Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2219/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Xanəhməd Əsgərovun, Cavabdehin nümayəndəsi Ceyhun Əliyevin iştirakı ilə, İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə qarşı “əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair” 2(001)-5091/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi, şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər X2 sex rəisi vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixində işdən azad edilmişdir. İşdən çıxdığı gün son haqq hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqq hesabı xx.xx.2020-ci tarixində ona ödənilmiş, lakin bu günə qədər əmək kitabçası verilməmişdir. Dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması, 2 kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün materialını almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transformatoru, transformatorun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımı sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçiriləcəyini bildirərək onun pullarını veriləcəyini demişdir. Lakin tender keçirilsə də pulu ödənilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələblərinin əmək haqqı kitabçasının ona vaxtında verilməsinə dair hissədə rədd edilməsi üçün əsas kimi qeyd olunur ki, işdən azad edildikdən sonra guya əmək kitabçasının ona təqdim edilməsindən ötrü ona dəfələrlə zəng edilərək idarəyə dəvət olunmuşdur, lakin o, həmin zənglərə heç bir reaksiya verməmiş, kitabçanı götürməkdən yayınmışdır. Halbuki, idarəni təmsil edən nümayəndə ona kimlərin tərəfindən zəng edildiyini konkret göstərə bilməmiş, həmçinin əgər həqiqətən də telefon zənglərinə reaksiya vermədiyi halda ünvanına hansı səbəbdən rəsmi məktublar göndərilməməsi səbəblərini izah edə bilməmişdir. Əksinə, əgər iddiaçı özü əmək edilməsinə dair hissə ilə əlaqədar qeyd edə bilər ki, məhkəmə bunu gecikdirmə kimi qəbul etməmiş, həmin vəsaitin xx xxx 2020-ci il tarixdə ödənilməsini hakimin özü qətnamədə qeyd etməsinə baxmayaraq bu müddətinin pozulmasına hüquqi qiymət verməmiş, 1 ay 7 gün müddətinə faizlərin hesablanmaması səbəbini aydınlaşdırmamışdır. Qanunun mətnində açıq-aydın olaraq məlum olur ki, işçiyə, yani konkret halda ona çatacaq bütün ödənclər tam məbləğdə işdən çıxarıldığı gün xx xxxxx 2020-ci il tarixdə verilməli idi. Halbuki, qətnamədə də qeyd olunduğu kimi 815,05 manat xx xxxxx 2020-ci il, 2731,21 manat isə xx xxx 2020-ci il tarixlərdə verilmişdir. Qanunun mətnində işçiyə çatacaq məbləğin idarə tərəfindən hesablandığı gündən deyil, onun sonuncu iş günü, yəni onun işdən azad edildiyi xx xxxxx 2020-ci il tarixdə, sonuncu iş günündə verilməsindən bəhs edilir. Həmçinin, məhkəmə qətnaməsində əmək kitabçasının ona idarənin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı xx xxxxxxx 2020-ci il tarixdə, məhkəmə zalında verilməsi qeyd olunur. Yəni işdən azad edildiyi xx xxxxx 2020-ci il tarixdən 6 aya yaxın müddət keçdikdən sonra verilməsi qeyd olunmuş, amma bunun işçinin və ya işəgötürənin təqsiri üzündən baş verib-verməməsi məhkəmə zamanı araşdırılmamış, ikinci halda, yəni qanunla müəyyən edilmiş vaxta verilməsi işəgötürənin təqsiri üzündən ləngidildiyinə görə, o işə düzələ bilmədiyi 3 ay 20 gün müddət üçün orta əmək haqqı ödənilməsi məsələsinə qiymət verilməmişdir. Şəxsi vəsaiti hesabına həmin təşkilat üçün üçün aldığı mal-material və apardığı tikililər üçün sərf etdiyi pulun ödənilməsi barədə iddia tələbinin rədd edilməsi ilə əlaqədar deyə bilər ki, həmin avadanlıqların alınması və tikinti işlərinin aparılmasına sərf olunmuş məbləğlərə dair sənədlər idarənin mühasibatlığında mövcuddur, sorğu göndərməklə onları əldə etmək məhkəmənin səlahiyyəti çərçivəsindədir. O, həmin vəsaiti sərf edərkən gələcəkdə üzləşəcəyi hazırkı problemləri təsəvvür belə edə bilməzdi ki, həmin xərcləri təsdiq edən sənədləri özündə saxlasın, onların fotoşəkillərini saxlasın ki, bu gün məhkəməyə təqdim edə bilsin. İddiaçı məhkəməyə şəxsi vəsaiti hesabına alınmış konkret avadanlıqları və apardığı tikintiləri dəqiq sadalamışdır. Onun iştirakı ilə onların mövcudluğunu yoxlamaq, eyni zamanda idarəyə məxsus olub-olmadığını, idarəyə məxsus olduğu halda hansı vəsait hesabına alındığını, (cavabdehin nümayəndəsi göstərdi ki, birlik dövlət büdcəsi hesabına maliyyələşir) bu məqsədlər üçün büdcə vəsaitinin ödənib-ödənilmədiyini çox asanlıqla aydınlaşdırmaq mümkündür. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı xx xxxx 2020-ci il tarixli ərizəsinin və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi üzrə xx xxxx 2020-ci il tarixli, 08 nömrəli əmrin surətindən görünür ki, İddiaçı şəxsi ərizəsi və sovxoz direktorunun rəyi əsasında xx xxxxx 2020-ci ildən X3 Sovxozunun 1 nömrəli Tingliyinin 13-cü dər. sex rəisi vəzifəsindən azad edilmişdir. xx xxxxx 2020-ci il tarixli, 27 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının hesabına həmin tarixdə 815,05 manat pul köçürülmüşdür. xx xxx 2020-ci il tarixli, 50 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının hesabına həmin tarixdə 2731,21 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə, eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin "a” bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya xx.xx.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul (işdə olan əmək haqqı üzrə hesabat forma T-52) hesablanaraq xx.xx.2020-ci il tarixli 50 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Beləliklə, iddia tələbinin əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi tələbi sübuta yetirilmir. Bununla yanaşı iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim edilmişdir. Habelə, iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 5091/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2219/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2219/2021
23.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver