Məhkəmə qərarları › İş №2(103)-218/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-218/2022

24.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-218/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2537/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.12.2016-cı il tarixdən 01.03.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23423.41 (iyirmi üç min dörd yüz iyirmi üç manat, qırx bir qəpik) manat, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyan olaraq 2500 (iki min beş yüz) manat, ümumilikdə 25923.41 (iyirmi beş min doqquz yüz iyirmi üç manat qırx bir qəpik) manatın cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2537/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.12.2016-cı il tarixdə 01/16 saylı əmrlə ləğv prosesində olan “Euro Bank" ASC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mühasib olaraq üzərinə düşən vəzifələrini lazımi qaydada, vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Lakin üzərinə düşən vəzifələri yerinə yetirməyinə baxmayaraq ləğv prosesində olan “Euro Bank" ASC tərəfindən ona 2 ayın əmək haqqısı ödənilsə də, yerdə qalan 25 ayın əmək haqqısı əsassız və qanunsuz olaraq ödənilməmişdir. Dəfələrlə tərəfindən əmək haqqının ödənilməsi xahiş edilsə da, bankın ləğv prosesində olması və debitor borcların yığımında problemlər olduğu üçün pul vəsaitinin olmaması səbəbi ilə ödənişlərdə gecikmələr olduğu və qısa zamanda əmək haqqının ödəniləcəyi bildirilmişdir. Lakin verilən vədlərə baxmayaraq işlədiyi müddət ərzində ödənilməli olan əmək haqqı ona ödənilməmişdir. Məhz bu səbəbdən də, tərəfindən ərizə ilə “EuroBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna işdən azad olunmağı ilə bağlı müraciət olunmuşdur. 28.02.2019-cu il tarixli, L-01 saylı əmrlə tutduğu vəzifədən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a"bəndinə əsasən (öz xahişilə) azad olunmuşdur. Tutduğu vəzifədən azad olunmağına baxmayaraq Ləğv prosesində olan "Euro Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu günə qədər nə ödənilməyən əmək haqları, nədəki, işdən azad olunma ilə bağlı son haqq hesabı ödənilməmişdir. Tərəfindən bir neçə dəfə həm şifahi, həm də rəsmi qaydada Ləğv prosesində olan "Euro Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunsa da, əmək haqqının və son haqq hesabın ödənilməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi onun tələbinin rədd edilməsinə dair mövqeyini yalnız son haqq-hesabın və əmək haqqlarının ödənilməməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməməyi ilə əsaslandırmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi əsassız mövqeyini “əsaslandırarkən” eyni zamanda, qeyd etmişdir ki, tərəfindən gətirilmiş dəlilləri həm də ona görə əsassız və mülahizə xarakterli hesab edir ki, 27 ay ərzində əmək haqqı ödənilmədən işləməyinə dair dəlili ziddiyyətli xarakter daşıyır. Birinci instansiya məhkəməsinin onun iddiası ilə bağlı əsaslandırması yalnız bundan ibarətdir. Başqa heç bir dəlilə və normaya istinad edilməmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, əmək haqqının və son haqq-hesabın ödənilməməsi bağlı tərəfindən əlavə hər hansı bir sübut təqdim edilməsinin tələb edilməsi məhkəmə araşdırma təcrübəsinə və qanunvericilik normalarının tələblərinə ziddir. Belə ki, tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, o, iddia ərizəsində qeyd olunan müddətdə cavabdeh müəssisədə işçi kimi çalışmış və işdən azad olunma tarixi və əmri cavabdeh müəssisə tərəfindən təsdiqlənmişdir. Əmək haqqı və son haqqhesabın ödənilib-ödənilməməsini təsdiqləyən sübutlar yalnız cavabdeh müəssisənin uçot sənədləri əsasında müəyyən edilir. Lakin həmin sənədlərə giriş imkanları məhdud olduğundan həmin sənədləri yalnız cavabdeh müəssisə təqdim edə bilərdi. İddiaçı olaraq tərəfindən cavabdeh müəssisədə işlədiyini, hansı vəzifədə olduğunu və hansı tarixlər arası əmək müqaviləsinin qüvvədə olmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyib əsassız hesab etməklə etirazını bildirirsə də, məhkəməyə əmək haqqının və son haqq-hesabının ödənilməsi və ya ödənilməli olmamasına dair öz sübutlarını məhkəməyə təqdim etməlidir. Lakin birinci instansiya məhkəməsi cavabdehin özünə aid hissədə sübut etmə vəzifəsini də onun üzərinə qoymuşdur. Bununla da, məhkəmə mübahisəni bir tərəfli qaydada araşdırmaqla bərabərlik prinsipini kobudcasına pozmuşdur. İstər onun vəkili, istərsə də, məhkəmə tərəfindən cavabdeh müəssisədən onunla və ona ödənilib və ya ödənilməyən əmək haqqılar barədə sənədlərin təqdim edilməsi tələb edilsə də, cavabdeh tərəf hər-hansı sənədlərin olmamasını qeyd etmişdir. Məhkəmə isə bu halların heç birini nəzərə almadan birtərəfli qaydada münasibət bildirmişdir. Məhkəmə işin araşdırılmasını çətin hesab etmiş və özünü çətinə salmamaq üçün ən asan mövqe seçərək sübutun olmaması bəhanəsi ilə iddianı rədd etməyə üstünlük vermişdir. Lakin birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, bu qətnamədə hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Birinci instansiya məhkəməsi işdə olan subutları sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində sadaladığı bu sübutları bir daha qısa formada sadalamaqla kifayətlənmiş və qətnaməyə nəticə vermişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində 18.01.2022-ci il tarixdə yıxılması nəticəsində sol bayır topuğun qapalı yerdəyişməsiz sınığı xəsarəti aldığı üçün hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, ərizəsinə “X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş 61№li, 21.01.22-ci il tarixli Forma №027/U arayışını (xəstənin tibbi kartasından çıxarış) əlavə etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı 01.12.2016-cı il tarixdə ləğv prosesində olan Cavabdeh2-də mühasib vəzifəsinə işə qəbul edilmiş, 28.02.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İşin mübahisələndirilən halları isə işdən azad olunarkən işçiyə əmək haqqının ödənilib-ödənilməməsi, işdən azad olunma ilə bağlı son haqq-hesabın həyata keçirilibkeçirilməməsi barədə olan məsələlərdir. Bu barədə İddiaçı tərəfindən "EuroBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 19.12.2019-cu il tarixdə müraciət edilmiş, 01.12.2016-cı il tarixdən 01.03.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesabın, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyanın hesablanıb ödənilməsinin 5 gün müddətində təmin edilməsi, əks təqdirdə tərəfindən Əmək Məcəlləsinin 287-288-ci maddələrinin tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməli olan, lakin ödənilməmiş son haqq-hesabın, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, 01.12.2016- 01.03.2019-cu il tarixlərini əhatə edən dövr üçün ödənilməli olan lakin ödənilməmiş əmək haqqı və digər ödəmələrin LPO Cavabdeh2-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu halları təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu dəlilləri həm də ona görə əsassız və mülahizə xarakterli olduğunu hesab edir ki, iddiaçı cavabdeh təşkilatda mühasib vəzifəsində çalışmışdır, onun əmək funksiyası əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət idi. Beləliklə iddiaçının mühasib olduğu və əmək haqqının və digər ödənişlərinin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi üçün məsuliyyət daşıdığı təqdirdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ağlabatan deyildir. Gəldiyi qənaətin məntiqi davamı kimi məhkəmə həmçinin iddiaçının 27 ay ərzində əmək haqqı ödənilmədən işləməsinə dair dəlilinin ziddiyyətli xarakter daşıdığını vurğulayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia “01.12.2016-cı il tarixdən 01.03.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyd edilən tələblər qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın “əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə dəymiş maddi ziyan ödənilməsi”nə dair tələb hissəsinə də hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət qalmayıb, iddia bu hissədə də rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 83.2, 135.2, 144.2, 154.1, 172.4-cü maddələrinin və 195-ci maddəsinin “d” bəndinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarını səhv təfsir edib, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Əvvəla, İddiaçı 01.12.2016-cı il tarixdə Ləğv prosesində olan "xxxx" ASC-də mühasib vəzifəsinə işə qəbul edilsə də həmin vaxt iddiaçının işəgötürəni Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC olmuşdur. Bu başqa cür ola da bilməzdi. Çünki, həmin vaxt bank artıq ləğv prosesində idi. 28.02.2019-cu il tarixdə isə, yəni iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad olunarkən, "xxxx" ASC-nin ləğvedicisi artıq Əmanətlərin Sığortalanması Fondu idi və əvvəlki ləğvedicinin hüquqi varisi sayılırdı. Çünki, Bakı Apellyasiya Məhkəməsinin 31.08.2018-ci il tarixli qərardadı ilə “X1 Company” MMCnin ləğvedici kimi fəaliyyətinə xitam verilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş, qeyd olunan qərardad 04.01.2019-cu il tarixdə Fonda rəsmi qaydada təqdim olunmuşdur. Bundan sonra, Ləğv prosesində olan Cavabdeh2-nin maliyyə və mühasibat uçotu sənədlərinin, kredit və depozit portfelinə dair məlumatların və sənədlərin, qiymətlilərin və əmlakın, o cümlədən hüquqi sənədlərin təhvil-təsliminin yekunları barədə 23.01.2019-cu il tarixli Akt tərtib edilmiş, bu Akt da Bakı Apellyasiya Məhkəməsinin 30.04.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir(bax.i.v.104-112). Demək, ləğvedicilərin dəyişdirilməsi, yəni əvvəlki ləğvedicinin hüquqları keçdiyi kimi, öhdəlikləri də yeni ləğvediciyə, yəni Əmanətlərin Sığortalanması Fonduna keçmişdir. Apellyasiya baxışı zamanı cavabdehin tərəfində 3-cü şəxs kimi cəlb edilsə də “X1 Company” MMC ləğvedicinin Əmanətlərin Sığortalanması Fondu olduğundan bildirişin də Fonda göndərilməsini bildirərək nümayəndəsinin iştirakını təmin etməmişdir(bax.i.v.116- 117). İkincisi, məhkəmə iddia tələbinin rədd edərkən göstərir ki, iddiaçı ödənilməmiş əmək haqqı və digər ödəmələrin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ancaq iddiaçının hansı sübutları məhkəməyə təqdim etməli olduğunu açıqlamır. Başqa sözlə iddianın tam yaxud qismən təmin edilməsi üçün iddiaçının başqa hansısa sübut təqdim etməli olması ona aydın olmalıdır. Yəni, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əksinə, məhkəmə hazırki iddia üzrə sübutemə yükünü tərəflər arasında düzgün müəyyənləşdirməyərək səhvə yol vermişdir. Çünki, əmək münasibətlərində işçi, işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəf hesab edilir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi həm birinci, həm də apellyasiya baxışı zamanı ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, birinci instansiya zamanı iddiaya etirazında Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli qərarına istinad edərək pul tələbinə dair ləğv prosesində olan banka qarşı iddialar üzrə icraata xitam verilməli, həmin tələblərin ləğv proseduru çərçivəsində baxılmalı olduğunu göstərərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir(bax.i.v.62-63).Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi verdiyi izahatlarında mövqeyini davam etdirsə də, cavabdeh 16 iyun 2021-ci il tarixli məktubunda(bax.i.v.118) iddiaçının tələbinin qeydə alınması barədə müraciətinin olmadığını, ləğvedici tərəfindən belə bir tələbin qeydə alınmasının aşkar olunmadığını, iddiaçının işlədiyi müddətin əvvəlki ləğvedicinin dövrünə təsadüf etdiyindən hansı səbəbdən əmək haqqının ödənilmədiyinin onlara məlum olmadığını göstərmişdir. Lakin hazırki iddia tələbi ləğv prosesində olan banka qarşı deyil, bilavasitə ləğvediciyə yönəldilmişdir. Yəni, iddiaçı bank müflis elan edilənədək bankda işləməmiş, bankda işlədiyinə görə tələb irəli sürmür, bank ləğv prosesində olan dövrdə bilavasitə ləğvedici ilə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə başlamışdır. Bu halları cavabdehin təqdim etdiyi əmək müqaviləsi və ona əlavə edilmiş sənədlərdə təsdiq edir. Həmin sənədlərdə iddiaçıya hər ay 1000(min) manat məbləğində əmək haqqı ödənilməli olması da öz təsdiqini tapmışdır. Demək, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bütün hallar sübuta yetirilir. Cavabdeh ləğvedici isə nə özü, nədə əvvəlki ləğvedici tərəfindən iddiaçıya işlədiyi dövrdə hər hansı bir məbləğdə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilməsinə dair heç bir sübut təqdim etməmişdir. Yəni, cavabdeh iddia tələbinə etirazının əsası kimi bu halı sübuta yetirməlidir. Çünki, bu halı sübut etmə yükü cavabdehin üzərinə düşür. Əksinə, cavabdeh iddiaçıya əmək haqqının verilmədiyini inkar etmir. Üçüncüsü, məhkəmə iddia tələbini həm də ona görə rədd etmişdir ki, iddiaçı cavabdeh təşkilatda mühasib vəzifəsində çalışmışdır, onun əmək funksiyası əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət olmuş, mühasib olduğu və əmək haqqının və digər ödənişlərinin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi üçün məsuliyyət daşıdığı təqdirdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ağlabatan deyildir. Ancaq iddiaçının vəzifəsinin mühasib olması o demək deyil ki, məhz bu vəzifədə işləməsi iddianın əsassızlığına dəlalət etməlidir. İddiaçının əmək funksiyasının qeyd olunanlardan ibarət olması cavabdeh tərəfə iddianın əsassız olmasını sübuta yetirməkdə heç bir maneə yaratmırdı. Əksinə, vəsait yığılmadığı üçün əmək haqqının verilmədiyi, lakin hər ay hesablandığı barədə iddiaçının gətirdiyi dəlillər işin hallarına uyğundur və iddianın əsaslı olmasını daha da təsdiq etmiş olur. Göstərilənlərə baxmayaraq, iddiaçı 01.12.2016-cı il tarixdən 01.03.2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23423.41 (iyirmi üç min dörd yüz iyirmi üç manat, qırx bir qəpik) manat, eləcə də əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyan olaraq 2500 (iki min beş yüz) manat, ümumilikdə 25923.41 (iyirmi beş min doqquz yüz iyirmi üç manat qırx bir qəpik) manatın cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli 9/4486 nömrəli rəyinə əsasən Novruzov Zöhrab Aslan oğlunun 2016-cı 2019-cu iş ili ərzində məzuniyyət əmrlərinin təqdim edilməməsinə baxmayaraq cavabdehin ödəmli olduğu vəsait 21 437,34 manat əmək haqqı məbləğindən və 1986,07 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləği təşkil edir. Ekspert qarşısında iddiaçının 01 dekabr 2016-cı il tarixdən 28 fevral 2019-cu ilə kimi mühasib vəzifəsində işləməsi ilə əlaqədar əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının 1000 manat olduğu nəzərə alınmaqla, məcburi ödəmələr çıxıldıqdan sonra işlədiyi müddətdə hər ay üçün əmək haqqının nə qədər olmalı olduğu soruşulmuşdur. Ekspert rəyinin məzmunundan o da bəlli olur ki, əmək haqqının yekun məbləğindən iddiaçının ilk iki ay üçün aldığı məbləğ çıxılmışdır. Ona görə də ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilərək iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2537/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin olunmalı, cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 21437,34(iyirmi bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) manat əmək haqqı və 1986,07(min doqquz yüz səksən altı manat, yeddi qəpik) manat istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya, cəmi 23423,41(iyirmi üç min dörd yüz iyirmi üç manat, qırx bir qəpik) manat tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2537/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 21437,34(iyirmi bir min dörd yüz otuz yeddi manat, otuz dörd qəpik) manat əmək haqqı və 1986,07(min doqquz yüz səksən altı manat, yeddi qəpik) manat istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya, cəmi 23423,41(iyirmi üç min dörd yüz iyirmi üç manat, qırx bir qəpik) manat tutularaq İddiaçı ödənilsin. Ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan ekspertiza tədqiqatının dəyəri, cəmi 100(yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar