Məhkəmə qərarları › İş №2(103)-2225/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2225/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2225/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndələri Vəkil2 (vəkil) və X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə 24941 manat məbləğində sığorta ödənişinin, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-916/20) iddia qismən təmin edilərək cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 19420 (on doqquz min dörd yüz iyirmi) manat sığorta ödənişinin tutulması qət edilmişdir. Cavabdeh «xxxx» ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin hüquq təminat və zərərlərin tənzimlənməsi departamentinin direktoru Vəkil2 xx.xx.2019-cu il tarixli 0961/19 saylı məktubu ilə hadisə üzrə sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Həmin imtinaya cavab olaraq bildirir ki, aralarında bağlanmış MV-C-00193-19 saylı sığorta müqaviləsi üzrə sığorta haqqı 1026 manat məbləğində məyyən edilmiş və ayda 171 manat olmaqla 6 (altı) hissəyə bölünmüşdür. Sığorta haqqının ilk hissəsi xx.xx.2019-cu il tarixdə ödənilmiş, ikinci hissəsi xx.xx.2019-cu il tarixdə ödənilməli olduğu halda xx.xx.2019-cu il tarixində ödənilmişdir. xx.xx.2019-cu il tarixdə saat 06:00 radələrində sığortalanmış "Hyundai Azera" markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı - Şamaxı yolunda dəymiş maddi zərərlə bağlı xxxxnın əməkdaşı hadisə yerinə ezam olunmuş və bununla bağlı xxxx şirkəti tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi kimi xxxx şirkəti məktub göndərərək "Avtomobillərin tam Sığortası" qaydalarının 28.3-cü və Mülki Məcəllənin 935.1.9-cu maddələrinə uyğun olaraq müqavilə üzrə sığorta haqqı razılaşdırılmış qaydada ödənilmədiyi üçün hadisə üzrə sığorta ödənişinin verilməsi mümkün olmadığını bildirmişdir. Qeyd edir ki, məktubda istina olunan "Avtomobillərin tam Sığortası" qaydaları 28.3-cü maddəsinə görə 2-ci ödəniş xx.xx.2019cu il tarixdə aparılmayaraq xx.xx.2019-cu il tarixdə aparılanda niyə ikinci ödəniş qəbul olunurdu. Belə olduğu halda ikinci ödəniş aparılarkən artıq müqavilə qüvvədən düşmüş hesab olunmalı idi və ikinci ödəniş qəbul olunmamalı idi. Bundan başqa, müqavilə qüvvədən düşmüş hesab olunmuşdursa, niyə sığorta şirkətin əməkdaşı xx xxxxxx 2019-cu il tarixdə hadisə yerinə ezam olunurdu, niyə araşdırma aparılırdı. Ona görə ki, sığorta müqaviləsi qüvvədə idi və yalnız hadisə zamanı avtomobilə xeyli ziyan dəyməsi müəyyən olunduğundan, sığorta şirkəti bu ziyanı qarşılamaq öhdəliyindən yayınmaq istəmişdir. Ünvan Nəsimi rayonu qeyd olunduğundan Nəsimi rayon məhkəməsinə müraciət etdilər, lakin hakim Ceyhun Tağıyevin qərardadı ilə işin Səbail rayon Məhkəməsində baxılmalı olduğundan geri qaytarılmış və o, dərhal Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Qanunvericilikdə müqaviləyə xitam vermək qaydası dəqiq olaraq imperativ şəkildə müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsine əsasən sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Həmin Məcəllənin 920.1-ci maddəsinə əsasən bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Həmin Məcəllənin 920.2-ci maddəsinə görə Sığorta müqaviləsinə bı Məcəllənin 919.1.9- cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Göründüyü kimi, sığorta şirkəti müqavilənin qüvvədən düşmüş hesab etmək və müqaviləyə xitam vermək üçün qanunvericilikdə qeyd olunan qaydaya uyğun olaraq sığortaçını yazılı qaydada xəbərdar etməli idi. Bununla bağlı cavabdehə pretenziya məktubu təqdim edilmişdir və baxmayaraq ki, cavabdeh bildirmişdir ki, onunla bağlanmış müqaviləyə xitam verilmişdir, sistemdə ödəniş portalında həmin müqavilə əks olunmaqda qalmışdır və portalda hətta xx xxxxxxxx 2019-cü il tarixdə apardığı ödəniş də əksini tapmış və cavabdeh də həmin ödənişi qəbul etmişdir. Bu o deməkdir ki, ödəniş portalında müqavilə silinməməsi, hətta müqavilə üzrə ödəniş aparılması və cavabdeh tərəfindən həmin ödənişin qəbul edilməsi isə o deməkdir ki, sözügedən müqavilə qüvvədə qalmışdır. Bununla yanaşı cavabdehlə aralarında digər avtomobillər üzrə sığorta müqaviləsi mövcud idi və cavabdeh xx xxxxxxxx 2019-cü il tarixli məktubla qeyd olunan müqavilələr üzrə sığorta ödənişləri aparılmadığıdan müqavilələrə cavabdeh tərəfindən xitam verilib və diqqətə çatdırılmışdır ki, baş verə biləcək hadisələrə görə hər hansı sığorta təminatı mövcüd deyil. Yəni cavabdeh özü də təsdiq edir ki, müqaviləyə xitam verilməsi üçün tərəfə xitamla bağlı xəbərnamə göndərilməlidir. Nəzərə alaraq ki, cavabdeh aralarında bağlanmış MV-C 00193-19 saylı sığorta şəhadətnaməsini tərəflər xitam vermədiyindən və cavabdeh həmin şəhadətnamə üzrə müqaviləyə xitam verməmişdirsə müqavilə hazırda qüvvədədir. Beləliklə, məlum olur ki, cavabdeh sığorta ödənişini aparmamaq məqsədilə qanunsuz əsaslara istinad edərək, ödəməli olduğu sığorta ödənişini bilərəkdən ödəməkdən yayınmaq istəyir. Hyundai Şirkətinin Servis Departamentinin qüsür aktına əsasən avtomobilə 24941 manat məbləğində dəymiş zərər müəyyən etmişdir. Həmin məbləğə mühərrik və çilingər işləri daxil edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi etiraz təqdim etmiş və izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Həmin məktubda sığorta ödənişindən imtina olunmuşdur. Müqaviləyə xitam verilməsi və sığorta ödənişindən imtina fərqli anlayışlardır. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən ödənilməli müddət başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda, sığorta ödənişinin verilməsindən imtina olunur. İddiaçı ikinci ödənişi xx.xx.2019-cu il tarixdə ödəməli olduğu halda, xx.xx.2019-cu il tarixdə ödəmişdir. xx.xx.2019-cu il artıq üçüncü ödənişin tarixi idi. Göründüyü kimi 15 gündən artıq vaxt keçib. İddiaçı ilə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırılsa da, buna riayət edilməmişdir. Ümumi sığorta haqqı 1026 manat məbləğində müəyyən edilmiş və hər ay 171 manat olmaqla 6 bərabər hissəyə bölünərək, xx.xx.2019-cu il tarixdən başlamaqla hər ayın 24-ü ödənilməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə ödənilməli hissələr, xx.xx.2019-cu il tarixdə sadəcə 171 manat ödənilmişdir. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən ödənilməli müddət başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda, sığorta ödənişinin verilməsindən imtina olunur. xx.xx.2019-cu il tarixdə nəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi 15 gündən artıq müddət keçmişdir. Etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan AD 506594 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan MV-C 00193-19 nömrəli, xx.xx.2019-cu il tarixli Sığorta şəhadətnaməsindən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında sığorta müqaviləsi bağlanaraq "Hyundai Azera" markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobili (faydalanan şəxs İddiaçı) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 27000 manat məbləğində tam sığortalanmışdır. Sığorta müqaviləsinə əsasən ümumi sığorta haqqı 1026 manat 6 ay ərzində 171 manat ödənilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 0961/19 nömrəli məktubundan görünür ki, “xxxx” Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2470 nömrəli ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı "Hyundai Azera" markalı ** NP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 19420 manat müəyyən edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, sığortalının sığorta haqqını vaxtında ödəməməklə sığorta müqaviləsi üzrə öhdəliklərinə əməl etməməsi mübahisəsizdir. Qeyd olunan faktiki hala görə “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişindən imtina edilmiş və bu barədə xx.xx.2019-cu il tarixində sığortalıya və iddiaçıya imtina məktubu göndərilmişdir. ”xxxx” ASC-nin sığorta ödənişinin verilməsindən imtina olunması barədəki qərarının sığorta müqaviləsinin qüvvədə olması və ya ona xitam verilməməsi ilə heç bir hüquqi əlaqəsi yoxdur. Sığortaçıya xx.xx.2019-cu il tarixli, 0961/19 saylı imtina məktubunda, həmçinin, məhkəmə çıxışlarında sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi müqavilənin qüvvədə olmaması yox, sığorta haqqının vaxtında ödənilməməsi göstərilmiş və bu səbəbdən hüquqi əsas kimi MM-nin 935.1.9-cu maddəsinə istinad edilmişdir. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdeh «xxxx» ASC-dən onun xeyrinə 24941 manat məbləğində sığorta ödənişinin, mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədədir. İddiaçı sığorta müqaviləsinə xitam verilmədiyi və sığorta şəhadətnaməsi qüvvədə olduğu üçün ona dəymiş zərərin ödənilməli olduğunu iddia edir. Cavabdeh isə iddiaçının sığorta haqqını lazımi qaydada ödəmədiyi üçün Azərbaycan Respublikası MM-nin 935.1.9-cu maddəsinə istinad edərək sığorta ödənişinin verilməsindən imtinasını əsaslı sayır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.2.1, 883.1, 903.1, 903.4922-ci maddələrini və digər hüquq normalarını rəhbər tutmaqla iddianı qismən – 19420 manat məbləğində sığorta ödənişinin tutulması hissəsində əsaslı sayaraq təmin etmiş və bu zaman aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Avtomobillərin tam sığortalanması” Qaydalarının 28.3-cü bəndinə əsasən sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur. Həmin Qaydaların 31.2-ci bəndinə əsasən sığorta müqaviləsinə bu Qaydaların 30.1.7-ci yarımbəndinə uyğun olaraq, sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 3 aydan az müddətdə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı bildiriş göndərməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən ödəniş vaxtında aparılmadığı üçün sığorta müqaviləsi qüvvədən düşmüş hesab edilməli olduğu halda “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən edilmiş ödəniş qəbul edilməməklə sığortalıya müqavilənin vaxtından əvvəl xitam verilməsi barədə yazılı bildiriş göndərilməli idi. Lakin, “xxxx” ASC bunu etməyib ödənişi qəbul etmiş və xx.xx.2019-cu il tarixdə baş verən hadisə zamanı "Hyundai Azera" markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsindən “Avtomobillərin tam sığortalanması” Qaydalarının 28.3-cü bəndinə və MM-nin 935.1.9-cu maddəsinə istinad etməklə imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu imtinasını əsassız sayaraq 19420 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 935.1.9-cu maddəsi cavabdehə sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçının sığorta hadisəsi baş verən günədək qrafik üzrə bir aya görə gecikdirilmiş sığorta haqqı qalmış, cavabdeh tərəfindən bu barədə iddiaçıya hər hansı bir formada xəbərdarlıq edilməmişdir. Bu azmış kimi, sığorta hadisəsi baş verdikdən 15 gün əvvəl – xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən sığorta haqqı qismində ödəniş edilmiş və ödəniş də cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya sığorta ödənişi verməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış və davam edən əvvəlki mülki hüquq münasibətlərini ümumiyyətlə nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda, cavabdeh apellyasiya şikayətində bu hallara, yəni, iddiaçının sığorta haqqını gecikdirdiyini gördüyü və bildiyi halda buna reaksiya verməməsinin, həmçinin sığorta hadisəsi baş verdikdən sonra gecikdirilmiş sığorta haqqını qəbul etməsinin səbəblərinin izahı barədə nə isə göstərərdi. Göründüyü kimi, cavabdeh bu halları izah etmək üçün hər hansı bir arqument gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar