Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2227/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Səhiyyə Nazirliyinə və Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X1 ölməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 (əlli min iki yüz qırx) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi işin ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə qənaətində göstərib ki, hazırki iş üzrə iddiaçı iddia tələbinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyini və Bərdə Rayon Mərkəzi Xəstəxanasını cavabdeh qismində göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akad. M.Mirqasımov 1A ünvanıdır və iddiaçı bir neçə cavabdehə qarşı iddiasını həmin cavabdehlərdən birinin ünvanı üzrə təqdim etmək hüququndan istifadə edərək öz seçiminə görə iddia ərizəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Hazırda məhkəmə işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasında maneə görmür və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin işin digər cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin yerləşdiyi ərazi üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətini əsassız hesab edir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi şikayət verərək qərardadın ləğv edilməsi və mülki iş aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş edib göstərir ki, məhkəmənin gəldiyi qənaət səhvdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddia “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə (Bərdə RMX) qarşı qaldırılmışdır. İddiaçı tərəf Bərdəyə getməmək üçün, öz işini asanlaşdırmaq baxımından iddia ərizəsinə Səhiyyə Nazirliyini də əlavə etmişdir. Qeyd olunan hal hüquqdan sui istifadə halı kimi nəzərə alınmalı və işə aidiyyət qaydalarına uyğun Bərdə Rayon Məhkəməsində baxılmaldıır. İddia tələbinin Səhiyyə Nazirliyi ilə heç bir bağlılığı yoxdur. Belə ki, iddia ərizəsində adı qeyd edilən həkim Bərdə RMX-nin işçisi olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, həmin həkim barəsində olan hökm qanuni qüvvəyə minən kimi, dərhal sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, şəxs Səhiyyə Nazirliyinin işçisi olmamış, Bərdə RMX-nin işçisi olmuşdur. Bərdə RMX hazırda TƏBİB-in tabeliyindədir. TƏBİB Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Həmin Fərmana uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (istisnalar olmaqla) TƏBİB-in tabeliyinə verilmişdir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilib. Qərar 2020-ci ilin yanvarın 1-dən qüvvədədir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon məhkəməsi aidiyyət qaydalarını pozaraq tərəflərindən təqdim edilmiş vəsatəti təmin etməmişdir. Bu səbəbdən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 saylı, 03 fevral 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 149.2. və 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər açıq-aşkar əsassız olmasa da hazırkı vəziyyətdə təmin edilməsi məqsədə uyğun sayılmır. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməmişdən əvvəl MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilib-edilməməsini yoxlamağa borclu idi. Belə ki, iddia ərizəsinin giriş hissəsində iki cavabdeh, nəticə hissəsində isə hər iki cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzinin tutularaq ödənilməsi göstərilsə də, ərizənin təsviri və əsaslandırıcı hissəsində cavabdeh kimi göstərilən Səhiyyə Nazirliyinə qarşı yönələn tələbin nədən ibarət olduğu görünmür. Əlbətdə ki, iddiaçının bir neçə cavabdehə qarşı tələb irəli sürülməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olsa da, hər bir cavabdehə qarşı da yönələn tələb dəqiq və konkret göstərilməlidir. Başqa sözlə, iddianın məzmunundan iddiaya cavab verməli olan hər bir cavabdeh kimi göstərilən şəxsin cavabdehliyinin nədən ibarət olması açıq-aşkar və bəlli olmalıdır. Əks halda, hazırkı işdə olduğu kimi proses iştirakçılarının prosessual hüquqlarından sui-istifadə edilməsinə əsas və zəmin yaranar, nəticədə ərazi aidiyyəti ilə bağlı qaydalar süni surətdə dəyişdirilə bilər ki, bu da yolverilməz sayılır. Ona görə də, məhkəmə tərkibi mahiyyət və məzmun etibarı ilə şikayətin bütün dəlilləri ilə razılaşsa da, prosessual qənaət prinsipini rəhbər tuturaq, yəni artıq 4 aydan artıq bir müddətdə icraata götürülərək baxılmağa başlanılmış mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsini məğbul hesab etmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2227/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2227/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver