Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2226/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi XXXXXXX katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6294/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət almasıyla bağlı qanunla nəzərdə tutulmuş 6.600 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6294/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Binəqədi RHK tərəfindən xx xxxx 2004-cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmış, həmin vaxtdan da cəbhə bölgəsində xidmət etməyə başlamışdır. xx.xx.2005-ci il tarixdə postda müşahidə apararkən odlu silahdan açılan atəş nəticəsində başından güllə yarası alaraq yaralanmış, bununla bağlı hərbi hospitalda müalicə olunmuş, xx.xx.2005-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hospitalına köçürülmüş və xx xxxx 2005-ci il tarixədək müalicədə olmuşdur. Hərbi Həkim Komissiyası tərəfindən xx xxxx 2005-ci il tarixdə şəhadətləndirilmiş və hərbi xidmətə yararsız hesab edilməklə hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli əmri ilə ordu sıralarından tərxis edilmişdir. Ona İİ qrup əlillik dərəcəsi verilmişdir . Əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. O, sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir, verilmiş cavabda ona ******* (660) manat ödənilməsi göstərilmişdir, halbuki həmin məbləğ ona maddi yardım kimi ödənilmiş, dövlət icbari sığorta məbləği isə ödənilməmişdir . Ödənişin məbləğindən də görünür ki, bu icbari şəxsi sığorta məbləğindən xeyli azdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir, qanunun normaları düzgün tətbiq edilməmişdir və nəticədədüzgün olmayan qətnaməçıxarılmışdır.Belə ki, işə baxarkən məhkəmə yalnız cavabdeh tərəfindən ona verilmiş cavaba istinad etmişdir, lakin cavabdeh tərəfindən o sığorta ödənişinin verilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, verilmiş cavab isə ona sığorta ödənişinin ödənilməsini təsdiq etmir, hər hansı bir sübut, arayış və s. əlavə edilməmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2005-ci ildə Ağdam boyunca olan döyüşdə yaralandı. Onu yenidən həyata qaytardılar. Bunun üçün çəkilən xərclər yüksək məbləğlər idi. Onun aldığı pul 660 manat olmuşdur. Bununla bağlı məktubu da işə əlavə etmişdir. Həmin pulu almasını danmır. Lakin həmin məbləğin ona maddi yardım kimi ödənildiyini düşünür. Məhkəmə iclasında cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 şikayətə etiraz edərək bildirdi ki, sığorta ödənişi iddiaçıya ödənilmişdir. Bu barədə Şirkətin məlumat bazasında qeydiyyat vardır. İddiaçı özü də bunu inkar etmir, lakin bunun maddi yardım olduğunu düşünür. Lakin Şirkət maddi yardım verən yox, sığorta ödənişi edən qurumdur. Ona görə də şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərə görə iddiaçıya ******* (660) manat məbləğində sığorta ödənişinin ödənilmişdir. Bu hal işin mübahisələndirilməyən hallarına aiddir... Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə görə sığorta müqaviləsinə sığorta hadisəsinin baş verməsi və buna müvafiq sığorta ödənişinin sığortaçı tərəfindən sığortalıya ödənilməsi ilə xitam verilir. Sığorta ödənişi həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir. Bu baxımdan, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələblərinə zidd olardı. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı oğluna ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı oğluna İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar xx xxx 2005-ci il tarixdə ******* manat (660 yeni manatla) sığorta məbləği ödənilmişdir “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilmişdir. xx xxxxxxx 2006-cı il tarixdə göstərilən Qanuna dəyişikliklər və əlavələr edilmiş, Qanunun 4-cü maddəsində sığorta məbləği on bir min manat müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faiz məbləğində sığorta ödənişi verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi iddianın rədd edərkən haqlı olmuşdur. Belə ki, hazırki işin yeganə mübahisəli halı cavabdeh tərəfindən iddiaçıya İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar xx xxx 2005-ci il tarixdə ödənilən 3 300 000 manatı (660 yeni manatın) sığorta ödənişi deyil, maddi yardım olduğunu iddia etməsidir. Əvvəla, iddiaçı cavabdeh tərəfindən ona ödənilən həmin məbləğin sığorta ödənişi deyil maddi yardım olduğuna dair məhkəməyə sübut təqdim etməlidir. Belə ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməlidir. Çünki, iddia üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız onun izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. İkincisi, cavabdehin həmin məbləği iddiaçıya sığorta ödənişi kimi deyil, maddi yardım kimi ödəməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, cavabdehin Şirkətin məhz bu cür sığorta hadisələrinə görə, qeyd olunan məbləğdə yalnız sığorta ödənişi ödəmək öhdəliyi mövcuddur. Bu cür hadisələr zamanı iddiaçıya həmin məbləğdə maddi yardım verməsi də cavabdeh Şirkətin təyinatına uyğun deyildir. Ona görə də iddiaçı bu cür iddia irəli sürməmişdən əvvəl qeyd olunan halları öz üçün dəqiqləşdirməli idi. Lakin iddiaçı bu halları özü üçün aydınlaşdırmadan məhkəməyə müraciət etsə də haqlı olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6294/20198 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2226/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2226/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver