Məhkəmə qərarları › İş №2(103)-2217/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2217/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2217/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “məhkəmə prosesi bitənə qədər işin icraatı dayandırılması və X8 ilə Cavabdeh QSC arasında bağlanmış Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünün etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesi bitənə qədər işin icraatı dayandırılması və X8 ilə Cavabdeh QSC arasında bağlanmış Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü tarixli, 022M**********01 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yoldaşı Axundova Umleyla ilə Ə.Zeynalov küçəsi, ev 147 ünvanında qeydiyyatdadır və hal-hazırda da orada yaşayırlar. X2 da iki azyaşlı uşağı və yoldaşı ilə həmin evdə yaşayır. Üç qızı da həmin evdə qeydiyyatdadır. Cavabdeh onların həmin evdə yaşamaq hüquqları ola-ola heç bir razılıq və imzaları olmadan evi ipoteka ilə yüklü etmişdir. Baxmayaraq ki, evin mülkiyyətçisi oğlu X4r, onların da o evdə yaşamaq hüququ vardir. Girov qoyulan zaman onların da məlumatı olmalı idi. Nə ondan, nə də ki, yoldaşından bank tərəfindən razılıq alınmayıb. Hal-hazırda Şirvan Appelyasiya Məhkəməsiin xx.xx.2019-cu il tarixli, 2(106)1635/2019 saylı icra vərəqəsi Salyan rayon İcra və probasiya şöbəsindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, bununla belə teleqram ünvanlayaraq ürək əməliyyatı keçirdiyinə görə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin teleqramda qeyd etdiyi hal ilə bağlı sübutlar təqdim etməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)-03/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X9, X7, X10, Babayeva Yeganə Şövqi qızı və X3 022R********** kredit razılaşması üzrə 18017,17 ABŞ dolları məbləğində kredit borcu, 4623,52 ABŞ dolları məbləğində faiz borcu, 10028,33 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 32669,02 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “Cavabdeh" QSC-nin xeyrinə verilməsi, ipotekaya qoyulmuş X5 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinin (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin tərəflərin qarşılıqlı razılığı ilə 21000 ABŞ dolları (16472 manat) müəyyənləşdirilməsi, tələbin ipoteka predmeti olan cavabdeh X5 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinə (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cəmi 32669,02 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə almması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının “Cavabdeh" QSC-yə ödənilməsi, satışdan artrq qalan pul vəsaitinin cavabdeh X6 verilməsi, ipoteka predmeti olan X5 mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evi (0,01003 ha. torpaq sahəsi ilə birlikdə) satıldıqdan 1 ay sonra X5 fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Appelyasiya Məhkəməsiin xx.xx.2019-cu il tarixli, 2(106)1635/2019 saylı qətnaməsi iləiddiaçı və cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(057)-03/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və cərimə borcunun tutulması hissələrində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən, 147A nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünün etibarsız hesab edilməsini xahiş etsə də, iş materiallarından sözügedən evin onun X2nun mülkiyyətində olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2219/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar