Məhkəmə qərarları › İş №2(103)-2225/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2225/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2225/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış nikah 31 iyul 2018-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Bundan sonra iddiaçı cavabdehin valideynlərinə məxsus olan evə köçmüş və həmin evdə cavabdeh və onun valideynləri ilə birlikdə yaşamağa başlamışdır. İddiaçı evə köçərkən özünə məxsus olan (özü tərəfindən alınmış və ya ona hədiyyə verilmiş) əşyaları da orada yerləşdirmişdir. Eyni zamanda, iddiaçıya cavabdeh tərəfindən qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Hazırda tərəflər ayrı yaşayır və birgə təsərrüfat aparmırlar. İddiaçıya məxsus olan əşyalar cavabdehin yaşadığı evdə qalmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus cehiz və qızıl-zinət əşyalarının, həmin əşyalar qaytarılmadıqda onların dəyəri olan 7.780 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış nikah 31 iyul 2018-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Qısa müddət ərzində cavabdehlə ailə həyatı dözülməz həddə çatmış, biri-birinə uyğunlaşa bilməmişdilər. Dəfələrlə səbr edərək, nikahın pozulması fikrindən daşınmış, lakin nəticədə cavabdehlə bir yerdə yaşamaqları mümkünsüz hala gəlmişdir. Hazırda o, Zərdab rayonu, Şahhüseynli kəndində valideynlərinin yanında yaşayır. Lakin, ona məxsus bir çox cehiz əşyası cavabdehin evində qalmışdır. Həmin əşyalar aşağıdakılardır: 2 tək yorğan, 2 tək döşək, 1 taxt döşəyi, 1 tək taxt yorğanı, 6 balınc, 6 nimdər, 6 stolüstü nimdər - 800 manat; 1 dəst yorğan, döşək, balınc (uşaq üçün) - 200 manat; 1 ədəd qabyığılan şkaf - 300 manat; 1 ədəd stol, 6 ədəd stul - 500 manat; 1 ədəd sandıq - 100 manat; yataq otağı (paltar yığılan şkaf, taxt, tunboçka) – 1.700 manat; 1 ədəd divar saatı - 50 manat; 1 ədəd örtük - 150 manat; 1 ədəd karniz – 30 manat; pərdələr - 100 manat; çexol – prastina - 100 manat; 5 ədəd qazan dəsti, 2 ədəd qazan dəsti - 400 manat; 2 ədəd vanna və uşaq üçün vanna - 50 manat; 2 ədəd vedrə - 25 manat; 20 ədəd stakan, 20 ədəd nəlbəki - 40 manat; 20 ədəd böyük boşqab, 12 ədəd salat boşqabı, 6 ədəd kasa - 100 manat; 12 ədəd xörək qaşığı, 20 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq - 50 manat; meyvə qabları - 50 manat; qənd qabları - 20 manat; 3 ədəd podnos - 30 manat; 1 ədəd lampa - 20 manat; 1 ədəd tozsoran - 100 manat; 1 ədəd ət çəkən maşın - 75 manat; 1 ədəd ütü - 35 manat; ana və uşaq üçün geyim, ayaqqabı - 200 manat; 6 ədəd şiş - 20 manat; 12 ədəd rumka - 50 manat; 2 ədəd süfrə - 25 manat; 2 ədəd güldan – 60 manat; 1 ədəd qəhvədan - 30 manat; 1 ədəd çaynik - 10 manat; 1 ədəd kül qabı - 10 manat; stol üstü örtük - 50 manat; naçnik - 50 manat; listur - 100 manat; 1 dəst qızıl (sırğa, üzük, boyunbağı, qolbağ) – 1.750 manat; nişan üzüyü (xamin üçün) - 400 manat.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus cehiz əşyalarının və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı tələb etdiyi qızıl-ziynət əşyalarının cavabdehdə saxlanılmasını, cavabdeh isə qızıl-zinət əşyalarının iddiaçının xəstəliyi üçün xərcləndiyini iddia edir, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. İddiaçının müayinəsi ilə bağlı təqdim olunan sənədlərdən isə həmin müayinənin pulunun cavabdeh tərəfindən ödənilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Bu səbəbdən məhkəmə hazırda cavabdehdə olan iddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılmalı olması qənaətinə gəlmişdir. Tələb edilən əşyaların dəyərinin 7.780 olmasını təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.2-ci, 225.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 80-cı, 106.1ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə riayət edilməmiş, mülkiyyət hüququ pozulmuşdur. Qətnamə ilə faktiki olaraq mülkiyyətdə olmayan, əvvəlcədən satılmış qızılların qaytarılmasının qət edilməsi artıq onun mülkiyyət hüquqlarının pozulmasıdır. Məhkəmə iddianı qismən təmin edərək, məhz qiymət hissəsində təmin etməmişdir. Bu maddi normanın tələbləri məhz mövcud olan əmlaklarla bağlıdır. Lakin məhkəmə qızıl-zinət əşyalarının mövcud olmamasını, yəni birgə nikah dövründə əldə olunaraq iddiaçıya pay verilməsini, lakin birgə nikah dövründə də satılaraq iddiaçının mövcud xəstəliyinin müalicəsinə xərclənməsini nəzərə almamışdır. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Qızıl-zinət əşyalarının mövcudluğunun iddiaçı tərəfindən sübut edilməməsi, eyni zamanda cavabdeh olaraq, onun da bildirdiyi kimi, həmin qızıl-zinət əşyalarının faktiki olaraq, xəstəliklə əlaqədar satılmasının məhkəmə tərəfindən nəzərə alınmaması işin hərtərəfli tam obyektiv araşdırılmamasına dəlalət edir. Qızıl-zinət əşyalarının mövcudluğu və onların hazırda da onda hansı şəraitdə qalması məsələsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə qətnamədə də qeyd etdiyi kimi, yalnız izahatlar, daha doğrusu isə iddia ərizəsi əsasında qətnamə qəbul etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin “cehiz əşyalarının qaytarılması” hissəsindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “İddiaçı məxsus cehiz əşyalarının Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması” hissəsində ləğv edilmiş, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qızıl-zinət əşyaları ilə bağlı hissədə müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən qızıl-ziynət əşyaları, yəni bir cüt sırğa, üzük, boyunbağı, biləzik və nişan üzüyü mövcud olmuş və 1.300 manat pula alınmışdır. Lakin həmin qızıl-zinət əşyaları 2019-cu ilin avqust ayında 1.000 manat pula satılmış və əldə edilmiş bu məbləğ iddiaçının müalicəsinə xərclənmişdir. Belə ki, iddiaçı Hepatit B virusuna yoluxmuşdur. O, qızıl-zinət əşyalarının mütəxəssis tərəfindən müəyyən edilmiş qiyməti ilə razı deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin qızıl-zinət əşyalarına dair hissəsi ilə bağlı bildirmişdir ki, onunla cavabdeh arasında baş tutumuş toy məclisinin əks etdirildiyi CD diskdə qızıl-ziynət əşyaları görünür, həmin hissələr CD diskdən fotoşəkil formasında çıxarılaraq, məhkəməyə də təqdim edilmişdir. Qızıl-ziynət əşyalarını sonuncu dəfə bacısının toyunda taxmış və ondan sonra qaynanası qızıl-ziynət əşyalarını ondan götürmüşdür. Qızıl-zinət əşyaları onun müalicəsi ilə bağlı satılmamış və hazırda da cavabdehdədir. O, qızıl-ziynət əşyalarının ümumi dəyərinin 1.300 manat olması ilə razıdır və qızıl-ziynət əşyalarının qaytarılması, onlar mövcud olmadığı təqdirdə həmin qızıl-ziynət əşyalarının dəyəri kimi 1.300 manat məbləğində pul vəsaitin cavabdehdən onun xeyrinə tutulmasına razıdır.

14. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin əməkdaşı, bu sahə üzrə mütəxəssis (qızıl-zinət əşyalarının qiymətləndiricisi) X6 təqdim edilmiş fotoşəkillərə baxış keçirərək, bildirmişdir ki, fotoşəkillərdə əks olunmuş bir cüt sırğa 585 əyarlıdır, 8 qram çəkidədir, qiyməti 800 manat təşkil edir. Bir ədəd üzük 585 əyarlıdır, 4 qram çəkidədir, qiyməti 400 manat təşkil edir. 1 ədəd qolbağ 585 əyarlıdır, 8 qram çəkidədir, qiyməti 800 manatdır, bir ədəd kolyeli boyunbağ 585 əyarlıdır, 17 qram çəkidədir, qiyməti 1.200 manat təşkil edir. Həmin qızıl-ziynət əşyalarının hazırda ümumi bazar dəyəri 3.200 manat təşkil edir. İddiaçının iddia etdiyi nişan üzüyünün fotoşəkli mövcud olmasa da, cavabdehin analoji olaraq göstərdiyi üzük 585 əyarlıdır, 4 qram çəkidədir, qiyməti 350 manat təşkil edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsi xahiş olunduğundan, habelə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “cehiz əşyalarının qaytarılması” hissəsində xitam verildiyindən, qətnamə yalnız “qızıl-zinət əşyalarının qaytarılması” hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olması, həmin əşyaların iddiaçıya məxsus olması və bu əşyaların hazırda Cavabdeh qanunsuz istifadə və sahibliyində olması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

24. Cavabdeh qızıl-zinət əşyalarının (bir cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ və 1 ədəd nişan üzüyü) möcud olduğunu bildirir və onların cavabdehə məxsus olduğunu inkar etmir. Bu da öz növbəsində cavabdehin iddianın bu hissədə əsaslı olmasını sübut etmək vəzifəsindən azad edir. Lakin cavabdeh həmin əşyaların ümumilikdə 1.300 manat pula alındığını və iddiaçı ilə birgə təsərrüfat apardıqları dövrdə (2019-cu ildə) 1.000 manat pula satılaraq, əldə edilmiş bu məbləğin iddiaçının müalicəsinə xərcləndiyini bildirir. Lakin öz mövqeyini sübuta yetirə bilmir, nəinki əşyaların satışından əldə edilmiş pulun iddiaçının müalicəsinə xərcləndiyini, ümumiyyətlə onların satılmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Onun tərəfindən təqdim edilmiş tibbi sənədlərdə isə müayinələrin nəticələri əks olunmuş, bu müayinələrlə bağlı hər hansı məbləğin, xüsusilə də cavabdeh tərəfindən ödənilməsi əks olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının həqiqətən cavabdehdə olmasına dair iddiaçının mövqeyi əsaslıdır. Həmin əşyalar cavabdehin qanunsuz istifadə və sahibliyindədir və ondan alınaraq, cavabdehə verilməlidir. Həmin əşyalar real olaraq cavabdeh tərəfindən satılmışdırsa da, iddiaçının bu barədə məlumatlı olması və onun tərəfindən belə bir tapşırığın verilməsi öz təsdiqini tapmadığından, cavabdehin bu hərəkətlərinə iddiaçının əmlakı barədə hər hansı hüquqi əsas olmadan sərəncam verməsi və bunun nəticəsi olaraq, əsassız olaraq varlanması kimi qiymət verilməsi üçün əsas yaranır.

25. Bununla belə, məhkəmə kollegiyası obyektiv həqiqət prinsipini rəhbər tutaraq və aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmiş və onların iddiaçıya qaytarılmasını qət etmişdir. Cavabdehin qeyd edilən əşyaların onda olmaması və satılması, onda olmasının sübuta yetirilməməsi barədə dəlilləri yalnız formal mülahizələrdən ibarət olmaqla əsassızdır.

26. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qızıl-zinət əşyalarının dəyərinin 7.780 manat olmasını təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini əsas gətirərək, onların qiymətini müəyyən etməmişdir. Halbuki, qətnamədə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilərkən, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bu əşyaların qətnamə icra olunan vaxt mövcud olmadığı halda, onların dəyəri ilə bağlı məsələyə də aydınlıq gətirilməlidir.

27. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə bağlı hər hansı sübut təqdim etməməsini, iddiaçının bu əşyaların 1.300 manat pula alınmasını və iddiaçının bu əşyaların dəyərinin 1.300 manat olması ilə razılaşmasını nəzərə alıb, habelə bu sahə üzrə fəaliyyət göstərən mütəxəssis tərəfindən fotoşəkillərə baxış keçirilməklə müəyyən edilmiş qiyməti həddindən artıq yüksək hesab edib belə qənaətə gəlir ki, iddia üzrə tələb edilən qızıl-zinət əşyalarının qiyməti 1.300 manat məbləğində müəyyən edilməli və bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri qismindən cavabdehdən məhz 1.300 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda, cavabdehdən alınmalı olan qızıl-zinət əşyaları dəqiq göstərilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “qızıl-zinət əşyalarının qaytarılması” hissəsində dəyişdirilməli, ümumi dəyəri 1.300 manat olan qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 çüt sırğa, 1 ədəd nişan üzüyü), bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

29. Hazırkı iş üzrə iddianın məhkəmə tərəfindən müəyyən edilmiş qiyməti 1.300 manat, yəni 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “qızıl-zinət əşyalarının qaytarılması” hissəsində dəyişdirilsin. Ümumi dəyəri 1.300 (bir min üç yüz) manat olan qızıl-zinət əşyaları (1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 çüt sırğa, 1 ədəd nişan üzüyü), bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar