Məhkəmə qərarları › İş №2(103)-2154/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2154/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2154/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(002)-3181/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1450/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 iyun 2010-cu il tarixdə Hacıqabul rayon Nəvahi kənd icra nümayəndəliyində 04 saylı akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində və yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin azaldılmasını tələb edir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(002)-1450/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki uşaqları var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulur. Hal-hazırda o, ailəlidir. O, alimentin azaldılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Ərizəsi mediator N.Hüseynov tərəfindən icraata götürülmüşdür. X10 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 00159 saylı arayış verilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxt maddi vəziyyəti bir qədər yaxşı olmuşdur. Lakin indi əmək haqqından başqa heç bir gəliri yoxdur. Normal yaşamaq üçün maddi cəhətdən çox çətinliklər çəkir və 160 manat aliment ödəyə bilmir. 5.Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, 2 xəstə uşaqları var. Kirayədə qalırlar. İddia ərizəsi ilə razı deyil. O, heç bir yerdə işləmir. İddiaçı sentyabroktyabr ayları üçün 200 manat ödəniş etmişdir. Ödənilən aliment uşaqların tələbatlarını ödəməyə kifayət etmir. Alimentin azaldılmasına razı deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 noyabr 2022-ci il tarixli, 2(002)-3181/2022 saylı qətnaməsi (sədrlik edən-Əsədov Kamran) ilə iddia tələbi təmin edilməmişdir. 7.İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1450/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 iyun 2010-cu il tarixdə Hacıqabul rayon Nəvahi kənd icra nümayəndəliyində 04 saylı akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində və yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay iki uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 8.İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatının 10 oktyabr 2022-ci il tarixli 00159 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında olan alimentin miqdarının azaldılması ilə bağlı mübahisə üzrə 10 oktyabr 2022-ci il tarixdə saat 12.00-13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. 9.Məkəmə qeyd etmişdir ki, iddiaçı ikinci dəfə ailə qurarkən, birinci nikahdan övladlarının olduğunu, onların qayğılarının həll edilməsi kimi vəzifəsinin olduğunu, aliment öhdəliyi daşıdığını bilirdi. İddiaçının kifayət qədər gəliri mövcuddur ki, o, yuxarıda qeyd olunanları dərk edərək, yenidən ailə qurmuşdur. İkincisi, iddiaçının iddia ərizəsində gəlirlərinin azalmasını qeyd etməsi hər hansı mötəbər sübuta əsaslanmır. 10.Həmçinin, iddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(002)- 1450/2022 saylı qətnaməsinin qəbul edilməsindən iddiaçı tərəfindən məhkəməyə hazırkı iş üzrə iddia ərizəsi verilən 17 oktyabr 2022-ci il tarixədək cəmi 3 ay vaxt keçmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçı faktiki olaraq alimenti tam həcmdə ödəməkdən yayınmaq üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin, iddiaçının iddia ərizəsində gəlirlərinin azalmasını qeyd etməsi hər hansı mötəbər sübuta əsaslanmır, buna görə də məhkəmə iddianı əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1; Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı ikinci dəfə ailə qurmuş, himayəsində xərçəng xəstəliyindən əziyyət çəkən anası vardır və 16 dekabr 2022-ci ildə tarixdə Beynəlxalq Bankdan 2000 AZN məbləğində kredit götürmüşdür. İş üzrə cavabdehin himayəsində olan uşaqların hər ikisinin yaşı ayrı-ayrılıqda 9 və 8 yaşı tamam olmuşdur. İş üzrə cavabdeh isə faktiki olaraq işləsə də rəsmi olaraq əmək müqaviləsi yoxdur. Onun qeyri-rəsmi gəlirləri vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi iş üzrə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar üzrə heç bir araşdırma aparmadan və iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. İddiaçının maddi durumunda dəyişikliyin olmaması və hər hansı yeni fəaliyyəti olmadığı halda və əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandığı halda işə baxılma təxirə salınmayıb. İş üzrə iddiaçının maddi vəziyyətinin pis olması barədə məhkəməyə təqdim edilən sübutlar üzrə heç bir araşdırma aparılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, onun aliment üzrə borcları yığılmışdır. Ondan cəmi 480 manat aliment tutulur. O, hər ay hər uşağa görə 160 manat aliment ödəyə bilər. Buna görə də, alimentin azaldılmasını istəyir. O, ailəlidir, xəstə anasına baxır, Bankdan pul götürmüşdür. Bu barədə sübutları vəkili elektron kabinetə yükləmişdir. Xahiş etdi ki, onun apellyasiya şikayəti təmin edilsin. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçı olan qardaşının izahatı ilə razı olduğunu bildirdi. 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, o, iki uşağa görə cəmi 360 manat aliment alır. İddiaçının aliment borcu olduğu üçün, ona 480 manat da aliment ödənilib. O, tək uşaqların saxlanılmasında çətinlik çəkir, kirayə haqqı ödəyir. Xahiş etdi ki, qətnamə dyişdirilmədən saxlanılsın. 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etmədi, cavabdehin izahatına uyğun məzmunda izahat verdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 20.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 21.Maddə 75.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 22.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 23.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 24.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası tərəfləri və onların nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(002)-3181/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Tərəflərin 2 uşaqlarının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 32.Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. 33.Alimentin miqdarının azaldılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 34.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 35.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). 36.Həmin Qərarın 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 37.Kollegiya hesab edir ki, iddiaçı maddi vəziyyətinin alimentin ödənilməsi üçün imkan vermədiyini bildirsə də, bununla bağlı heç bir sübutu birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Digər tərəfdən isə, iddiaçı ikinci dəfə ailə qurarkən birinci nikahdan övladlarının olduğunu, onların qayğılarının həll edilməsi kimi vəzifəsinin olduğunu, aliment öhdəliyi daşıdığını bilirdi. Bundan əlavə iddiaçının iddia ərizəsində gəlirlərinin azalmasını qeyd etməsi hər hansı mötəbər sübuta əsaslanmır. 38.Kollegiya apellyatorun məhkəmə tərəfindən araşdırılma aparılmaması, onun sübutlarına qiymət verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddia ərizəsi ididaçı tərəfindən verilmiş, onun tərəfindən təqdim olunmuş sübutlara məhkəmə tərəfindən qiymət verilmişdir. 39.Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab etmədiyindən (belə ki, iddiaçı sübutları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim etmək imkanı olmuşdur. Odur ki, sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmamışdır, beləliklə, sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmamışdır) araşdırmaqdan imtina etmişdir. 40.Kollegiya hesab edir ki, hazırkı iddia uşağın mənafeyini əhəmiyyətli dərəcədə pozmaqla, əvvəlki təminat səviyyəsinin azalmasına yönəldilmiş olar ki, bu hal da qəbul edilməzdir. 41.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 42.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 44.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 47.Kollegiya qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1450/2022 saylı qətnaməsinə əsasən iddiaçının əmək haqqı 500-600 manat təşkil etməsi müəyyən olunur. Hazırda əmək haqqının azalması halı müəyyən olunmur. 600 manat əmək haqqının 1/3 hissəsi 200 manat təşkil edir. Həmin məbləğin yarısı 100 manat olmaqla, sabit pul məbləğində 80 manat da nəzərə alındıqda, hər uşağa görə ödənilən alimentin məbləği 180 manat olmaqla, 2 uşağa görə cəmi aliment 360 manat təşkil edir. İddiaçı hazırda hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment ödənilməsini tələb edir. Azaldılması tələb olunan alimentin cəmi məbləği 40 manat təşkil edir ki, illik məcmu 480 manat olmaqla, 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(002)-3181/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar