Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2168/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin azaldılması tələbi barədə” iddiasına və cavabdehin iddiaçıya qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2022-cü il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ilk iddia tələbi barədə məlumat
1. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməyə (İş № 2(010)-1284/2019) əsasən ondan cavabdehin xeyrinə 1 azyaşlı uşağın yetkinlik çatana kimi saxlanılması üçün hər ay tutulan 110 manat sabit pul məbləğində və qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin azaldılaraq, ayda cəmi 110 manat sabit pul məbləğində müəyyən edilməsi və ya cavabdehin özünün ona bildirdiyi təklifə uyğun olaraq alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən iddiaçıdan cavabdehin xeyrinə hər ay tutulan alimentin məbləği cəmi 160 manat təşkil edir. İddiaçı subay olduğu üçün həmin alimenti çətinliklə də, olsa ödəyirdi. Hazırda isə iddiaçı yenidən ailə qurub və 21 saylı Poçt Şöbəsinin müdiri kimi aldığı 345 manat məbləğində əmək haqqı özünün, arvadının dolanması və alimentin ödənilməsi üçün kifayət etmir. O, alimentin məbləğinin azaldılması üçün isə hazırki iş üzrə cavabdehə müraciət etdikdə, cavabdeh bildirmişdir ki, o buna razı deyil və təklif etmişdir ki, aliment ümumiyyətlə ləğv edilsin. b) qarşılıqlı iddia tələbi barədə məlumat
3. İş üzrə cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan onun xeyrinə hər ay tutulan sabit pul məbləğindəki alimentin artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 1 uşağın saxlanılması hazırki iş üzrə iddiaçıdan cavabdehin xeyrinə hər ay tutulmalı olan alimentin məbləği 110 manat sabit pul məbləğində və cavabdehin qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Həmin vaxt, yəni 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil edirdi. Həmin qətnamə ilə müəyyən edilmiş qaydada aliment tutulanda, təxminən cəmi 160 manat təşkil edirdi. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Buna görə də, cavabdeh, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan onun xeyrinə hər ay tutulmalı olan 110 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 193 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh həmçinin bildirir ki, iddiaçı, 21 saylı Poçt Şöbəsinin müdiri olaraq 345 manat məbləğində əmək haqqı almaqla yanaşı, həm də digər fəaliyyətlərlə məşğul olur və kifayət qədər gəlir əldə edir. Lakin uşağa aliment ödəmək istəmir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda yenidən nikaha daxil olduğundan və onun aylıq əmək haqqısı cəmi 345 manat təşkil etdiyindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnaməyə (İş № 2(010)-1284/2019) əsasən ondan cavabdehin xeyrinə 1 azyaşlı uşağın yetkinlik çatana kimi saxlanılması üçün hər ay tutulan 110 manat sabit pul məbləğində və qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi qeyri-mümkündür. Çünki onun bu məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Cavabdeh qarşılıqlı iddiada iddiaçının kifayət qədər maddi imkana malik olduğunu bildirsə də, bu halı sübuta yetirə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda yuxarıda göstərilənlərə baxmayaraq həmin alimentin məbləğinin azaldılması və ya alimentin tam ləğv edilməsi üçün də əsas yoxdur, çünki iddiaçı cavabdehin yanında qalmış azyaşlı uşağı, uşağın əvvəlki təminatının səviyyəsinə mümkün qədər maksimal səviyyədə saxlamalıdır. d) apellyasiya şikayəti barədə məlumat
7. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəsi qanunsuz və əsassızdır. Buna görə də, qətnamə həmin hissədə ləğv edilməlidir. İş üzrə yeni qətnamə qəbul edilərkən isə nəzərə alınmalıdır ki, qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsinə verilən zaman, yəni 2022-ci ildə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edirdi. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Odur ki, iddiaçıdan cavabdehin xeyrinə 1 uşağa görə tutulmalı olan alimentin sabit məbləğində olan hissəsi artırılarkən Məhkəmə bu halı nəzərə amalıdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
9. Qarşılıqlı iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, əgər Məhkəmə apellyasiya şikayətini və bununla bağlı qarşılıqlı iddianı əsaslı hesab edərsə, onda nəzərə almalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
10. Qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) teleqramla Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
11. Məhkəmə, bu müraciəti əsassız hesab edərək işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki o, apellyasiya baxışı iclasında məhz üzrlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəfin (tərəflərin) gəlməməsinin məhz üzürlü səbəbdən baş verməsi müəyyən edilmədiyi halda işə onların iştirakı olmadan baxılması mümkündür. f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş ilk iddia tələbini təmin etməsə də, iddiaçı, Rayon Məhkəməsinin həmin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə Rayon Məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilməməsi barədə hissəsini mübahisələndirir.
13. Odur ki, göstərilənləri və MPM 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilməlidir.
15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iş üzrə tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların bir övladları var: xx.xx.2017-ci il təvəllüdlü X2. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri korlanmış və onlar ərarvad münasibətlərini kəsərək ayrılmışlar.
16. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1284/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə tərəflərin arasındakı nikahın pozulması, uşağın nikah pozulmasından sonra hazırki iş üzrə cavabdehin yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay 110 manat sabit pul məbləğində və hazırki iş üzrə iddiaçının əmək haqqısının (əlavə gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
17. İş materiallarında olan sənədlərdən görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) 21 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işləyir və 345 manat əmək haqqı alır. O, xx.xx.2019-cu il tarixdə ikinci dəfə nikaha daxil olmuşdur.
18. İş üzrə tərəflərin bildirdiklərinə görə, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsində qeyd edilən qaydada (sabit məbləğdə aliment + qazancın 1/4 hissəsi miqdarında) qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulan alimentin məbləği 160 manat təşkil edir.
19. Göstərilənləri və apellyasiya baxışının predmeti olan hissədə iş üzrə tərəflər arasında mübahisə doğuran halları nəzərə alan Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34.).
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.).
24. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
25. Yuxarıda qeyd edildiyi kimi, qanununun tələbindən göründüyü kimi, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatını təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur. Həmçinin, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır.
26. Belə olan halda müəyyən edilir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsində qeyd edilən qaydada (sabit məbləğdə aliment + qazancın 1/4 hissəsi miqdarında) qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulan cəmi 160 manat məbləğində alimentin uşağın artmış tələbatlarını təmin etmir.
27. Buna görə də, Məhkəmə hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1284/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay tutulan 110 manat sabit pul məbləğində və hazırki iş üzrə iddiaçının əmək haqqısının (əlavə gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin sabit pul məbləğində ifadə olunmuş hissəsi 20 manat artırılmalı və 130 manat məbləğində müəyyən edilməlidir. Bununla da, Məhkəmə hesab edir ki, uşağın marağı və iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmış olacaq.
28. Apellyasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), alimentin məbləğinin “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununda müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumunun (220 manat) nəzərə alınmasını xahiş etsə də, Məhkəmə bildirir ki, bu mümkün deyil. Çünki həmin tələb işə baxmış Rayon Məhkəməsinə verilməmişdir. MPM-nin tələblərinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.). Yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmir və onlara baxılmır (maddə 372.4.).
29. Odur ki, şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1284/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay tutulan 110 manat sabit pul məbləğində və hazırki iş üzrə iddiaçının əmək haqqısının (əlavə gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin sabit pul məbləğində ifadə olunmuş hissəsi 20 manat artırılmalı və 130 manat məbləğində müəyyən edilməlidir (son nəticədə Suraxanı Rayon Məhkəməsinin 2(010)-1284/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay tutulmalı olan aliment - 130 manat sabit pul məbləğində və hazırki iş üzrə iddiaçının əmək haqqısının (əlavə gəlirlərinin) 1/4 hissəsi miqdarında olacaqdır).
30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
32. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin qarşılıqlı iddia üzrə iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((193 – 130) x 12=) 756 manat, qətnamənin qarşılıqlı iddia üzrə cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((130–110) x 12=) 240 manat təşkil edir.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2022-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1284/2019 saylı iş üzrə qəbul etdiyi 27 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə uşağın – xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 110 manat sabit pul məbləğində və İddiaçı əmək haqqısının (əlavə gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin sabit pul məbləğində ifadə olunmuş hissəsi 20 manat artırılaraq 130 (yüz otuz) manat məbləğində müəyyən edilsin. Bu qaydada aliment, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.