Məhkəmə qərarları › İş №2(103)-2136/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2136/2022

01.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2136/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 971/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi 2019-cu ilin iyul ayı üçün ödənilməmiş 750 manat məbləğində əmək haqqının, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində məcburi iş büraxdığı dövr üçün (avqust, sentyabr, oktabr) 2.250 manat məbləğində pulun, əmək haqqının 1 faizi məbləğində ödənclə bağlı 1.125 manat pulun, son haqq hesab olaraq 500 manat məbləğində pulun, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12.06.2019-cu il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsində işə qəbul edilmiş və 02.08.2019-cu il tarixdə işdən azad edilmişdir. Cavabdeh onu məcburi şəkildə işdən azad etmiş, işdən çıxma barədə müraciəti, ərizəsi və sazis olmadığı halda Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "a" bəndini əsas götürərək, tərəflərin razılığı əsası ilə qanunsuz olaraq onu işdən çıxarmış, iş yerinə buraxmamış, nəinki son haqq hesabını, həmçinin əmək kitabçasını belə verməkdən boyun qaçırmışdır. Bu barədə X1 Xidmətinə etdiyi müraciət nəticəsində 6 saylı region üzrə X1 araşdırma aparmış və nəticədə şikayətin əsaslı olduğu, cavabdeh tərəfindən ona ödəniş edilmədiyi aşkar olunmuşdur. Onun aylıq əmək haqqı 750 manat olmuş, cavabdeh ona əmək haqqını ödəməməklə yanaşı, onu 02.08.2019-cu il tarixdə özbaşına işdən çıxarmaqla məcburi iş buraxma dövrü (avqust, sentyabr və oktyabr) üçün də əmək haqqı tələbi üçün əsas yaranmışdır. Bundan əlavə, şirkət tərəfindən əmək haqqı könüllü şəkildə ödənilmədiyi üçün hər gecikdirilmiş gün üçün 1 faiz də tələb etmək haqqı yaranmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi (tələbin həcminin azaldılması qaydasında) barədə ərizə təqdim edərək, "xxxx" MMC-də sürücü vəzifəsində işlədiyi dövr üçün (12.06.2019-cu - 02.08.2019-cu il) ona ödənilməli olan, lakin ödənilməmiş, ümulikdə 1.500 manat məbləğində (əmək haqqı) pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-971/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 1.196,60 (bir min bir yüz doxsan altı manat, altmış qəpik) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddələrinə əsasən apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). İş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, şikayətinə qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Həmçinin cavabdehin dövlət rüsumunun ödənilməsindən azad olunması üçün əsaslar iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-971/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-971/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Həsənov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar