Məhkəmə qərarları › İş №2(103)-2204/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2204/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2204/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X12 və X6 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, min bir əziyyətlə gecələr yuxusuz qalıb keşiyində durduğu, özü ac qalıb ona yedizdirdiyi, böyüyüb ona dəstək olsun deyə günlərlə, aylarla, illərlə gözlədiyi balası- oğlunu faciəvi surətdə itirmişdir. Belə ki, "xxxx" ASC-nin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyən X18 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə- oğlu X4 ölümünə səbəb olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 1(073)-76/2020 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və X11 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 meyitinin sağ əlinin 2-ci, 4-cü və 5-ci barmaqlarının ovuc səthlərində elektrik yanığı yaraları, sol əlin 1-ci barmağında əzilmiş səthi yaralar, alın, sol almacıq, hər iki çiyin qurşağı, sol bel, sol bud və sağ baldır nahiyələrində sıyrıqlar və qarın nahiyəsində qançır müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər həyatidir, qeyd olunan xəsarətlərdən elektrik yanığı yaraları yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. Əzilmiş səthi yaralar, sıyrıqlar və qançır isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdirlər. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl ölüm hadisəsi baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddə aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 yanvar 2020-ci il tarixli 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 ustasının vəzifə təlimatı»nın 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 elektrik montyorunun vəzifə təlimatı»nın 1-ci bəndinin tələbləri pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(073)-76/2020 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir. Təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin maddi durumu kifayət qədər yüksəkdir və iddianın tam təmin edilməsinə imkan verir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia tələbi qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 120 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətləri və onların dəlilləri:

5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, mənəvi ziyanın ödənilməsi ilə bağı cavabdehlə aralarında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi ziyanın ödənilməsi ilə ümumiyyətə hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin 50.000 manat tələbindən cavabdehdən 10.000 manat tutulması qanunun tələbinin pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən X7 mənəvi zərərə görə aldığı 30.000 manat məbləği ata olaraq aldığı mənəvi ziyana görə olmuşdur. Ərəstun Raciyevin ata kimi mənəvi zərər tələb etmək hüququ olduğu kimi onun da ana kimi oğlunun faciəvi ölümünə görə mənəvi zərər tələb etmək hüququ vardır. Amma bu mənəvi zərərin məbləği 10.000 manat müəyyən edilməli deyil, oğlu ilə şəfqət bağlılığı heç də az olmamışdır ki, bu məbləğ 10.000 manat qiymətləndirilmişdir. Bununla yanaşı məhkəmə cavabdeh qurum "xxxx" ASC-nin maddi vəziyyətini düzgün qiymətləndirməmiş və mənəvi ziyanın məbləğini aşağı salmışdır. Halbuki "xxxx" ASC-nin nizamnamə kapitalından da görünür ki, cavabdehin maddi durumu kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən qətnamənin - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işin hallarını kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını qeyd edilən məbləğdə olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır. Göstərilənlərə əsasən qətnamənin - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndələri R.Hüseynova və C.Aslanov ayrı-ayrılıqda tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək bildirdilər ki, iddiaçının oğlu X4 ölümünə görə ilkin olaraq mərhumun atası, daha sonra həyat yoldaşının ayrı-ayrılıqda mənəvi zərərin ödənilməsi tələbləri təmin edilmiş və həmin iddialara görə müvafiq olaraq 30.000 və 20.000 manat kompensasiya ödənilmişdir. Bundan başqa, cavabdeh tərəfindən mərhumun həyat yoldaşı işlə də təmin edilmişdir, eyni zamanda da hadisə ilə əlaqədar mərhumun bütün dəfn xəcləri də cavabdeh tərəfindən qarşılanmış. Hazırda mərhumun anası iddia vermiş, ola bilsin ki, sonradan mərhumun uşaqları və digər yaxınları da eyni iddiaları versinlər, bu isə aşkar hüquqdan sui-istifadəyə yol açmış olacaq, odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə müraciət edərək tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək.

9. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. 27.09.1990-cı il tarixli XV-JQ seriyalı 384641 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 avqust 1990-cı il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. X2, anası Babayeva (hazırda Rəciyeva) Səadət Mirbaba qızıdır.

11. 11.12.2019-cu il tarixli AZ-İİ seriyalı 041092 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

12. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 1(103)-76/2020 saylı hökmündən görünür ki, X21 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilməsi, sınaq müddəti ərzində X18 davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə 180 manat məbləğində ekspertiza xərcinin təqsirləndirilən şəxs X15 alınaraq dövlət büdcəsinə ödənilməsi, X18 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4288/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4403/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102) 6225/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4288/2021 saylı xx.xx.2021-ci il tarixli tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4761/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X10 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1695/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4761/2022 saylı 28 noyabr 2022-ci il tarixli qətnaməsinin mənəvi zərərin tutulması hissəsində dəyişdirilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pulun cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X10 ödənilməsi qət edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102) 2059/2023 saylı qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 1695/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülkü Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

30. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

31. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

32. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual hüquq normaları:

33. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

39. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

40. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Hazırkı işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 1(103)-76/2020 saylı hökmü ilə X21 "xxxx" ASCnin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyərkən öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə- X4 ölümünə səbəb olmasına görə məhkum edilmişdir.

48. Hökmdən həmçinin görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və X11 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyinə əsasən X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur.

49. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasına dair 09 yanvar 2020-ci il tarixli, 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 ustasının vəzifə təlimatı»nın 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 elektrik mantyorunun vəzifə təlimatı»nın 1-ci bəndinin tələbləri pozulmuşdur.

50. Hökmdən daha sonra görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X20-Təcrübi və X11 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyinə əsasən X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur.

51. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasına dair 09 yanvar 2020-ci il tarixli, 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 ustasının vəzifə təlimatı»nın 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, «Rayon Elektrik Şəbəkəsinin X17 elektrik mantyorunun vəzifə təlimatı»nın 1-ci bəndinin tələbləri pozulmuşdur.

52. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, X18 "xxxx" ASC-nin Cənub RETSİ-nin X3 Ləkin şəbəkə sahəsində usta işləyərkən öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi X4 ölümünə səbəb olduqdan sonra mərhumun atası X16, daha sonra mərhumun həyat yoldaşı X19 iddia ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq onlara ödənilməsini iddia etmişlər. X5 tələb etdiyi 5.000.000 manat məbləğin əvəzi olaraq iddiası qismən 30.000 manat məbləğində, X9 90.000 manat məbləğində iddiası da qismən, 20.000 manat həddində təmin edilmişdir.

53. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının oğlunun ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

54. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladının ölümü səbəbindən mənəvi sarsıntılar keçirməsi, bilavasitə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş oması zəruridir. İş materiallarında da mübahisəsiz qaydada müəyyən edildiyi kimi, cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermiş, iddiaçının övladı həmin hadisə nəticəsində ölmüş, bunun nəticəsində də iddiaçı ananın mənəvi sarsıntı keçirməsi mübahisəsizdir.

55. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının, eləcə də cavabdehin apellyasiya şikayətinin – mənəvi ziyanın məbləği ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir.

56. Belə ki, yuxarıda qeyd edilən Plenum qərarında göstərildiyi kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlmişdir. Çünki təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış, bu zaman cavabdehdən qeyd olunan hadisəyə görə mərhumun atası və həyat yoldaşının da ayrı-ayrlıqda mənəvi ziyana görə kompensasiya almasını, eləcə də cavabdehin maliyyə vəziyyəti də nəzərə alınmışdır. Məhkəmə kollegiyası hazırkı iddianın hüquqdan sui-istifadə olması ilə bağlı səsləndirdiyi fikrə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

57. Cavabdehin nümayəndələri belə bir dəlil səsləndirərkən X4 ölümü ilə əlaqədar olaraq bundan əvvəl mərhumun atasının, daha sonra isə mərhumun arvadının eyni tələblə məhkəməyə müraciət etmələrinin və müvafiq olaraq da onlara 30.000 və 20.000 manat zərərin ödənilməsini əsas gətirmişlər. Cavabdeh tərəfin istinad etdiyi həmin faktlar işin mübahisəsiz halları kimi müəyyən olunur. Bununla belə, bu faktların mövcudluğu özözlüyündə mərhumun anasının belə tələblə çıxış etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilə bilməz. Çünki ananın övladının qəfil ölümü, həm də kiminsə təqsirli hərəkət və ya hərəkətsizliyi səbəbindən dərin mənəvi sarsıntı keçirməsi mübahisə doğurmayan haldır. Həm də nəzərə alınmalıdır ki, iddiaçının övladının ölümündən keçən müddət də çox deyildir. Və mərhumun ölümünə görə onun atası və arvadının əvvəllər ayrı-ayrılıqda müvafiq tələblərlə şıxış etmələri də ananın bu hüququndan istifadəni istisna edə bilməz. Başqa bir məsələ ki, bu zaman ödəniləcək mənəvi zərərin məbləği müəyyən olunarkən həmin hallar nəzərə alınmalıdır, bunu da rayon məhkəməsi hazırkı işdə nəzərə almışdır.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 10.000 (on min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətli və ağlabatandır. Nəticə:

59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayətləri təmin olunmadığından cavabdeh tərəfindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh "xxxx" ASC ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar