Məhkəmə qərarları › İş №2(103)-2150/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2150/2025

22.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2150/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı MTK-nın Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-2847/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı MTK ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********14639 saylı payçı müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı MTK pay qismində çıxış edən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 7B ünvanında inşa olunan 1-ci bina 1-ci blok 14-cü mərtəbə 61 nömrəli 3 otaqlı mənzili tikib Cavabdeh (payçının) mülkiyyətinə verməyi; Cavabdeh isə sözügedən mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi, həmçinin İddiaçı MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, mənzilin hesablaşma sahəsi 130.6 kv.metr təşkil edir. Mənzilin kv.metri – 1840 manat olmaqla, müqavilənin ümumi dəyəri 240.304 manat təşkil edir. Mənzilin ilkin ödənişi 20%, yəni 48.064 manat. Payçı müqavilə qiymətinin qalan 192.240 manata bərabər tutulan məbləğini, payçı MTK və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7-ci bəndinə əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında İddiaçı MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda İddiaçı MTK, "xxxx" ASC və Cavabdeh arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn Cavabdeh (payçının) öhdəliklərini yerinə yetirməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən, cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil təkrar satılanadək bankda hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri, mənzildə yaşayış olduğu halda mənzilin ilkin vəziyyətə gətirilmə xərci (yəni divar kağızların yeni payçının zövqünə uyğun sökülüb dəyişdirilməsi, sanitar qovşaq aksesuarlarının dəyişdirilməsi, daxili qapıların dəyişdirilməsi, döşəmə parketin dəyişdirilməsi və digər işlər) payçı tərəfindən ödənilməli və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Müqavilənin 8.11-ci bəndinə müvafiq olaraq, Cavabdeh (payçı) tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Cavabdeh (payçı) qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. İddiaçı MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, 1-ci bina 1-ci blok 14-cü mərtəbə hesablaşma sahəsi 130,6 kv.metr 3 otaqlı 61 saylı mənzilin dəyəri 240.304 manatdır. Cavabdeh tərəfindən 48.064 manatı ödənilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, İddiaçı MTK ilə "xxxx" ASC arasında bağlanmış X2 saziş çərçivəsində "xxxx" ASC Cavabdeh 120 ay müddətinə kreditdən istifadəyə görə illik 10% ödəmək şərtilə 192.240 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və ona hesablanmış faizləri "xxxx" ASC-yə ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015-K.A saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsindən irəli gələn pul tələbləridir. "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 336 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönləndiriləcəkdir. "xxxx" ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2739/2024 saylı məktubdan görünür ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 192.240 manat məbləğində kredit verildiyi, Cavabdeh aldığı kredit vəsaitini 120 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 6-ı tarixindən gec olmayaraq ödəməli olduğu, Cavabdeh kredit vəsaitindən istifadə etdiyi, lakin xx.xx.2024-cü il tarixə qeyd olunan müqaviləyə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borcun 6.952 manat təşkil etdiyi, bununla da borcalanın müqavilə şərtlərini pozduğu, 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 6.952 manat məbləğində borc ödənilmədiyi halda, "xxxx" ASC borcu tələb etməklə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK- ya müraciət edəcəyi, o, isə öz növbəsində alğı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Ak.H.Əliyev küçəsi 7B bina 1 blok 1 mərtəbə 14 ümumi sahəsi 130.6 kv.metr olan 3 otaqlı 61 nömrəli mənzili öz sahibliyinə keçirərək "xxxx" ASC qarşısında borcu bağlamaq hüququna malik olduğu bildirilmişdir. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 09 saylı məktubdan görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında payçı müqaviləsinin bağlanıldığı, müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu Ak.H.Əliyev küçəsi 7B bina 1 blok 1 mərtəbə 14 ümumi sahəsi 130.6 kv.metr olan 3 otaqlı 61 nömrəli mənzilin ona satıldığı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 10.145 manat borc yarandığı, qrafik üzrə kredit ödənişi 5 ay 23 gün müddətində gecikdirildiyi, bununla da müqavilənin kobud şəkildə pozulduğu, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilmədiyi, qısa bir zamanda borcun ödənilməsinin tələb edildiyi bildirilmiş, əks halda qanunauyğun olaraq müvafiq tədbir görülməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********14639 saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 3 noyabr 2020-ci il tarixdə **********14639 saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 7Bdə, bina 1, mənzil 61, sahəsi 130.6 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 192.240 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 120 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 6-ı tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 6.952 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında X2 Saziş vardır və həmin öhdəliyə uyğun kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X3 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 7B-də, bina 1, mənzil 61, sahəsi 130.6 kv.metr olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən MTK-dan ipotekaya mənzil götürülmüşdür. Ödənişlər edilsə də, müəyyən dövr üçün ödənişlərin həyata keçirilməsində gecikmələr yaranmışdır. Öhdəliklərini ödəməkdən boyun qaçrmırlar, lakin müəyyən müddət verilməsi zərurəti yaranmışdır. Məhkəmədən ödənişləri ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 2847/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2020-ci il tarixli **********14639 saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 7B, 1-ci bina, mənzil 61 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin həqiqi halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı MTK arasında mənzilin əldə edilməsinə dair payçı müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə görə müqavilə iştirakçılarından hər biri üzərinə müəyyən öhdəlik götürmüş və tərəflərin icra etməli olduqları öhdəliklər təfsilatı ilə müqavilədə əks olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli, **********14639 saylı payçı müqaviləsinə əsasən İddiaçı MTK pay qismində çıxış edən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 7B ünvanında inşa olunan 1-ci bina 1-ci blok 14-cü mərtəbə 61 nömrəli 3 otaqlı mənzili tikib Cavabdeh (payçının) mülkiyyətinə verməyi, Cavabdeh isə sözügedən mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi, həmçinin İddiaçı MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Cavabdeh 48.064 manat məbləğində ilkin ödəniş etməklə yanaşı bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə banka borcu yaranmışdır. Bununla da qabaqcadan razılaşdırılmış müqavilə şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyinə görə İddiaçı MTK müqavilənin müvafiq bəndlərindən çıxış edərək, onun ləğvini və müqavilədən əmələ gələn digər tələblərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli, 015 saylı təminatlı kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını pozmuş, bank bu barədə MTK-ya bildiriş göndərmiş və bank MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir. Bununla da cavabdehin (müqaviləyə əsasən payçının) müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması işdə olan sübutların məcmusu ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslı hesab edilməklə, təmin edilməsi mümkündür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 385.1, 386.1, 421.1, 422.2, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-2847/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin qətnaməsinə əsasən təmin edilmiş, Cavabdeh ünvan 6 ünvanda yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarıması qət edilmişdir. Bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ədalətsiz və əsassız olduğundan apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı onun istifadəsində olan mənzil qiymətləndirilməmiş, yalnız MTK-nin verdiyi qiymət əsas götürülmüşdür. Lakin, qanunvericiliyin tələbinə əsasən işə baxılarkən məhkəmə xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Əmlakın qiymətləndirilməsi aparılmalı olduğu halda aparılmamışdır. Mənzilə qoyulmuş qiymət, 2020-ci ilə aiddir. Hazırda mənzil qiymətləri daha baha qiymətədir. Belə olduğu halda o, əmlakının ucuz qiymətə satılmasından ehtiyat edir. Hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli əmlakın real dəyəri müəyyən edilməli idi. Hesab edi ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq düzgün qiymət verməmişdir. Hazırki iş üzrə məhkəmə aidiyyatı da düz seçilməmişdir. Belə ki, o, Binəqədi rayon ərazisində qeydiyyatdadır, hesab edir ki, iş Nəsimi Rayon Məhkəməsində deyil, Binəqədi Rayon Məhkəməsində baxılmalı idi. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2847/2024 nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini xahiş edərək izahatında cavabdeh tərəfindən mənzilin, yalnız ilkin ödənişinin edildiyini, dəfələrlə şərait yaradılmasına baxmayaraq cavabdehin qeyri-ciddi davranışlar göstərərək ödənişlərdən yayındığını, beləliklə, müqavilə şərtlərini pozduğunu, cavabdehin başqa yaşayış yerinin mövcud olmasını, birinci instansiya məhkəməsinin iclaslarında cavabdehin, yalnız bir dəfə iştirak etməsini, hər dəfə ərizə təqdim edib prosesin təxirə salınmasını xahiş edib məhkəmə prosesini uzatmağa çalışmasını göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işlərinin çoxluğu ilə bağlı məhkəmə iclasına gələ bilmədiklərini bildirib məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi heç bir səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Cavabdeh vəkili Vəkil ərizəsində istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməməsini, 3-cü şəxsin nümayəndəsinin heç bir səbəb bildirmədən məhkəmə iclasına gəlməməsini nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh hesab edir ki: -məhkəmə araşdırılması zamanı onun istifadəsində olan mənzil qiymətləndirilməmiş, yalnız MTK-nin verdiyi qiymət əsas götürülmüşdür. Lakin, qanunvericiliyin tələbinə əsasən işə baxılarkən məhkəmə xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mənzilə qoyulmuş qiymət, 2020-ci ilə aiddir. Hazırda mənzil qiymətləri daha baha qiymətədir. Belə olduğu halda o, əmlakının ucuz qiymətə satılmasından ehtiyat edir. Hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli əmlakın real dəyəri müəyyən edilməli idi. -hazırki iş üzrə məhkəmə aidiyyatı da düz seçilməmişdir. Belə ki, o, Binəqədi rayon ərazisində qeydiyyatdadır, hesab edir ki, işə Nəsimi Rayon Məhkəməsində deyil, Binəqədi Rayon Məhkəməsində baxılmalı idi. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********14639 saylı payçı müqaviləsinə əsasən İddiaçı MTK pay qismində çıxış edən Bakı şəhəri Nəsimi rayonu Ak. H.Əliyev küçəsi 7B ünvanında inşa olunan 1-ci bina 1-ci blok 14-cü mərtəbə 61 nömrəli 3 otaqlı mənzili tikib Cavabdeh (payçının) mülkiyyətinə verməyi, Cavabdeh isə sözügedən mənzili qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri vaxtında MTK-ya ödəməyi, həmçinin İddiaçı MTK-nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Cavabdeh 48.064 manat məbləğində ilkin ödəniş etdikdən sonra ödənişləri dayandırmış, nəticədə banka borcu yaranmışdır. Bununla da qabaqcadan razılaşdırılmış müqavilə şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyinə görə İddiaçı MTK müqavilənin şərtlərindən çıxış edərək, onun ləğvini və müqavilədən əmələ gələn digər tələblərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci bəndinə əsasən, Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında İddiaçı MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda İddiaçı MTK, "xxxx" ASC və Cavabdeh arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn Cavabdeh (payçının) öhdəliklərini yerinə yetirməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən, cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil təkrar satılanadək bankda hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri, mənzildə yaşayış olduğu halda mənzilin ilkin vəziyyətə gətirilmə xərci (yəni divar kağızların yeni payçının zövqünə uyğun sökülüb dəyişdirilməsi, sanitar qovşaq aksesuarlarının dəyişdirilməsi, daxili qapıların dəyişdirilməsi, döşəmə parketin dəyişdirilməsi və digər işlər) payçı tərəfindən ödənilməli və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Mülki iş üzrə tədqiq olunan sübutlardan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında, müqavilə üzrə müəyyən olunmuş qaydada yerinə yetirməmişdir. Buna görə bank MTK-ya bildirş göndərərək MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir. Daha sonra MTK tərəfindən cavabdehə bildiriş göndərilərək ödənişlərin 5 ay 23 gün müddətində gecikdirildiyi, bununla da müqavilə şərtlərinin kobud şəkildə pozulduğunu, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilmədiyini, qısa bir zamanda borcun ödənilməsinin tələb edildiyini bildirilmiş, əks halda qanunauyğun olaraq müvafiq tədbir görülməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, cavabdeh özü də müqavilə üzrə öhdəliklərini icra etməməsi barədə iddiaçının iddia tələbində istinad etdiyi halı mübahisələndirmir. Onun apellyasiya şikayətinin dəlilləri, yalnız mənzilin qiymətləndirilməməsindən, işə baxılarkən aidiyyət qaydalarının pozulmasından ibarətdir. Kollegiya cavabdehin mənzilin qiymətləndirilməsi, borcun məbləğinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə və bu barədə məhkəməyə təqdim olunan cavabdehin vəsatətinə münasibət bildirb qeyd edir ki, cavabdeh iddiaçının təqdim etdiyi sübutlardan fərqli olan müqavilə üzrə apardığı ödənişlər barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, hazırkı iddia tələbləri üzrə mənzilin dəyərinin müəyyən edilməsinə zərurət olmadığından, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndi ilə müəyyən edilən şərtlərin icrası zamanı cavabdehin iştirak etmək hüququ olduğundan hazırkı icraatda mənzilin qiymətləndirilməsinə, borcun yoxlanmasına zərurət yoxdur. Ona görə də bu barədə vəsatət təmin edilmir. Kollegiya birinci instansiya məhkəməsinin işə aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair cavabdehin apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, mənzil Nəsimi rayonunda yerləşdiyindən, iddiaçının tələblərindən biri mənzilin boşaldılaraq ona təhvil verilməsindən ibarət olduğundan birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən aidiyyət qaydalarını tənzimləyən MPM-in normalarına əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsidə ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 2847/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar