otaqlıdır, sonradan arakəsmə yolu ilə 2 otaqlıya çevrilmişdir. O Departament işçilərinə bu barədə dərhal məlumat vermiş və etirazını bildirmişdir. Onlar müxtəlif bəhanələrlə onu sakitləşdirməyə çalışmışlar. Onu müqavilədə göstərilən mənzilə köçürməmişlər. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf ərizə təqdim edərək X1 əlavə cavabdeh qismində işə cəlb edilərək cavabdehlərin və onların azyaşlı uşaqlarının mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək brinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar tərəfindən mübahisəli mənzilə baxış keçirilmiş və orada yaşayışın olmadığı müəyyən edilmişdir. Bildirir ki, cavabdehə təmirli mənzil verilmiş və o müqaviləni imzalayıbsa həmin evdə yaşamalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəməyə gəlməyərək bunun səbəbləri barədə məlumat verməmiş, bu səbəblə də işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2018-ci il tarixli, 475 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Ağdam rayonundan məcburi köçkün Cavabdeh Dövlət Proqramı çərçivəsində Xətai rayonu, Telnov küçəsində məcburi köçkünlər üçün inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksində D blokunda yerləşən 475 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Cavabdeh həmin mənzildə yaşamamış, bununla bağlı ona xəbərdarlıq edilsə də, mənzili təhvil verməkdən də imtina etmişdir. Cavabdeh Ağdam rayonundan məcburi köçkündür. Onun ailə üzvlərinə arvadı X8, qızları X5 və X3 daxildir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Eyni Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyənedilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qaçqınların və məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci hissəsinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İşin hallarından müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66-cı maddəsindən irəli gələn hüquq və vəzifələri həyata keçirməmiş, tərəflər arasında bağlanmış kirayə müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlinsə də, Cavabdeh tərəfindən həmin şərtlər pozulmuşdır. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olmaqla təmin edilməsi qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində sözügedən mənzildən çıxarılmalı şəxlərin adlarını tam olaraq qeyd etməmişdir ki, bu hal gələcəkdə məhkəmə qətnaməsinin icraya yönəldildiyi halda icra icraatında mübahisələrin yaranmasına səbəb olacaqdır. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına məhkəmə iclası barədə bildirişin göndərildiyi və onun məhkəmə bildirişini qəbul etdiyi aydın olur. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, apellyasiya şikayətinə görə dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-8278/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh verilmiş Xətai rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Telnov küçəsi ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksində yerləşən D blok 475 nömrəli, 3 otaqlı mənzilində müvəqqəti istifadəsinə verilməsinə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh və X8, azyaşlı uşaqları X5 və X6 ilə birlikdə həmin mənzildən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar