Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2177/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4105/2023 saylı 05 fevral 2024-cü il tarixli iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-4105/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4105/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4105/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, e-2(006)-4105/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlunun elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə qətnamə qanuni qüvvəsini aldıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə (əsaslandırılmış qaydada) təqdim edilmədən daxil olmuşdur ki, bununla da onun verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-410/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini kağız daşıyıcıda 12 yanvar 2024-cü il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə almışdır. Həmin Qətnamənin alınmasına dair poçt zərfinin də PDF formatda şəklini apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra 1 ay tamam olmamış apellyasiya şikayəti vermişdir. O, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər normasının tələblərinə tam riayət etməklə vermişdir. Zənnincə, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Normaya görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmədə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Qeyd edir ki, onun asan imza-elektron kabineti olmadığından məhkəmənin qətnaməsinin elektron kabinetə yerləşdirilməsindən məlumatı olmayıb. Bu barədə yalnız məhkəmə qətnaməsi rəsmi qaydada-kağız daşıyıcıda poçt vasitəsi ilə 12 yanvar 2024-cü il tarixdə ona çatdırılmışdır. Qanunun bu normasına əsasən da bir daha bildirir ki, sözügüdən qətnamə ona rəsmi qaydada verilməlidir. Əgər verilməli deyildisə, yəni təkcə elektron kabinetə yerləşdirilməklə bu qətnamə elektron qaydada təqdim edilirdisə, onda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bu qətnaməni ona nəyə görə kağız daşıyıcıda təqdim edirdi. Məhkəmə qanunun bu normasına uyğun olaraq ona qətnaməni kağız daşıyıcıda təqdim edib və o, da onu aldığı vaxtdan apellyasiya şikayəti vermə müddətini ötürmədən sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə nəzərə almamışdır ki, o, elektron məhkəmə informasiya sistemində qətnaməni poçt vasitəsilə aldıqdan sonra qeydiyyatdan keçmişdir. Onun elektron kabinetə yerləşdirilən məhkəmə qətnaməsindən məlumatı olmayıb. Məhkəmə bu normanı tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-2577/2023 saylı, 10 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu Məcəllənin 75-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-4105/2023 saylı qətnaməsi “AZEMİS” Elektron Məhkəmə infomasiya sistemi vasitəsilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlunun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi barədə müvafiq çıxarış mövcuddur. Hazırki apellyasiya şikayəti isə prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə xx.xx.2024cü il tarixdə verilmiş, iddiaçı verdiyi apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Bununla da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini verən iddiaçı tərəfindən prosessual müddətin ötürülməsi halının üzrlü səbəbdən baş verilib-verilmədiyinə qiymət verilməsi mümkün olmamışdır. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hallar, yəni nümayəndəsi və vəkili olan Vəkil Ağaməmməd oğlunun elektron kabinetinə yerləşdirilən məhkəmə aktı barəsində məlumatlı olmaması məhkəmənin prosessual müddətlərin ötürülməmiş hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi nümayəndəsi olduğu şəxsin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş, iddiaçı da qanunla müəyyən olunmuş qaydada nümayəndəsinin səlahiyyətinə xitam verildiyi, yaxud da çıxmış nümayəndənin başqası ilə əvəz edildiyi barədə məhkəməyə məlumat verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4105/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4105/2023 saylı 05 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2177/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2177/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver