Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2183/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-737/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 yanvar 2023-cü il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-737/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 yanvar 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə geri qaytarılması qərara alınmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 03 fevral 2023-cü il tarixdə elekton kabinet vasitəsilə şikayət verərək, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(010)-737/2023 saylı qərardadının ləğv edilməsi və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, hər iki iddia tərəflərin birgə nikahından doğulmuş uşaqla əlaqəli olub, nikah pozulduqdan sonra onun valideynlərindən hansının yanında qalması, habelə uşaq ananın yanında qaldığı təqdirdə, atanın uşaqla ünsiyyət hüquqlarının təmin edilməsidir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ilk iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlib. Hətta, qarşılıqlı iddia ilk iddianın təmin edilməsini aradan qaldırmasa belə, bu tələblər bir-biri ilə qarşılıqlı əlaqəlidirlər və onların birlikdə baxılması tərəflər arasında mübahisələrin daha tez baxılması ilə nəticələnmiş olacaqdır. Qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması həmçinin, mülki prosessual qanunvericiliyin mühüm prinsiplərindən olan prosessual qənaət prinsipinə riayət olunması üçün çox əhəmiyyətlidir. Bu halda, tərəflər arasında ailə münasibətləri zəminində yeni məhkəmə çəkişməsinə yol verilməmiş olur. Bundan əlavə qarşılıqlı iddia ərizəsinin vaxtında verilməməsinə gəldikdə isə, iddiaçı ilə cavabdeh arasında mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi istiqamətində danışıqlar aparılmış, iddiaçı tərtib edilmiş barışıq sazişinə 8-9 dəfə dəyişiklik etmiş, bəndlərin və şərtlərin razılaşdırılması, dəyişilməsi ilə bağlı tərəflər arasında danışıqlar getmiş, hətta xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı özü məhkəmədə bildirmişdir ki, aralarında barışıqla bağlı danışıqlar gedir, məhkəmə iclasını barışıq sazişinin şərtlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclasını təxirə salınması xahiş olunmuşdur. Lakin son müzkirələrdə iddiaçının absurd tələbləri müqabilində aralarında bağlanması nəzərdə tutulan barışıq sazişi imzalanmamışdır. Bunu iddiaçı özü də etiraf edir. Məhz qarşılıqlı iddanın məhkəməyə vaxtında təqdim edilməməsi və məhkəmənin hazırlıq iclasının təxirə salınması elə iddiaçının barışıq sazişinə yeni şərtlər və tələblər əlavə etməsi ücbatından baş vermişdir. Həmçinin, barışıq sazişinin bağlanmasına səbəb iddiaçının cavabdehdən son şərti mənzil və maşın almağını tələb etməsi olmuşdur. Odur ki, cavabdeh aralarında barışıq əldə ediləcəyini düşünərək qarşılıqlı iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə təqdim edə bilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2(010)- 737/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər mediasiya şurasında iştirak etmiş, lakin mediasiya prosesinin müddəti bitdiyindən və tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciəti olmadığından mediasiya prosesinə xitam verilmişdir. Bundan sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilərək, sms-bildiriş və iddia ərizəsinin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddia ərizəsinin surətini xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət cavabdeh tərəfindən ötürülmüşdür. Cavabdehin vəkili həmin müddətin başlanğıcının onunla müqavilə bağlandığı xx.xx.2023-cü il tarixdən hesablanmalı olduğunu bildirərək qeyd etmişdir ki, cavabdeh həmin evdə yaşamadığı üçün iddia ərizəsinin surətini almamışdır. Halbuki, iş materiallarında olan (səh.19) xəbərnamədən görünür ki, iddia ərizəsi Kərimov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin, iddia ərizəsinin göndərildiyi ünvan vəkilin qeyd etdiyi kimi cavabdehə məxsus olub hal-hazırda iddiaçının yaşadığı ünvan yox, cavabdehin şəxsən özünün yaşadığı ünvandır. İddia ərizəsinin iddiaçı tərəfindən qəbul edildiyi təqdirdə qəbul edən şəxs qrafasında Kərimov deyil, iddiaçının öz soyadı kimi Miriyeva yazılmalı idi. Göründüyü kimi vəkil tərəfindən qeyd edilən dəlillər əsassızdır. Bundan əlavə, iş materiallarına ümumilikdə nəzər saldıqda məlum olur ki, cavabdeh həm mediasiya prosesində, həm də xx.xx.2022ci il tarixdə onun mobil nömrəsinə sms-bildiriş göndərilən zaman artıq məhkəmədə işin başlanmasından məlumatlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən heç bir maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləinə qiymət verərək hesab edirki, qarşılıqlı iddanın məhkəməyə vaxtında təqdim edilməməsi və məhkəmənin hazırlıq iclasının təxirə salınmasının iddiaçının barışıq sazişinə yeni şərtlər və tələblər əlavə etməsi ücbatından baş verməsini və cavabdeh aralarında barışıq əldə ediləcəyini düşünərək qarşılıqlı iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə təqdim edə bilməməsi bu dəlillirin əsaslı olmasına dəlalət etmir. Kollegiyanın qənaətinə görə qarşılıqlı iddia prosesual qanunvericiliklə müəyyən edilmiş qaydada verildikdən sonra da barışıq sazişi və ona edilən dəyişiklərin tərəflər arasında müzakirə edilməsi mümkün idi. Beləliklə, kollegiya hesab edir ki, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-737/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2183/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2183/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver