Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2218/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1, cavabdeh X5 nümayəndəsi X8, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2114/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X6 və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiada göstərilmişdir ki, mərhum X4 ilə mərhum anası X9 ilə 19 oktyabr 1990-cı il tarixində birgə nikahda daxil olmuşlar. Onların birgə nikahından hazırkı iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 anadan olmuşlar. 13 oktyabr 2004-cü il tarixli 209179 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 1 ünvanında yerləşən mənzil X11 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 214 saylı reyestr kitabında qeydiyyat aparılmışdır. 24 iyul 2015-ci il tarixdə anaları X9 X4 tərəfindən qətlə yetirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə X4 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 25 fevral 2016-cı il tarixində X4 bacısı X6 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında X11 adına olan ünvan 1 ünvanında yerləşən mənzil barəsində 06.04.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunmuşdur. Daha sonra həmin etibarnamə əsasında qeyd olunan mənzil 30 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmışdır. 2020-ci ilin iyun ayında X4 rəhmətə getmişdir. Rəhmətə getməmişdən əvvəl həmişə onun yanında olarkən mübahisəli mənzil barəsində danışarkən, azadlığa çıxdıqdan sonra mənzili satacağını və təsərrüfatla məşğul olacağını bildirmişdir. Bundan əlavə həmin mənzil binanın 1-ci mərtəbəsində yerləşdiyi üçün obyekt kimi işlədilirdi və atasının sağlığından bugünə kimi icarədədir. Həmin obyektin icarəsindən gələn gəlir isə atası rəhmətə gedənə qədər özünə çatdırılırdı. X4 bacısı X6 verdiyi etibarnamə bütün səlahiyyətlərin göstərilməsinə baxmayaraq, sözügedən etibarnamə məhz icarə haqlarının icarəyə götürən şəxs tərəfindən verildiyi zaman atalarına çatdırılması üçün verilmişdir. X1 etibarnamədə göstərilən səlahiyyətlərdən sui-istifadə edərək, atalarına məxsus mübahisəli mənzil barəsində atasının adından Cavabdeh1 satmışdır. Qeyd olunan mənzilə Cavabdeh1 mülkiyyət hüququ 50 saylı Notariat Kontorunun 30.09.2016-cı il tarixli 4ə-720 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmış və 04.10.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib olunmuşdur, 30 sentyabr 2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və 04 oktyabr 2016-cı il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və etibarnamə ləğv edilməlidir. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil 13 oktyabr 2004-cü il tarixində qeydiyyat vəsiqəsi əsasında X4na məxsus olsa da, anaları X3 birgə nikah dövründə əldə etdiyi əmlakdır. Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən mənzilin alqı-satqısı zamanı bu hal nəzərə alınmamışdır. Bu qanunsuz notarial hərəkətləri nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Həmin notarial hərəkətlər aparılan zaman anaları rəhmətə getmişdir. Analarının vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin ərizə etibarnamənin ləğv olunması hissəsində onunla əsaslandırılmışdır ki, etibarnamədə təmsil olunan şəxsin verdiyi səlahiyyətlər konkret predmet və konkret şərtlər əsasında ötürülmədiyi üçün etibarnamə ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2114/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti vermişlər. İddiaçılar iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdıqları apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X13 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı İddiaçı2 və digər cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 362.1, 365.1.7, 1146, 1162, 1243.2, 1243.3-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin 30.09.2016-cı il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, qeyd olunan əmlak təqdim olunarkən X11 həyat yoldaşı X9 həyatda olmadığından və onun əmlakı ilə bağlı həmin vaxt vərəsəlik işi açılmadığından onun övladları tərəfindən hazırda belə bir iddia qaldırılması əsassızdır. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmlaka dair nə X16 ona çatası payla bağlı, nədə onun övladları notariat orqanına vərəsəliklə bağlı müraciət etməmişlər. İddiaçılar tərəfindən miras əmlakla bağlı ataları rəhmətə getdikdən sonra vərəsəliklə bağlı notariat orqanına müraciət olunmuş və 15.10.2021-ci il tarixdə iddiaçı X14 anası X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Səhət küçəsində iki otaqlı 67 saylı mənzilə dair 1/2 hissədə pay almışdır. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı1 da bildirdiyinə görə mübahisələndirilən əmlakla bağlı 4-5 ay kirayə haqqı alınsa da sonradan o, həmin əmlakla faktiki sahiblik etməmiş həmin əmlakın kirayə haqqından atasının xeyrinə imtina etmiş, əmlakın olduğu yerə gedib-gəlməmişdir. Digər iddiaçı isə atasının ölümünə qədər ümumiyyətlə həmin əmlakla maraqlanmamışdır. X16 faktiki olaraq azadlıqda olmasa da həmin əmlaka bütövlükdə sahiblik etmiş, o əmlakdan gələn gəlir hesabına öz xərclərini ödəmiş və bununla da iddiaçılara həmin əmlakı bütövlükdə faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu tərəflərin izahatları və şahid ifadəsi ilə də təsdiq olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, X16 mübahisəli əmlaka da daxil olmaqla bütün əmlaklarına dair X7 verilmiş baş etibarnaməyə əsasən mənzil Cavabdeh1 satılmışdır. Cavabdeh1 vicdanlı alıcı olduğu üçün hazırda onunla bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab oluna bilməz. Cavabdehlərin izahatları və şahidin ifadəsi və digər iş materialları ilə də təsdiq olunur ki, həqiqətən də İddiaçı1 atası ilə anasını qətlə yetirməsinə görə barışmamışdır. Yalnız uzun müddətdən sonra Orxan tərəfindən onların barışmasına dair 03.09.2018-ci il tarixdə notarial ərizə verilərkən onların barışması təsdiq olunmuşdur. İddiaçıların X4nun mübahisəli evi satmasına dair iradəsinin olmaması faktı da iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsində göstərdiyi dəlillər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, Cavabdeh1 mübahisələndirilən əmlakı vicdanlı əldə edən olduğuna görə iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin 25 fevral 2016-cı il tarixli 446656 nömrəli etibarnamənin ləğv edilməsi barədə hissə si ilə bağlı bildirir ki, X16 digər səlahiyyətlərlə yanaşı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla bacısı X7 baş etibarnamə vermişdir. Həmin etibarnamə əsasında hazırda məhkəmədə mübahisələndirilən mənzil onun tərəfindən digər Cavabdeh1 48.000 manata satılmışdır. Həmin etibarnamə 25.02.2016-cı il tarixdə verilmiş və etibarnamədə onun 25.02.2026-cı il tarixədək etibarlı olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən ləğv edilməsi tələb olunan etibarnaməyə artıq X11 22.06.2020-ci il tarixdə öldüyü andan xitam verildiyindən onun məhkəmə tərəfindən ləğv edilməsinə dair iddianın təmin olunması özlüyündə əsassız olardı. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini bütövlükdə birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 32,33, 36 və Mülki Məcəlləsinin 225, 337, 340.1-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Ailə və Mülki Məcəllələrin qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. İkincisi, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Üçüncüsü, mərhum Famil Əhmədovun cavabdeh Zenfira Bayramovaya 25 fevral 2016-cı il tarixdə etibarnamə verməsi və sonuncunun həmin etibarnaməyə əsasən iddiaçının adından mübahisəli mənzili(qeyri-yaşayış sahəsi kimi istifadə olunur) digər Cavabdeh1 30.09.2016-cı ildə alqı-satqı müqaviləsi əsasında satması fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin mənzilin mərhum Famil Əhmədovla mərhum X3 birgə nikahı dövründə əldə edildiyindən onun satılmasına iddiaçının həqiqətən razı olubolmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi, eləcə də əmlak satılan vaxt Ülviyyə Əhmədova ölmüş olsa da iddiaçıların bundan məlumatlı olmaması ilə bağlıdır. Yəni, iddiaçılar hesab edir ki, həmin notarial hərəkətləri aparılan zaman anası öldüyündən, analarının vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmamışdır. Əlbətdə, mənzili özgəninkiləşdirənin iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Bununla yanaşı, mənzilin təmsilçi vasitəsilə satılmasında mərhum Famil Əhmədovun həqiqi iradə ifadəsi olmasaydı bunu, yəni mənzilin satılmasını özü də ölən günədək mübahisələndirə bilərdi. Dördüncüsü, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1). Mübahisəli əmlakın mərhumlar X20 Əhmədovanın birgə nikahı dövründə əldə edilməsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilməsinin mübahisəsiz olub-olmamasını hazırda müəyyənləşdirmək mümkünsüzdür. Çünki, hazırki iddia irəli sürülənədək hər ikisi vəfat etmiş, sağlığında isə heç biri bu əmlakın bölünməsini tələb etməmiş, mənzil satılarkən tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində Famil Əhmədovun adında qeydiyyatda olmuşdur. Hazırki iş üzrə iddiaçılar mənzil satılarkən anaları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də bu dəlil əsaslı ola bilməz. Çünki, mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə buna razılıq hüququ sağ olsaydı Ülviyyə Əhmədova tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi mənzil özgəninkiləşdirilərkən Ülviyyə Əhmədova sağ olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə Ülviyyə Əhmədovanın həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, alqı-satqı müqaviləsinə əsasən satılarkən iddiaçıların buna razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Ülviyyə Əhmədovanın vərəsələri kimi mübahisəli mənzilin alqı-satqsının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamışdır. Beşincisi, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqısatqı müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin uydurma əqd olduğunu yalnız iddiaçılar iddia edə bilər. Müqavilənin tərəfi olan şəxslər isə bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, alqı-satqı müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallar mövcud idisə onları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşürdü. Altıncısı, işdən görünür ki, mübahisəli 43.9 kv. metr olan mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ artıq 04 oktyabr 2016-cı il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçılar həmin mənzilin qanuni əsaslarla Cavabdeh1 aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Yeddincisi, Cavabdeh1 vicdanlı alıcı olması və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasının mövcudluğuna dair dəlillər ilə bağlı da qeyd edilməlidir ki, mülki qanunvericilikdə bu prezumpsiyanı istisna edən bir sıra hallar mövcuddur. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh1 mübahisəli mənzili əldə edərkən vicdanlı olsa belə, bu vəziyyət Ülviyyə Əhmədova sağlığında mənzilin paylı mülkiyyətçisi olmuş olsaydı və bu əqd onun iradəsi ilə əhatə olunmasaydı alqı-satqı müqaviləsinin də etibarsızlığını labüd edərdi. Burada Mülki Məcəllənin 225.6-cı maddəsi bu Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinə açıq-aşkar zidd olduğu görünə bilər. Lakin 225.6-cı maddə həmin maddələrlə müqayisədə xüsusi normadır. Ümumi və xüsusi normalar arasında ziddiyyət olduqda isə şübhəsiz ki, xüsusi norma tətbiq olunmalıdır. Çox güman ki, 225.6-cı maddənin mövcudluğu və qanunvericilik sistemində yer alması daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan ərin(arvadın) hüquqlarını vicdanlı üçüncü şəxslərlə müqayisədə daha üstün formada qorumaq məqsədindən irəli gəlir. Əks halda qanunverici orqanın bu normanı dəyişdirməsi üçün indiyədək elə bir maneə mövcud deyildir. Səkkizinçisi, iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsinin təmin edilməməsi, avtomatik olaraq iddianın digər hissələrinin də təmin olunmamasını labüd edir. Çünki, alqı-satqı müqaviləsinin etibarsızlığı rədd edildiyindən, iddianın digər hissələrinin də əsaslılığı tam aradan qalxır. Çünki, onlar əsas tələbdən doğan törəmə tələblər sayılır. Əsas tələbin rədd edildiyi halda digər tələblər üzrə apellyasiya şikayətinin dəlillərinin ayrıca xüsusi olaraq yoxlanılmasına ümumiyyətlə lüzum qalmır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2114/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. qətnaməsi Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2114/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2218/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2218/2022
06.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver